Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Bolqarıstan Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş - 15 may 2007-ci il tarixdə Bakı şəhərində imzalanmışdır

AZƏRBAYCAN RESPUBLİKASININ ƏDLİYYƏ NAZİRLİYİ VƏ BOLQARISTAN RESPUBLİKASININ ƏDLİYYƏ NAZİRLİYİ ARASINDA ƏMƏKDAŞLIQ HAQQINDA
SAZİŞ

 

Bundan sonra «Tərəflər» adlandırılan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Bolqarıstan Respublikasının Ədliyyə Nazirliyi, İki dövlət arasında dost və mehriban münasibətləri nəzərə alaraq, Hər iki dövlət arasında ədliyyə sahəsində əməkdaşlığı genişləndirmək arzusunu ifadə edərək, Hüquq sahəsində təcrübə və bilik mübadiləsinin hər iki dövlətin maraqlarına xidmət etdiyindən əmin olaraq, Beynəlxalq öhdəlikləri, hər iki dövlətin milli qanunvericiliyini və hər iki Tərəfin səlahiyyətlərini nəzərə alaraq, aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1

Tərəflər aşağıdakı sahələrdə əməkdaşlıq həyata keçirəcəklər:

a) hüquq sahəsində məlumat mübadiləsi;

b) ədliyyə və məhkəmə orqanlarının təşkili və fəaliyyəti barədə təcrübənin öyrənilməsi;

c) hakimlərin, prokurorların və ədliyyə işçilərinin tədrisi üzrə qarşılıqlı dəstək;

ç) qanunvericiliyin və səlahiyyətləri çərçivəsində fəaliyyəti və strukturuna aid olan digər sənədlərin mübadiləsi;

d) beynəlxalq standartlara uyğun qanun layihələrinin işlənib hazırlanması üzrə təcrübənin öyrənilməsi;

e) Tərəflərin qarşılıqlı razılığı əsasında, daxili qanunvericiliklərinə uyğun olaraq və səlahiyyətlərinə aid olan digər sahələr üzrə.

Maddə 2

Tərəflərin əməkdaşlığı üzrə konkret tədbirlərin siyahısı, həmçinin bu tədbirlərin həyata keçirilməsinin şərtləri əvvəlcədən Tərəflərin qarşılıqlı razılaşması əsasında, o cümlədən əməkdaşlıq proqramlarının qəbul olunması yolu ilə müəyyən ediləcəkdir.

Maddə 3

Tərəflər qarşılıqlı maraq kəsb edən məsələlər üzrə məsləhətləşmələr, seminarlar və elmi konfranslar təşkil edəcək, həmçinin ekspertlər və nümayəndə heyətlərinin mübadiləsini həyata keçirəcəklər.

Maddə 4

Bu Saziş çərçivəsində həyata keçiriləcək tədbirlərlə bağlı qəbul edən Tərəf tədbirin təşkili və ölkə daxilində qalma xərclərini, göndərən Tərəf isə beynəlxalq nəqliyyat xərclərinin ödənilməsini təmin edəcəkdir.

Maddə 5

Bu Saziş əməkdaşlığın digər məqbul istiqamət və formalarının müəyyən edilməsində və inkişafında Tərəflərə maneələr törətmir.

Maddə 6

Bu Sazişin fəaliyyət dairəsinə aid olan məsələlər üzrə Tərəflər arasında yarana biləcək mübahisələr danışıqlar və məsləhətləşmələr yolu ilə həll ediləcəkdir.

Maddə 7

Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə onun ayrılmaz hissəsi olan Protokollarla rəsmiləşdirilən və 8-ci maddəsinə uyğun olaraq qüvvəyə minən müvafiq əlavə və dəyişikliklər edilə bilər.

Maddə 8

Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır və hər bir dövlətin müvafiq dövlətdaxili prosedurlarının yerinə yetirilməsi barədə sonuncu yazılı bildirişinin alındığı tarixdən qüvvəyə minir.

Hər bir Tərəf digər Tərəfə yazılı bildiriş göndərmək yolu ilə Sazişi ləğv edə bilər. Belə bildirişin alındığı tarixdən altı ay keçdikdən sonra Saziş öz qüvvəsini itirir.

Bakı şəhərində, 15 may 2007-ci il tarixdə, iki nüsxədə, hər biri Azərbaycan, bolqar və ingilis dillərində imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir. Bu Sazişin müddəalarının təfsirində fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilində olan mətn əsas götürüləcəkdir.


Azərbaycan Respublikası
Ədliyyə Nazirliyi adından

Nazir
Fikrət Məmmədov

Bolqarıstan Respublikasının
Ədliyyə Naziri

prof. Georgi Petkanov

iacca
iap
business ready
eplc
Ən Tez