Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Ukrayna Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş - 15 iyul 2002-ci ildə Bakı şəhərində imzalanmışdır

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Ukrayna Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında
S A Z İ Ş

 

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Ukrayna Ədliyyə Nazirliyi, bundan sonra - Tərəflər,

Azərbaycan Respublikası və Ukrayna arasında hüquqi əməkdaşlığın dərinləşdirilməsinə və genişləndirilməsinə səy göstərərək,

hər iki Tərəfin ədliyyə sahəsində əlaqələrin inkişafı və möhkəmləndirilməsində marağını nəzərə alaraq,

iki Tərəf arasındakı tərəfdaşlıq əlaqələrini gücləndirməyə və dərinləşdirməyə səy göstərərək, iki dövlət arasında elmi, texniki və mədəni əməkdaşlığın müsbət təcrübəsini, həmçinin onlar arasında baş verən inteqrasiya proseslərini nəzərə alaraq,

Azərbaycan və Ukrayna hüquqşünasları arasında qarşılıqlı anlaşma və dostluq əlaqələrinin gələcəkdə möhkəmləndirilməsi məqsədi ilə,

aşağıdakılar barədə razılığa gəlmişlər:

Maddə 1

Tərəflər özlərinin konkret imkanlarını nəzərə alaraq ədliyyə və hüquq sahəsində əməkdaşlığı aşağıdakı şəkildə genişləndirəcəklər:

  1. hər iki dövlətin ədliyyə idarələri arasında tərəfdaşlıq əlaqələrinin yaradılması;
  2. qanun layihələrinin işlənilib hazırlanmasında və onların qiymətləndirilməsində qarşılıqlı yardım;
  3. iki dövlətin ədliyyə idarələrinin təşkili və fəaliyyəti ilə tanışlıq üçün Tərəflərin nümayəndə heyətlərinin mübadiləsi;
  4. qarşılıqlı əsasda ədliyyə işçiləri və mütəxəssislərin peşəkarlıq səviyyəsinin və hazırlığının gələcəkdə daha da yüksəldilməsi üzrə seminar, mühazirə, təcrübi məşğələ və digər bu kimi tədbirlərin təşkili və həyata keçirilməsi;
  5. ədliyyə idarələrinin və onlarla bağlı sahələrin informatizasiyalaşdırılması üzrə təcrübə mübadiləsi;
  6. mütəmadi olaraq cari qanunvericilik, hüquq ədəbiyyatı və hüquq məsələlərinə dair nəşrlərin, həmçinin hüquq sahəsinə aid məlumatların mübadiləsi.
Maddə 2

Tərəflər həmçinin, ədliyyə sahəsində əməkdaşlığın inkişafına köməklik edən digər sazişlər də bağlaya bilərlər.

Maddə 3

Tərəflər əməkdaşlığın həcmini, tədbirlərin həyata keçirilməsinin maliyyə və təşkilati məsələlərini hər il müəyyənləşdirəcəklər.

Maddə 4

Əməkdaşlıq həyata keçirilərkən rus və ingilis dillərindən istifadə ediləcək.

Maddə 5

Tərəflər, bu Saziş çərçivəsində həyata keçirilən tədbirlərin maliyyələşdirilməsində, onların təşkili və nümayəndə heyətlərinin dövlət ərazisində qalma xərclərini qəbul edən Tərəfin, hər iki başa nəqliyyat xərclərini isə göndərən Tərəfin ödəməsi prinsipinə əsaslanacaqlar.

Maddə 6

Bu Saziş, onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurları Tərəflərin yerinə yetirməsi barədə sonuncu yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir.

Bu Saziş üç il müddətinə bağlanılır və əgər Tərəflərdən biri başqa qərar qəbul etməzsə, onun qüvvəsi avtomatik olaraq növbəti üç illik dövrlərə uzadılır.

Hər bir Tərəf digər Tərəfə diplomatik kanallarla yazılı bildiriş göndərmək yolu ilə Sazişi denonsasiya edə bilər. Saziş sonuncu Tərəf belə bildirişi aldığı gündən üç ay keçdikdən sonra öz qüvvəsini itirir.

Bakı şəhərində, "   " iyul 2002-ci il tarixdə iki nüsxədə, hər biri azərbaycan, ukrayna və rus dillərində imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir.

Bu Sazişin müddəalarının təfsirində fikir ayrılığı yarandığı halda Tərəflər rus dilində olan mətnə müraciət edəcəklər.


Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi adından

Ukrayna
Ədliyyə Nazirliyi adından

iacca
iap
business ready
eplc
Ən Tez