Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Qətər Dövlətinin Ədliyyə Nazirliyi arasında hüquq sahəsində əməkdaşlıq haqqında Saziş - 08 mart 2016-cı il tarixində Bakı şəhərində imzalanmışdır

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il
28 aprel tarixli, 883 nömrəli Fərmanı ilə təsdiq edilmişdir

 

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Qətər Dövlətinin Ədliyyə Nazirliyi arasında hüquq sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Qətər Dövlətinin Ədliyyə Nazirliyi arasında hüquq sahəsində əməkdaşlıq haqqında 2016-cı il martın 8-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qətər Dövləti Hökumətinə bildiriş göndərsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 aprel 2016-cı il
                  № 883

 

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Qətər Dövlətinin Ədliyyə Nazirliyi arasında hüquq sahəsində əməkdaşlıq haqqında

SAZİŞ

Bundan sonra "Tərəflər" adlandırılacaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Qətər Dövlətinin Ədliyyə Nazirliyi,

müxtəlif sahələrdə iki ölkə arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi zərurətinə inanaraq,

hüquqi sahə əhatə olunmaqla əməkdaşlıq məsələlərinin genişləndirilməsinin əhəmiyyətini dərk edərək,

iki ölkənin hüquqşünasları arasında əlaqələrin və qarşılıqlı anlaşmanın gücləndirilməsini arzu edərək, 

hüquqi işlər üzrə təcrübə, məlumat və bilgilərin mübadiləsinin, elmi və təlim görüşlərinin təşkili məqsədi ilə,

aşağıdakılar barədə razılığa gəldilər:

MADDƏ 1

Tərəflər fəaliyyət səviyyələrinin inkişaf etdirilməsi məqsədi ilə öz işlərində təcrübə və bilgilərin mübadiləsini həyata keçirir. Tərəflər, həmçinin iki ölkənin qanunvericiliklərini mübadilə edirlər.

MADDƏ 2

Tərəflər hüquq və onun tətbiqi ilə bağlı müxtəlif məsələ və mövzular üzrə simpozium, konfrans və birgə kursların təşkilini təşviq edir və hər bir Tərəf təşkil edəcəkləri simpozium və elmi konfranslara dəvətlərin mübadiləsini aparırlar. Həmçinin, hər bir Tərəf belə konfrans və simpoziumlarda əldə edilmiş ən mühüm nəticələr və tövsiyələrlə digər Tərəfi təmin edir.

MADDƏ 3

Tərəflər müntəzəm olaraq iki ölkənin qanunvericilikləri ilə əlaqədar olan, xüsusilə iki ölkənin Ədliyyə nazirliklərinin idarələrinin inkişaf etdirilməsi ilə bağlı bülleten, hüquqi jurnal, nəşr və tədqiqatların mübadiləsini aparırlar.

MADDƏ 4

Tərəflər iki ölkənin Ədliyyə nazirlikləri idarələrinin əsasnamələri və fəaliyyəti ilə yaxından tanış olmaq məqsədi ilə qarşılıqlı səfərlər və nümayəndə heyətlərinin mübadiləsini həyata keçirirlər.

MADDƏ 5

Tərəflər ekspertlərin qarşılıqlı mübadiləsi, habelə bir Tərəfin təşkil etdiyi seminar və kurslarda digər Tərəfin təlim keçənlərinin iştirakı vasitəsi ilə hüquqşünaslarının təlimi üçün şərait və imkanların yaradılması üzrə əməkdaşlıq edirlər.

MADDƏ 6

Tərəflər milli informasiya sistemləri sahəsində biliklərin və ekspertlərin mübadiləsini aparırlar.

MADDƏ 7

Zərurət olduqda, hazırkı Sazişin müddəalarının həyata keçirilməsi və tətbiq edilməsi məqsədi ilə mövcud maliyyə imkanlarını nəzərə alaraq, Tərəflərdən biri iki ölkənin hər hansı birində görüş keçirmək barədə sorğu edə bilər.

MADDƏ 8

Tərəflər arasında qarşılıqlı əməkdaşlığın mərhələlərinin maliyyələşdirilməsini təşkil etmək məqsədilə göndərən Tərəf qəbul edən ölkəyə öz nümayəndələrinin gediş-gəliş üzrə nəqliyyat xərclərini, qəbul edən Tərəf isə yerləşdirilmə, yerli nəqliyyat və təcili hallarda hər iki Tərəfin əməl etdiyi standartlara uyğun olaraq digər Tərəfin nümayəndə heyətlərinin müalicə xərclərini öz üzərinə götürür.

MADDƏ 9

Bu Sazişin müddəaları Tərəflərdən birinin tərəfdar olduğu beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin həyata keçirilməsinə maneə törətmir.

MADDƏ 10

Bu Sazişin tətbiqi və ya təfsiri üzrə Tərəflər arasında yarana biləcək hər hansı mübahisələr ikitərəfli danışıqlar və məsləhətləşmələr yolu ilə dostcasına həll edilir.

MADDƏ 11

Bu Sazişə və ya onun hər hansı müddəasına Tərəflərin yazılı razılığı ilə dəyişikliklər edilə bilər. Belə dəyişiklik hazırkı Sazişin 12-ci maddəsində göstərilən prosedura uyğun olaraq qüvvəyə minir.

MADDƏ 12

Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri olan hüquqi prosedurların tamamlanması barədə son bildirişin alındığı tarixdən qüvvəyə minir, 3 (üç) il müddətinə qüvvədə qalır və Tərəflərdən birinin onun qüvvəsinin başa çatmasına ən azı 6 (altı) ay qalmış digər Tərəfə onu ləğv etmək niyyəti barədə diplomatik kanallar vasitəsilə yazılı bildiriş təqdim etmədiyi halda avtomatik olaraq eyni müddətlərə uzadılır.

Bunun təsdiqi olaraq, müvafiq hökumətlər tərəfindən salahiyyətləndirilmiş aşağıda imza atan şəxslər hazırkı Sazişi imzaladılar.

Bakı şəhərində 08 mart 2016-cı il tarixində iki əsl nüsxədə, hər biri Azərbaycan, ərəb və ingilis dillərində imzalanmışdır. Bütün mətnlər bərabər autentikdir. Təfsirdə hər hansı fikir ayrılığı yarandığı təqdirdə ingilis dilində olan mətndən istifadə ediləcəkdir.

 

Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
adından
Qətər Dövlətinin
Ədliyyə Nazirliyi
adından

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez