Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Vyetnam Sosialist Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş - 08 mart 2016-cı il tarixində Hanoy şəhərində imzalanmışdır

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il
28 aprel tarixli, 880 nömrəli Fərmanı ilə təsdiq edilmişdir

 

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə

 AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında 2016-cı il martın 8-də Hanoy şəhərində imzalanmış Saziş təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Vyetnam Sosialist Respublikası Hökumətinə bildiriş göndərsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 aprel 2016-cı il
                 № 880

 

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Vyetnam Sosialist Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında

SAZİŞ

Bundan sonra "Tərəflər" adlandırılacaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Vyetnam Sosialist Respublikasının Ədliyyə Nazirliyi,

Azərbaycan Respublikası və Vyetnam Sosialist Respublikası arasında mövcud olan əməkdaşlığa və diplomatik əlaqələrə əsaslanaraq,

hüquqi sahədə əməkdaşlığın hər iki dövlətin maraqlarını qeyd etməklə bərqərar və inkişaf etdirmək niyyəti ilə,

Azərbaycanın və Vyetnamın beynəlxalq öhdəliklərinə, milli qanunvericiliklərinə və hər iki Tərəfin səlahiyyətlərinə  əsaslanaraq,

aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1

Əməkdaşlıq sahələri

Tərəflər əməkdaşlığı həyata keçirərkən aşağıdakı istiqamətlərə üstünlük verirlər:

1. ədliyyə və məhkəmə orqanlarının təşkili və fəaliyyəti;

2. ədliyyə sisteminin inkişafına dəstək verən peşələrin fəaliyyətinin təşkili;

3. ədliyyə qulluqçularının təlimi, peşəkar bilik və təcrübəsinin dərinləşdirilməsi;

4. hüquqi tədqiqat və tədris;

5. qarşılıqlı maraq kəsb edən digər sahələr.

Maddə 2

Əməkdaşlıq formaları

Hər iki Tərəf aşağıdakı formalar üzrə əməkdaşlıq edir:

1. bu Sazişin 1-ci maddəsində qeyd olunan sahələrdə əməkdaşlıq üzrə məlumat və təcrübə mübadiləsi;

2. hər iki Tərəfin sorğusu əsasında, mövcud vəziyyətdən asılı olaraq, qarşılıqlı maraq kəsb edən məsələlərə dair təcrübə mübadiləsi aparmaq məqsədilə ekspertlərin işçi görüşlərinin və nümayəndə heyətlərinin səfərlərinin təşkili;

3. qarşılıqlı maraq kəsb edən hüquq məsələləri üzrə konfrans, simpozium, seminar və digər tədbirlərin təşkili və orada iştirak edilməsi;

4. hər iki Tərəfin qarşılıqlı razılığı ilə digər əməkdaşlıq formaları.

Maddə 3

Dil

Hər iki Tərəf bu Sazişi həyata keçirərkən işçi dil kimi ingilis dilindən istifadə edir.

Maddə 4

Xərclər

1. Tərəflər başqa cür razılaşdırılmadığı təqdirdə qarşılıqlıq əsasında və onların milli qanunvericiliyinə uyğun olaraq, bu Saziş çərçivəsində həyata keçirilən tədbirlərlə bağlı yaranan xərcləri aşağıdakı şəkildə ödəyirlər:

- qəbul edən Tərəf öz dövlətinin ərazisində yerləşdirmə və nəqliyyat xərclərini ödəyir;

- göndərən Tərəf beynəlxalq nəqliyyat xərclərini ödəyir.

Maddə 5

Əlaqə qurumları

Tərəflər Sazişi həyata keçirərkən, birbaşa əlaqə üçün aşağıdakı tabe qurumları təyin edir:

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi: Beynəlxalq əməkdaşlıq idarəsi və Vyetnam Sosialist Respublikasının Ədliyyə Nazirliyi: Beynəlxalq əməkdaşlıq idarəsi.

Maddə 6

Sazişin əhatə dairəsi

Bu Sazişin müddəaları Tərəflərin iştirakçı olduqları digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə təsir etmir.

Maddə 7

Fikir ayrılığı

Bu Sazişin təfsiri və tətbiqi ilə bağlı fikir ayrılıqları olduğu təqdirdə, hər iki Tərəf həmin fikir ayrılıqlarını məsləhətləşmələr və ya ikitərəfli danışıqlar yolu ilə həll edir.

Maddə 8

Dəyişikliklər və əlavələr

Hər iki Tərəfin qarşılıqlı yazılı razılığı ilə bu Sazişə onun ayrılmaz tərkib hissəsi olan dəyişikliklər və əlavələr edilə bilər.

Maddə 9

Qüvvəyəminmə, müddət və ləğvetmə

Bu Saziş Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri olan müvafiq dövlətdaxili prosedurlarının yerinə yetirilməsini təsdiqləyən sonuncu yazılı bildirişin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.

Bu Saziş üç il müddətinə qüvvədə qalır və Tərəflərdən biri ən az altı ay əvvəlcədən bu Sazişi ləğv etmək niyyəti barədə diplomatik kanallar vasitəsilə yazılı şəkildə digər Tərəfə bildirməzsə, avtomatik olaraq növbəti üç illik müddətlərə uzadılır.

Hanoy şəhərində, 2016-cı il 8 mart tarixində iki nüsxədə, bütün mətnlər bərabər autentik olmaqla, hər biri Azərbaycan, Vyetnam və ingilis dillərində imzalanmışdır. Təfsir zamanı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilində olan mətndən istifadə ediləcəkdir.

 

Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
adından

Vyetnam Sosialist Respublikasının
Ədliyyə Nazirliyi
adından

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez