Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və İran İslam Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum - 16 iyun 2004-cü il tarixdə Bakı şəhərində imzalanmışdır

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və
İran İslam Respublikasının Ədliyyə Nazirliyi
arasında əməkdaşlıq haqqında
MEMORANDUM

 

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və İran İslam Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra - Tərəflər), Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dostluq və tərəfdaşlıq əlaqələrinin, o cümlədən hüquqi əməkdaşlığın dərinləşdirilməsinə və genişləndirilməsinə səy göstərərək, hər iki dövlətin ədliyyə sahəsində əlaqələrin inkişafı və möhkəmləndirilməsində marağını nəzərə alaraq, ölkələrimiz arasında təşəkkül tapmış iqtisadi, hüquqi və mədəni əməkdaşlığın müsbət təcrübəsini nəzərə alaraq, Azərbaycan və İran hüquqşünasları arasında qarşılıqlı anlaşma və dostluq əlaqələrinin gələcəkdə daha da möhkəmləndirilməsi məqsədilə, aşağıdakılar barədə razılığa gəlmişlər:

Maddə 1

Tərəflər özlərinin konkret imkanlarını nəzərə alaraq ədliyyə və hüquq sahəsində əməkdaşlığı aşağıdakı şəkildə genişləndirəcəklər:

  1. hər iki dövlətin ədliyyə idarələri arasında əlaqələrin gücləndirilməsi;
  2. qanun layihələrinin işlənib hazırlanmasında və onların qiymətləndirilməsində qarşılıqlı əməkdaşlıq;
  3. iki dövlətin ədliyyə idarələrinin təşkili və fəaliyyəti ilə tanışlıq üçün Tərəflərin nümayəndə heyətlərinin mübadiləsi;
  4. hüquq elminin və təcrübənin müxtəlif məsələləri, ədliyyə işçiləri və mütəxəssislərin peşəkarlıq səviyyəsinin və hazırlığının gələcəkdə daha da yüksəldilməsi üzrə ikitərəfli konfransların və seminarların, təcrübi məşğələlərin və digər bu kimi tədbirlərin təşkili və həyata keçirilməsi;
  5. ədliyyə idarələrinin və onlarla bağlı sahələrin informatizasiyalaşdırılması üzrə təcrübə mübadiləsi;
  6. mütəmadi olaraq cari qanunvericilik, hüquq ədəbiyyatı və hüquq məsələlərinə dair nəşrlərin, həmçinin hüquq sahəsinə aid məlumatların mübadiləsi.
Maddə 2

Tərəflər həmçinin məhkəmə və hüquq sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə razılıqlarını bildirdilər.

Maddə 3

Tərəflər əməkdaşlığın həcmini, tədbirlərin həyata keçirilməsinin maliyyə və təşkilati məsələlərini işçi qaydasında müəyyənləşdirəcəklər.

Maddə 4

Tərəflərin qarşılıqlı yazılı razılığı ilə bu Memoranduma əlavə və dəyişikliklər edilə bilər. Bu Memorandumun fəaliyyət dairəsinə aid olan məsələlər üzrə Tərəflər arasında mübahisələr və fikir ayrılıqları ikitərəfli danışıqlar və məsləhətləşmələr yolu ilə həll ediləcəkdir.

Maddə 5

Əməkdaşlıq həyata keçirilərkən Azərbaycan, fars və ingilis dillərindən istifadə ediləcəkdir.

Maddə 6

Tərəflər bu Memorandumda qeyd olunan məsələlərin icrası və araşdırılması üçün mövcud imkanlar daxilində ekspertlərin mübadiləsini həyata keçirəcəklər.

Maddə 7

Bu Memorandum, onun qanuni qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurları Tərəflərin yerinə yetirilməsi barədə diplomatik kanallar vasitəsilə yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir.

Bu Memorandum üç il müddətinə bağlanılır və əgər Tərəflərdən biri onun qüvvəsinin başa çatmasına ən azı üç ay qalmış Memorandumun ləğv edilməsi barədə yazılı bildiriş göndərməzsə, onun qüvvəsi növbəti üç illik dövrlərə uzadılır.

Bakı şəhərində 16 iyun 2004-cü il tarixdə (27/03/1383-cü il) iki nüsxədə, hər biri Azərbaycan, fars və ingilis dillərində imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir.

Bu Memorandumun müddəalarının təfsirində fikir ayrılığı yarandığı halda Tərəflər ingilis dilində olan mətnə müraciət edəcəklər.


Azərbaycan Respublikasının
Ədliyyə naziri
Fikrət MƏMMƏDOV

İran İslam Respublikasının
Ədliyyə naziri
Məhəmməd İsmayıl ŞÜŞTƏRİ

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez