Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Rumıniyanın Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş - 11 oktyabr 2004-cü il tarixdə Buxarest şəhərində imzalanmışdır

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və
Rumıniyanın Ədliyyə Nazirliyi
arasında əməkdaşlıq haqqında
S A Z İ Ş

 

Bundan sonra "Razılığa Gələn Tərəflər" adlandırılan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Rumıniyanın Ədliyyə Nazirliyi,İki dövlət arasında münasibətlərin möhkəmləndirilməsini arzu edərək, Ədliyyənin cəmiyyətdə əhəmiyyətli rolunu dərk edərək,Hüquqi sahədə təcrübə və bilik mübadiləsinin hər iki dövlətin maraqlarına xidmət etdiyini nəzərə alaraq, Beynəlxalq öhdəliklərə, milli qanunvericiliklərə və hər iki Razılığa Gələn Tərəfin səlahiyyətlərinə hörmət edərək,aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1

Razılığa Gələn Tərəflər aşağıdakı sahələrdə qarşılıqlı fəaliyyəti həyata keçirəcəklər:

  1. hüquqi sahədə məlumat mübadiləsi;
  2. Razılığa Gələn Tərəflərin fəaliyyəti və təşkili barədə təcrübə mübadiləsi;
  3. hakimlərin, prokurorların və məhkəmə orqanlarının yardımçı heyətinin tədrisinə qarşılıqlı dəstək;
  4. qanunvericiliyin, habelə onların səlahiyyətləri üzrə fəaliyyətinə və strukturuna dair digər sənədlərin mübadiləsi;
  5. qanun layihələrinin beynəlxalq standartlara uyğun işlənib hazırlanması üzrə təcrübə mübadiləsi;
  6. Razılığa Gələn Tərəflərin məqsəd və müstəsna səlahiyyətlərinə aid olan digər sahələr üzrə təcrübə mübadiləsi.
Maddə 2

Razılığa Gələn Tərəflər bu Sazişdə nəzərdə tutulan niyyətlərə nail olunması məqsədilə illik xüsusi əməkdaşlıq proqramlarını müzakirə edəcəklər.

Maddə 3

Razılığa Gələn Tərəflər əməkdaşlıqla bağlı məsələlərin həlli, əməkdaşlıq proqramlarının işlənib hazırlanması və həyata keçirilmiş proqramlara yekun vurulması məqsədilə ekspert qrupları yaradacaqlar.

Maddə 4

Razılığa Gələn Tərəflər ümumi maraq kəsb edən məsələlər üzrə məsləhətləşmələr, seminarlar və elmi konfransların təşkilinə qarşılıqlı yardım göstərəcəklər.

Maddə 5

Razılığa Gələn Tərəflər ümumi maraq kəsb edən məsələlərin tədqiqi məqsədilə ekspertlər və nümayəndə heyətlərinin mübadiləsinə qarşılıqlı yardım göstərəcəklər.

Maddə 6

Razılığa Gələn Tərəflər əməkdaşlıq həyata keçirərkən nəzərdə tutduqları dildən istifadə edəcəklər.

Maddə 7

Razılığa Gələn Tərəflər Sazişdən irəli gələn xərclərin ödənilməsi üzrə razılıq əldə edəcəklər.

Nümayəndə heyətlərinin səfərləri olduğu halda xərclər aşağıdakı qaydada ödəniləcəkdir:

Qəbul Edən Razılığa Gələn Tərəf onun ölkəsinin ərazisində qalma və nəqliyyat xərclərini ödəyəcəkdir. Göndərən Razılığa Gələn Tərəf yol xərclərini ödəyəcəkdir.

Maddə 8

Bu Saziş qeyri-müəyyən müddətdə qüvvədə qalır. Hər bir Tərəf digər Tərəfə yazılı bildiriş göndərməklə bu Sazişi ləğv edə bilər. Saziş digər Tərəfin belə bildirişi aldığı tarixdən üç ay sonra öz qüvvəsini itirir.

Bu Saziş, onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin bir-birini məlumatlandıran sonuncu yazılı bildirişinin alındığı tarixdən 30 gün sonra qüvvəyə minir.

Buxarest şəhərində, 11 oktyabr 2004-cü il tarixdə iki əsl nüsxədə, hər biri Azərbaycan, Rumın və İngilis dillərində imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir.


Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi adından

Rumıniyanın
Ədliyyə Nazirliyi adından

iacca
iap
business ready
eplc
Ən Tez