Azərbaycan və Fransanın ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair Saziş - 22 yanvar 2004-cü il tarixdə Paris şəhərində imzalanmışdır

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və

Fransa Respublikasının Ədliyyə Nazirliyi

arasında əməkdaşlıq haqqında

S A Z İ Ş

 

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Fransa Respublikasının Ədliyyə Nazirliyi, bundan sonra - tərəflər,

Azərbaycan Respublikası və Fransa Respublikası arasında dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında 20 dekabr 1993-cü il tarixli Müqaviləni rəhbər tutaraq,

iki ölkə arasında təşəkkül tapmış iqtisadi, mədəni və hüquqi əməkdaşlığın dərinləşdirilməsinə və genişləndirilməsinə səy göstərərək,

hər iki dövlətin ədliyyə sahəsində əlaqələrin inkişafı və möhkəmləndirilməsində marağını nəzərə alaraq,

Tərəflərin əməkdaşlığının vacibliyini dərk edərək Azərbaycan və Fransa hüquqşünasları arasında qarşılıqlı anlaşma və dostluq əlaqələrinin möhkəmləndirilməsi məqsədilə,

Aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1

Tərəflər özlərinin konkret imkanlarını nəzərə alaraq ədliyyə və hüquq səhəsində əməkdaşlığı aşağıdakı şəkildə genişləndirəcəklər:

  1. Hər iki dövlətin ədliyyə idarələri arasında əlaqələrin möhkəmləndirilməsi;
  2. Qanun layihələrinin işlənilib hazırlanmasında və onların qiy2mətləndirilməsində qarşılıqlı yardım;
  3. Məhkəmələrin və ədliyyə idarələrinin təşkili və fəaliyyəti ilə tanışlıq üçün Tərəflərin nümayəndə heyətlərinin mübadiləsi;
  4. Hakim, ədliyyə işçiləri və digər hüquqşünasların ixtisasının artırılıması işində köməklik göstərilməsi;
  5. Ədliyyə fəaliyyətinin müxtəlif istiqamətləri üzrə mütəxəssislərin qarşılıqlı mübadiləsi;
  6. Hüquq elminin və təcrübəsinin müxtəlif məsələləri üzrə seminarların, təcrübi məşğələlərin və digər bu kimi tədbirlərin təşkili və həyata keçirilməsi;
  7. Tərəflərin təhsil və ekspertiza müəssisələri arasında əməkdaşlığı;
  8. Qanunvericilik aktlarının, hüquq ədəbiyyatı və hüquq məsələlərinə dair nəşrlərin, həmçinin hüquq sahəsinə aid məlumatların mübadiləsi.
Maddə 2

Tərəflər həmçinin, ədliyyə sahəsində əməkdaşlığın inkişafına köməklik edən digər Sazişlər də bağlaya bilərlər.

Tərəflər əməkdaşlıqla bağlı hər hansı digər məsələlərə baxmağa və mümkün olduqda, həll etməyə səy göstərəcəklər.

Maddə 3

Tərəflər maliyyə imkanlarından çıxış edərək bu Saziş üzrə konkret əməkdaşlıq tədbirlərini işçi qaydada razılaşdıracaqlar.

Maddə 4

Tərəflər, bu Saziş çərçivəsində həyata keçirilən tədbirlərin maliyyələşdirilməsi zamanı, onların təşkili və nümayəndə heyətlərinin dövlət ərazisində qalma xərclərinin qəbul edən Tərəfin, gediş-gəliş nəqliyyat xərclərinin isə göndərən Tərəfin ödəməsi prinsipinə əsaslanacaqlar.

Maddə 5

Əməkdaşlıq həyata keçirilərkən Azərbaycan və fransız dillərindən istifadə ediləcəkdir.

Maddə 6

Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə onun 7-ci maddəsində nəzərdə tutulmuş qaydada qüvvəyə minən əlavə və dəyişikliklər edilə bilər.

Hazırki Sazişin fəaliyyət dairəsinə aid olan məsələlər üzrə Tərəflər arasındakı mübahisələr və fikir ayrılıqları danışıqlar və məsləhətləşmələr yolu ilə həll ediləcəkdir.

Maddə 7

Hazırki Saziş onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların Tərəflərin yerinə yetirməsi barədə sonuncu yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir.

Bu Saziş üç il müddətinə bağlanılır və əgər tərəflərdən biri onun qüvvəsinin başa çatmasına üç ay qalmış Sazişin ləğv edilməsi barədə yazılı bildiriş göndərməzsə onun qüvvəsi növbəti üç illik dövrlərə uzadılır.

Paris şəhərində 22 yanvar 2004-cü ildə iki nüsxədə, hər biri Azərbaycan və fransız dillərində imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir.

iacca
iap
business ready
eplc
Ən Tez