Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Rusiya Federasiyasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş - 3 oktyabr 2001-ci ildə Moskva şəhərində imzalanmışdır

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Rusiya Federasiyasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında
S A Z İ Ş

 

Bundan sonra "Tərəflər" adlandırılan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Rusiya Federasiyasının Ədliyyə Nazirliyi

Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında hüquqi əməkdaşlığın dərinləşdirilməsinə və genişləndirilməsinə səy göstərərək,

hər iki dövlətin ədliyyə sahəsində əlaqələrinin inkişafı və möhkəmləndirilməsində marağını qeyd edərək,
aşağıdakılar barədə razılığa gəlmişlər:

Maddə 1

Tərəflər özlərinin konkret imkanlarını nəzərə alaraq ədliyyə və hüquq sahəsində əməkdaşlığı aşağıdakı şəkildə genişləndirəcəklər:

1) hər iki dövlətin ədliyyə idarələri arasında tərəfdaşlıq əlaqələrinin yaradılması;

2) qanun layihələrinin işlənilib hazırlanmasında və onlara rəy verilməsində qarşılıqlı yardım;

3) iki dövlətin ədliyyə idarələrinin təşkili və fəaliyyəti ilə tanışlıq üçün Tərəflərin nümayəndə heyətlərinin mübadiləsi;

4) ədliyyə işçiləri və mütəxəssislərin peşəkarlıq səviyyəsinin və hazırlığının daha da yüksəldilməsi üçün qarşılıqlı əsasda seminar, mühazirə, təcrübi məşğələ və digər bu kimi tədbirlərin təşkili və həyata keçirilməsi;

5) Tərəflərin təhsil müəssisələrinə beynəlxalq hüquq kurslarının təşkili və fəaliyyətində, hər iki dövlətin mühazirəçi və professorlarının iştirakı ilə tədris proqramlarının hazırlanması və yerinə yetirilməsində qarşılıqlı yardım;

6) ədliyyə idarələrinin və onlarla bağlı sahələrin informatizasiyalaşdırılması üzrə təcrübə mübadiləsi;

7) mütəmadi olaraq cari qanunvericilik, hüquq ədəbiyyatı və hüquq məsələlərinə dair nəşrlərin, həmçinin hüquq sahəsinə aid məlumatların mübadiləsi.

Maddə 2

Tərəflər həmçinin ədliyyə sahəsində əməkdaşlığın inkişafına köməklik edən digər sazişlər də bağlaya bilərlər.

Maddə 3

Tərəflər əməkdaşlığın həcmini, tədbirlərin həyata keçiriləsinin maliyyə və təşkilati məsələlərini hər il müəyyənləşdirəcəklər.

Maddə 4

Bu Saziş çərçivəsində həyata keçirilən tədbirlərin maliyyələşdirilməsində Tərəflər onların təşkili və Tərəflərin nümayəndə heyətlərinin qəbul edən ölkənin ərazisində qalma xərclərini qəbul edən Tərəfin, hər iki başa nəqliyyat xərclərini isə göndərən Tərəfin ödəməsi prinsipinə əsaslanacaqlar.

Maddə 5

Bu Saziş üç il müddətinə bağlanılır. Bu müddət başa çatdıqda, əgər Tərəflərdən biri başqa qərar qəbul etməzsə, Saziş avtomatik olaraq növbəti üç il müddətinə uzadılır.

Hər bir Tərəf digər Tərəfə yazılı bildiriş göndərmək yolu ilə Sazişi denonsasiya edə bilər. Saziş belə bildirişin alındığı gündən üç ay keçdikdən sonra öz qüvvəsini itirir.

Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların Tərəflərlə yerinə yetirilməsi barədə sonuncu yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir.

Moskva şəhərində, 2001-ci ilin 3 oktyabr tarixində iki nüsxədə, hər biri azərbaycan və rus dillərində imzalanmışdır, hər iki mətn eyni qüvvəyə malikdir.

Bu Sazişin müddəalarının təvsirində fikir ayrılığı yarandığı halda rus mətni üstünlük təşkil edəcək.


AZƏRBAYCAN RESPUBLİKASININ
ƏDLİYYƏ NAZİRLİYİ
ADINDAN

RUSİYA FEDERASİYASININ
ƏDLİYYƏ NAZİRLİYİ
ADINDAN

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez