Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi arasında məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında Saziş - 15 mart 2016-cı il tarixində Ankara şəhərində imzalanmışdır

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il
20 aprel tarixli, 876 nömrəli Fərmanı ilə təsdiq edilmişdir

 

Bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi,

məhkəmə ekspertizası sahəsində əlaqələrin inkişaf etdirilməsinə səy göstərərək,

mövcud dostluq və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin hər iki ölkənin milli maraqlarına uyğun olduğuna razılaşaraq, məhkəmə ekspertizasından və kriminalistikanın müasir metod və üsullarından fəal istifadə etməklə, cinayətkarlığa qarşı mübarizəni gücləndirmək arzusu ilə,

hüquq və hüquq-mühafizə fəaliyyəti sahəsində gələcək münasibətləri möhkəmləndirmək məqsədilə,

aşağıdakılar barədə razılığa gəldilər:

MADDƏ 1

Bu Saziş əsasında Tərəflərin məqsədi məhkəmə ekspertizası üzrə birgə elmi tədqiqatların aparılması, məhkəmə ekspertizasının mövcud metodlarının təkmilləşdirilməsi və yenilərinin işlənilməsi, məhkəmə ekspertizası və məhkəmə ekspertizasının standartlaşdırılması üzrə təcrübə mübadiləsi, məhkəmə ekspertizası mütəxəssislərinin əlavə ixtisaslaşma tədbirlərinin təşkil edilməsidir.

MADDƏ 2

Hazırkı Saziş əsasında Tərəflərin məhkəmə ekspertizası sahəsində əməkdaşlığı bilavasitə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi ilə Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Təhlükəsizlik üzrə Baş Direktorluğunun Məhkəmə Ekspertizası İdarəsi və Jandarma Məhkəmə Ekspertizası İdarəsi arasında həyata keçirilir.

MADDƏ 3

Tərəflər milli qanunvericiliklərinə uyğun olaraq və öz səlahiyyətləri çərçivəsində aşağıda qeyd olunan sahələrdə əməkdaşlıq edirlər:

1. elmi metodika və informasiya üzrə tədbirlərin təşkili, məhkəmə ekspertizası və kriminalistika sahəsində birgə elmi - tədqiqat və təcrübi-konstruktor işlərinin aparılması və məhkəmə eksperizası ilə əlaqədar metod və materialların mübadiləsi üzrə elmi - praktiki tədbirlərin təşkili;

2. Tərəflərdən birinin sorğusu əsasında məhkəmə ekspertizası sahəsində məhkəmə ekspertizasının metodika və üsullarının tətbiq edilməsi və təkmilləşdirilməsi üzrə əməkdaşlıq edilməsi, məhkəmə ekspertizası praktikasında yeni metodların tətbiq edilməsi üzrə mütəxəssis dəstəyinin və əlaqələndirmənin təmin olunması;

3. mütəxəssislərin bilik və bacarıqlarının tətbiqi ilə bağlı vərdişlərə yiyələnməsi üçün imkan yaradılması, məhkəmə ekspertizasının yeni ixtisaslaşma sahələrinin təqdim edilməsi və mütəxəssislərin ixtisaslarının artırılması;

4. məhkəmə ekspertizası fəaliyyətində keyfiyyətin təmin olunması üçün test və tədbirlərin keçirilməsi, məhkəmə ekspertizası üzrə ekspertlərdən ibarət birgə işçi qrupların yaradılması, beynəlxaq tədbirlər ilə bağlı fəaliyyətin həyata keçirilməsi;

5. Tərəflərin hazırladığı yeni məhkəmə ekspertizası metodlarının və texniki vasitələrin test və nəzarət işləri;

6. elmi işlərdə və məhkəmə ekspertizasında bir-birinə elmi metodologiyanın, konsultasiyanın və texniki yardımın təmin edilməsi.

MADDƏ 4

Bu Saziş çərçivəsində edilən sorğunun yerinə yetirilməsindən irəli gələn xərcləri, Tərəflər başqa şəkildə razılığa gəlmədiyi təqdirdə, sorğu edilən Tərəf ödəyir.

MADDƏ 5

Tərəflər başqa şəkildə razılığa gəlmədiyi təqdirdə, görüşlər və təlimlərlə bağlı xərcləri ev sahibi olan Tərəf, nümayəndə heyətlərinin beynəlxalq səfər və qalma xərclərini isə göndərən Tərəf ödəyir.

MADDƏ 6

Hazırkı Sazişdə nəzərdə tutulan məsələlərlə bağlı yarana biləcək istənilən fikir ayrılıqları Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir.

MADDƏ 7

Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə onun ayrılmaz tərkib hissəsi olan və bu Sazişin 8-ci maddəsinə uyğun olaraq qüvvəyə minən əlavə və dəyişikliklər edilə bilər.

MADDƏ 8

1. Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin bir-birinə göndərdiyi sonuncu yazılı bildirişin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.

2. Bu Saziş 5 il müddətinə qüvvədə qalır. Tərəflərdən biri bu Sazişin müddətinin bitməsinə 6 ay qalmış onu ləğv etmək niyyəti barədə diplomatlk kanallar vasitəsilə digər Tərəfə yazılı bildiriş göndərməzsə, Saziş avtomatik olaraq bir illik müddətlərə uzadılır.

Ankara şəhərində "15" mart 2016-cı il tarixində hər biri Azərbaycan, türk və ingilis dillərində olmaqla iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentik. Təfsir zamanı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilində olan mətndən istifadə edilir.

 

AZƏRBAYCAN RESPUBLİKASININ
ƏDLİYYƏ NAZİRLİYİ
ADINDAN

TÜRKİYƏ RESPUBLİKASININ
DAXİLİ İŞLƏR NAZİRLİYİ
ADINDAN

iacca
iap
business ready
eplc
Ən Tez