Qadınlara qarşı ayrı - seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya

Baş Məclisin 34 /180 saylı 18 dekabr 1979-cu il tarixli qətnaməsi ilə qəbul edilmiş, imzalanmaq, təsdiq edilmək və qoşulmaq üçün açıqdır
QÜVVƏYƏ MİNMƏSİ: 27(1)-ci maddəyə müvafiq olaraq 3 sentyabr 1981-ci il

B u K o n v e n s i y a n ı n      i ş t i r a k ç ı    d ö v l ə t l ə r i,

Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin əsas insan hüquqlarına, insan şəxsiyyətinin ləyaqətinə və dəyərinə, kişilərdə qadınların hüquq bərabərliyinə inamını bir daha təsdiq etdiyini n ə z ə r ə    a l a r a q,

İnsan hüquqları haqqında ümumi bəyannamənin ayrı-seçkiliyik yolverilməzliyini təsdiq etdiyini, bütün insanların ləyaqət və hüquqca azad və bərabər doğulduğunu elan etdiyini və hər hansı fərq, o cümlədən cinsə görə fərq qoyulmadan onun elan etdiyi bütün hüquq və azadlıqlara malik olmalı olduğunu n ə z ə r ə    alaraq,

insan hüquqları haqqında Beynəlxalq paktların üzv-dövlətlərin üzərinə kişi və qadınların bütün iqtisadi, sosial, mədəni, mülki və siyasi hüquqlardan istifadə etməkdə hüquq bərabərliyini təmin etmək vəzifəsi qoyduğunu n ə z ə r ə    a l a r a q,

kişi və qadınların hüquq bərabərliyinə yardım göstərmək məqsədilə Birləşmiş Millətlər Təşkilatının və ixtisaslaşdırılmış idarələrin himayəsi altında bağlanmış beynəlxalq konvensiyaları n ə z ə r ə    a l a r a q,

həmçinin, Birləşmiş Millətlər Təşkilatının və ixtisaslaşdırılmış idarələrin kişi və qadınların hüquq bərabərliyinə yardım göstərmək məqsədilə qəbul etdikləri qətnamə, bəyannamə və tövsiyələri n ə z ə r ə    alaraq,

bütün bu müxtəlif sənədlərə baxmayaraq, yenə də əvvəlki kimi qadınlar barəsində xeyli dərəcədə ayrı-seçkiliyin mövcudluğundan n a r a h a t    o l a r a q,

qadınlara ayrı-seçkilik qoyulmasının hüquq bərabərliyi və insan ləyaqətinə hörmət prinsipini pozduğunu, qadınların öz ölkəsinin siyasi, sosial, iqtisadi və mədəni həyatında kişilərlə bərabər iştirakına əngəl törətdiyini, ailənin və cəmiyyətin rifahının yüksəlişinə mane olduğunu, qadınların öz ölkəsinə və bəşəriyyətə xidmət etmək imkanlarının tam açılmasını daha da çətinləşdirdiyini x a t ı r l a d a r a q,

yoxsulluq şəraitində qadınların ərzaq əldə etmək, səhiyyə xidməti, təhsil, peşə hazırlığı, işə düzəlmək, eləcə də digər tələbatlarını ödəmək imkanlarının daha az olmasından n a r a h a t l a n a r a q,

bərabərliyə və ədalətə əsaslanan yeni beynəlxalq iqtisadi nizamın bərqərar olmasının kişi və qadınlar arasında bərabərliyə əhəmiyyətli kömək göstərəcəyinə ə m i n    o l a r a q,

aparteidin, irqçilik, irqi ayrı-seçkilik, müstəmləkəçilik, yeni müstəmləkəçilik, təcavüz, xarici işğal, ağalıq və dövlətlərin daxili işlərinə qarışmağın bütün formalarının ləğv edilməsinin kişi və qadınların hüquqlarının həyata keçirilməsi üçün zəruri olduğunu q e y d    e d ə r ə k,

beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsinin, beynəlxalq gərginliyin azaldılmasının, sosial və iqtisadi sistemlərindən asılı olmayaraq bütün dövlətlərin qarşılıqlı əməkdaşlığının, ciddi və təsirli beynəlxalq nəzarət altında ümumi və tam, xüsusilə nüvə silahları sahəsində, tərksilahın, ölkələr arasında münasibətlərdə ədalət, bərabərlik və qarşılıqlı fayda prinsiplərinin bərqərar olmasının, əcnəbi və müstəmləkə ağalığı və xarici işğal altında olan xalqların öz müqəddəratını təyin etmək hüququnun həyata keçirilməsinin, eləcə də, dövlətlərin milli suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin sosial tərəqqiyə və inkişafa kömək edəcəyini və nəticə etibarilə kişilərlə qadınlar arasında tam bərabərlik əldə olunmasına imkan yaradacağını q e y d    e d ə r ə k,

ölkələrin tam inkişafının, bütün dünyanın rifahının və sülh işinin qadınların bütün sahələrdə kişilərlə bərabər maksimal iştirakını tələb etdiyinə ə m i n    o l a r a q,

qadınların ailənin rifahı və cəmiyyətin inkişafına verdiyi, indiyədək tam etiraf olunmamış töhfələrin əhəmiyyətini, analığın sosial əhəmiyyətini və hər iki valideynin ailədə və övladlarının tərbiyəsində rolunu n ə z ə r ə    a l a r a q,

qadınların nəslin davam etdirilməsindəki rolunun ayrı-seçkiliyə səbəb olmalı olmadığını belə ki, uşaqların tərbiyəsi kişi və qadınların, eləcə də bütövlüklə cəmiyyətin birgə məsuliyyətini tələb edir - d ə r k    edərək,

kişi və qadınlar arasında tam bərabərliyə nail olmaq üçün kişilərin, eləcə də qadınların cəmiyyətdə və ailədə ənənəvi rolunu dəyişdirməyin zəruri olduğunu y a d d a    s a x l a y a r a q,

qadınlar barəsində ayrı-seçkiliyin ləğv edilməsi haqqında Bəyannamədə elan edilmiş prinsipləri həyata keçirmək və bu məqsədlə belə ayrı-seçkiliyin bütün forma və təzahürlərini ləğv etmək üçün bütün zəruri tədbirləri görmək ə z m i    i l ə

aşağıdakılar barəsində r a z ı l a ş d ı l a r:

I HİSSƏ
Maddə 1

Bu Konvensiyanın məqsədləri üçün qadınlar barəsində ayrı-seçkilik anlayışı qadınların ailə vəziyyətlərindən asılı olmayaraq, kişi və qadınların hüquq bərabərliyi əsasında insan hüquqlarının və siyasi, iqtisadi, sosial, mədəni, mülki və hər hansı digər sahələrdə əsas azadlıqların zəiflədilməsinə, yaxud tanınmasını, qadınların onlardan istifadə etməsini, yaxud onları həyata keçirməsini heçə endirməyə yönəldilmiş cinsi əlamətə görə hər hansı fərqləndirmə, istisna, yaxud məhdudiyyət deməkdir.

Maddə 2

İştirakçı-dövlətlər qadınlar barəsində ayrı-seçkiliyin bütün formalarını məhkum edir və təxirə salınmadan bütün müvafiq vasitələrlə qadınlar barədə ayrı-seçkiliyin ləğv edilməsi siyasəti yeritməyi razılaşır, bu məqsədlə aşağıdakıları öhdələrinə götürürlər:

a) kişi və qadınların hüquq bərabərliyini öz milli konstitusiyalarına və digər müvafiq qanunvericiliklərinə daxil etmək, əgər bu, indiyə qədər edilməyibsə, bu prinsipin qanunun və digər müvafiq vasitələrin köməyi ilə praktik olaraq həyata keçirilməsini təmin etməyi;

b) lazım olan yerlərdə qadınlar barəsində hər cür ayrı-seçkiliyi qadağan edən müvafiq qanunvericilik tədbirləri və digər tədbirlər görməyi;

c) qadınların hüquqlarının kişilərlə bərabər əsasda hüquqi müdafiəsini bərqərar etmək və səlahiyyətli milli məhkəmələrinin və digər dövlət idarələrinin köməyi ilə qadınların bütün ayrı-seçkilik hərəkətlərindən təsirli müdafiəsini təmin etməyi;

d) qadınlar barəsində hər hansı ayrı-seçkilik hərəkətlərindən, yaxud fəaliyyətindən imtina etməyi, dövlət orqanlarının və idarələrinin bu təəhhüdə müvafiq hərəkət etməsinə təminat verməyi;

e) qadınlar barəsində hər hansı bir şəxs, təşkilat, yaxud müəssisə tərəfindən ayrı-seçkiliyin ləğv edilməsi üçün bütün müvafiq tədbirləri görməyi;

f) qadınlar barəsində ayrı-seçkilik demək olan qüvvədəki qanunların, qərarların, adətlərin və təcrübənin dəyişdirilməsi, yaxud ləğv edilməsi üçün bütün tədbirləri, qanunvericilik tədbirləri daxil olmaqla, görməyi;

g) özünün cinayət qanunvericiliyində qadınlar barəsində ayrı-seçkilik sayıla bilən bütün müddəalarını ləğv etməyi.

Maddə 3

İştirakçı-dövlətlər, bütün sahələrdə, o cümlədən, siyasi, sosial, iqtisadi və mədəni sahələrdə qadınların insan hüquqlarını və əsas azadlıqları kişilərlə rəhbər əsasda həyata keçirmələrinə və onlardan istifadə etmələrinə təminat vermək üçün onların hərtərəfli inkişafını və tərəqqisini təmin edən bütün müvafiq tədbirləri, qanunvericilik tədbirləri daxil olmaqla, qəbul edirlər.

Maddə 4

1. İştirakçı-dövlətlərin kişilərlə qadınlar arasında faktik bərabərliyin bərqərar olmasının sürətləndirilməsinə yönəldilmiş müvəqqəti tədbirlər qəbul etməsi, bu Konvensiyada müəyyən edildiyi kimi, ayrı-seçkilik sayılmır, lakin o, qətiyyən bərabər hüquqlu olmayan, yaxud differensial standartlara gətirib çıxarmamalıdır; bu tədbirlər imkanların bərabərliyi və bərabər hüquqlu münasibətlərin məqsədləri əldə edildikdən sonra ləğv edilməlidir.

2. İştirakçı-dövlətlərin analığın mühafizəsinə yönəldilmiş xüsusi tədbirləri, bu Konvensiyada nəzərdə tutulan tədbirlər daxil olmaqla, ayrı-seçkilik sayılmır.

Maddə 5

İştirakçı-dövlətlər aşağı məqsədlərlə bütün müvafiq tədbirləri görürlər:

a) cinslərdən birinin naqisliyi, yaxud üstünlüyü ideyasına, yaxud kişilərin və qadınların roluna dair stereotiplərə əsaslanan xurafatın kökünün kəsilməsinə, adətlərin və hər cür başqa praktikanın ləğv edilməsinə nail olmaq məqsədilə kişi və qadınların sosial və mədəni davranış modelini dəyişdirmək;

b) ailə tərbiyəsində analığın sosial funksiyasının düzgün dərk edilməsini, kişi və qadınların öz övladlarının tərbiyəsinə və inkişafına, uşaqların mənafeyi bütün hallarda üstün tutulmaq şərtilə, birgə məsuliyyət daşımalarının etiraf olunmasını təmin etmək.

Maddə 6

İştirakçı-dövlətlər qadın alverinin bütün növlərinin və qadınların fahişəliyindən istifadənin kökünü kəsmək üçün bütün müvafiq tədbirlər, qanunvericilik tədbirləri daxil olmaqla, görürlər.

II HİSSƏ
Maddə 7

İştirakçı-dövlətlər qadınların ölkənin siyasi və ictimai həyatında iştirakı barəsində ayrı-seçkiliyin ləğv edilməsi üçün bütün müvafiq tədbirləri görür, o cümlədən qadınlara kişilərlə bərabər əsasda aşağıdakı hüquqları təmin edirlər:

a) bütün seçkilərdə və açıq referendumlarda səs vermək və bütün açıq seçkili orqanlara seçilmək;

b) hökumət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək və dövlət vəzifələri tutmaq, eləcə də bütün dövlət idarəetməsi səviyyələrində bütün dövlət funksiyalarını yerinə yetirmək;

c) ölkənin ictimai və siyasi həyatının problemləri ilə məşğul olan qeyri-hökumət təşkilatlarının və assosiasiyaların fəaliyyətində iştirak etmək.

Maddə 8

İştirakçı-dövlətlər qadınları kişilərlə bərabər şəraitdə və heç bir ayrı-seçkilik qoyulmadan öz hökumətlərini beynəlxalq səviyyədə təmsil etmək, beynəlxalq təşkilatların işində iştirak etmək imkanı ilə təmin etmək üçün bütün müvafiq tədbirləri görürlər.

Maddə 9

1. İştirakçı-dövlətlər qadınlara vətəndaşlıq almaq, onu dəyişdirmək, yaxud saxlamaq barəsində kişilərlə bərabər əsasda hüquqlar verirlər. O cümlədən, onlar təmin edirlər ki, nə əcnəbi ilə nikaha daxil olmaq, nə də nikahda ikən ərin vətəndaşlığının dəyişməsi arvadın vətəndaşlığının avtomatik surətdə dəyişməsinə səbəb olmur, onu vətəndaşlığı olmayan şəxsə çevirmir və onu ərinin vətəndaşlığını qəbul etməyə vadar edə bilməz.

2. İştirakçı-dövlətlər qadınlara övladlarının vətəndaşlığı barəsində bərabər hüquqlar verir.

III HİSSƏ
Maddə 10

İştirakçı-dövlətlər qadınları təhsil sahəsində kişilərlə bərabər hüquqlarla təmin etmək məqsədilə onlar barəsində ayrı-seçkiliyi ləğv etmək, o cümlədən kişi və qadınların bərabərliyi əsasında aşağıdakıları təmin etmək üçün bütün müvafiq tədbirləri görürlər:

a) peşə, ixtisas seçimi yönümündə, təhsilə çatmaqda və istər kənd, istərsə də şəhər rayonlarındakı bütün kateqoriyalardan olan təhsil müəssisələrində diplom almaq üçün eyni şərait; bu bərabərlik məktəbəqədər müəssisələrdə, ümumi, xüsusi və ali texniki təhsildə, eləcə bütün peşə hazırlığı formalarında təmin olunur;

b) eyni təlim proqramlarından istifadə etmək, eyni imtahanlar vermək, eyni ixtisaslı müəllim heyətinə, bərabər keyfiyyətli məktəb binalarına və avadanlığa malik olmaq;

c) kişi və qadınların rolu barədə hər cür stereotip konsepsiyaları bütün səviyyələrdə və bütün təhsil formalarında bu məqsədə çatmağa kömək edən birgə təhsili və digər təhsil növlərini təşviq etməklə, o cümlədən dərs vəsaitlərinə və məktəb proqramlarına yenidən baxmaq və təlim metodlarını uyğunlaşdırmaq yolu ilə aradan qaldırmaq;

d) təqaüd və təhsil üçün digər vəsait almaqda eyni imkanlar;

e) savadı yaşlılar arasında yaymaq proqramları daxil olmaqla təhsili davam etdirmək proqramlarına, o cümlədən kişi və qadınlar arasındakı hər cür bilik uyğunsuzluğunu mümkün qədər tez bir zamanda azaltmağa yönəldilmiş funksional savad proqramlarına yol tapmaq üçün eyni imkanlar;

f) məktəbi bitirməmiş qızların sayının azaldılması və məktəbi vaxtından əvvəl buraxmış qızlar və qadınlar üçün proqramlar hazırlamaq;

g) idman məşğələlərində və fiziki hazırlıqda iştirakda eyni imkanlar;

h) ailənin sağlamlığının və rifahının təmin olunmasına yardım göstərmək məqsədilə təhsil xarakterli xüsusi informasiyalara, ailənin həcmini planlaşdırmağa dair informasiya və məsləhətlər daxil olmaqla, yol tapmaq.

Maddə 11

1. İştirakçı-dövlətlər məşğulluq sahəsində qadınlar barəsində ayrı-seçkiliyi ləğv etmək məqsədilə kişi və qadınların bərabərliyi əsasında qadınların bərabər hüquqlarını, o cümlədən aşağıdakı hüquqları təmin etmək üçün bütün müvafiq tədbirləri görürlər:

a) bütün insanların ayrılmaz hüququ olan əmək hüququ;

b) işə götürülərkən eyni imkanlara malik olmaq, o cümlədən işə götürülərkən eyni meyarların tətbiq edilməsi hüququ;

c) azad surətdə peşə, yaxud iş növü seçmək, vəzifədə irəli çəkilmək və məşğulluğunun təminatı hüququ, eləcə də iş şəraitinin bütün güzəştlərindən istifadə etmək, şagirdlik, yüksək səviyyəli peşə hazırlığı, ixtisasını müntəzəm artırmaq daxil olmaqla, peşə hazırlığı və ixtisasını təkmilləşdirmə hüququ;

d) güzəştlər daxil olmaqla, bərabər haqq almaq, bərabər dəyərli əməyə görə bərabər şərtlər, həmçinin işin keyfiyyətinin qiymətləndirilməsinə bərabər yanaşma hüququ;

e) sosial təminat o cümlədən pensiyaya çıxarkən, işsizlik, xəstəlik, əlillik, qocalıq və əmək qabiliyyətini itirdiyi digər hallarda hüququ, həmçinin, ödənişli məzuniyyət hüququ;

f) sağlamlığının mühafizəsi və təhlükəsiz əmək şəraiti, o cümlədən nəsil davamı funksiyasının saxlanması üzrə hüququ;

2. Qadınlar barəsində ərə getməyə və analığa görə ayrı-seçkiliyin qarşısını almaq və onların əmək hüququna təsirli təminat vermək üçün iştirakçı-dövlətlər aşağıdakı müvafiq tədbirləri görürlər:

a) hamiləliyə, yaxud hamiləliyə və doğuşa görə məzuniyyətə görə işdən azad etməyi, yaxud işdən çıxarılarkən ailə vəziyyətinə görə ayrı-seçkilik qoyulmasını, sanksiya tətbiq etmək təhdidi ilə, qadağan etmək;

b) əvvəlki iş yerini, vəzifə üstünlüyünü, yaxud sosial müavinətini itirmədən ödənişli məzuniyyətlər, yaxud hamiləliyə və doğuşa görə sosial müavinətlərlə müqayisə edilə bilən məzuniyyətlər tətbiq etmək;

c) valideynlərin ailədəki vəzifələrini yerinə yetirməklə yanaşı, əmək fəaliyyətini və ictimai həyatda iştirakını uyğunlaşdırmalarına o cümlədən uşaqlara qulluq üzrə müəssisələr şəbəkəsinin yaradılması və genişləndirilməsi ilə imkan verən əlavə sosial xidmətləri təşviq etmək;

d) qadınları, xüsusilə hamiləlik dövründə, onların sağlamlığı üçün zərərli olduğu sübut olunmuş işlərdə müdafiə etmək;

3. Bu maddədə bəhs edilən hüquqların müdafiəsinə dair qanunvericilik elmi-texniki biliklər baxımından vaxtaşırı gözdən keçirilir, eləcə də lazım olduğu qədər yenidən baxılır, ləğv edilir, yaxud genişləndirilir.

Maddə 12

1. İştirakçı-dövlətlər qadınların kişi və qadınların bərabərliyi əsasında tibbi xidmət almasını o cümlədən, ailənin həcmi məsələsini planlaşdırılmasına dair təmin etmək üçün qadınlar barəsində səhiyyə sahəsində ayrı-seçkiliyin ləğv edilməsi üçün bütün müvafiq tədbirləri görürlər.

2. İştirakçı-dövlətlər bu maddənin 1-ci bəndindən asılı olmayaraq, lazım gəldikdə, pulsuz xidmətlər, eləcə də hamiləlik və əmizdirmə dövründə müvafiq qida məhsulları ilə təchiz etməklə qadınlara hamiləlik, doğuş və doğuşdan sonrakı dövrlərdə müvafiq xidmətlər göstərilməsini təmin edirlər.

Maddə 13

İştirakçı-dövlətlər qadınların kişilərlə bərabərliyi əsasında bərabər hüquqlarını, o cümlədən aşağıdakı hüquqları təmin etmək məqsədilə qadınlar barəsində iqtisadi və sosial həyatın digər sahələrindəki ayrı-seçkiliyin ləğv edilməsi üçün bütün müvafiq tədbirləri görürlər:

a) ailə uçun müavinət hüququ;

b) daşınmaz əmlak üçün istiqraz, ssuda və digər formalarda maliyyə krediti almaq hüququ; c) istirahətlə, idmanla məşğul olmaq və mədəni həyatın bütün sahələri ilə bağlı olan tədbirlərdə iştirak etmək hüququ.

Maddə 14

1. İştirakçı-dövlətlər kənd yerlərində yaşayan qadınların qarşılaşdıqları xüsusi problemləri və ailələrinin iqtisadi rifahını təmin edilməsində oynadıqları mühüm rolu, o cümlədən təsərrüfatın qeyri-əmtəə sahələrindəki fəaliyyətini nəzərə alırlar və bu Konvensiyanın müddəalarının kənd yerlərində yaşayan qadınlar barəsində tətbiqi təmin etmək üçün bütün lazımi tədbirləri görürlər.

2. İştirakçı-dövlətlər kişi və qadınların bərabərliyi əsasında qadınların kənd rayonlarının inkişafında iştirak etmələrini və bu inkişafdan faydalanmalarını təmin etmək məqsədilə kənd rayonlarında yaşayan qadınlar barəsində ayrı-seçkiliyin ləğv edilməsi üçün bütün müvafiq tədbirləri görür, o cümlədən onların aşağıdakı hüquqlarını təmin edirlər:

a) bütün səviyyələrdə inkişaf planlarının işlənib hazırlanmasında iştirak etmək;

b) ailənin həcminin planlaşdırılması məsələlərinə dair, informasiya, məsləhətlər və xidmət daxil olmaqla, müvafiq tibbi xidmətə yol tapmaq;

c) sosial sığorta proqramlarından bilavasitə bəhrələnmək;

d) hazırlıq və funksional savad daxil olmaqla, bütün formal və qeyri-formal təhsil növlərinə yiyələnmək, həmçinin icma xidmətinin bütün xidmət vasitələrindən, kənd təsərrüfatına dair o cümlədən texniki səviyyələrini artırmaq üçün məsləhət xidmətindən istifadə etmək;

e) muzdlu iş, yaxud müstəqil əmək fəaliyyəti vasitəsilə iqtisadi imkanlara bərabər yol tapmağı təmin etmək üçün özünəyardım qrupları və kooperativlər təşkil etmək;

f) kollektiv fəaliyyətin bütün növlərində iştirak etmək;

g) kənd təsərrüfatı kreditlərinə və istiqrazlarına, satış sisteminə, müvafiq texnologiyaya yol tapmaq, torpaq islahatlarında, aqrar islahatlarda və torpaqların yenidən məskunlaşdırılması planlarında bərabər statusa malik olmaq;

h) lazımi həyat şəraitindən, xüsusilə mənzil şəraitindən, sanitar xidmətindən, elektrik enerjisindən və su təchizatından, eləcə də nəqliyyatdan və rabitə vasitələrindən istifadə etmək.

IV HİSSƏ
Maddə 15

1. İştirakçı-dövlətlər qadınların qanun qarşısında kişilərlə bərabərliyini etiraf edirlər.

2. İştirakçı-dövlətlər qadınlara kişilərlə eyni mülki hüquq səlahiyyəti və onu gerçəkləşdirmək üçün eyni imkanlar verirlər. Onlar, o cümlədən, qadınlara müqavilə bağlamaqda və əmlakı idarə etməkdə, həmçinin onlara məhkəmə və tribunal təhqiqatının bütün mərhələlərində bərabər münasibəti təmin edirlər.

3. İştirakçı-dövlətlər razılaşırlar ki, hüquqi nəticələri qadınların hüquq səlahiyyətinin məhdudlaşdırılmasına səbəb olan bütün müqavilələr və hər cür digər xüsusi sənədlər etibarsız sayılır.

4. İştirakçı-dövlətlər şəxslərin yer dəyişməsinə, yaşamaq və daimi yaşayış yerini azad surətdə seçməsinə dair qanunvericiliyə münasibətdə kişilərə və qadınlara eyni hüquqlar verirlər.

Maddə 16

1. İştirakçı-dövlətlər nikah və ailə münasibətlərinə dair bütün məsələlərlə qadınlar barəsində ayrı-seçkiliyin ləğv edilməsi üçün bütün müvafiq tədbirləri görür, o cümlədən kişilərlə qadınların bərabərliyi əsasında aşağıdakıları təmin edirlər:

a) nikaha daxil olmaqda eyni hüquqlar;

b) azad surətdə ər seçməkdə və nikaha yalnız özünün azad və tam razılıqa ilə daxil olmaqda eyni hüquqlar;

c) nikah dövründə və o pozularkən eyni hüquq və vəzifələri olmaq;

d) kişi və qadınların, ailə vəziyyətlərindən asılı olmayaraq, valideyn kimi övladları ilə əlaqədar məsələlərlə eyni hüquq və vəzifələri olması; bütün hallarda uşaqların mənafeyi üstün tutulur;

e) uşaqların sayı və onların doğum illəri arasında fasilə məsələsini azad və məsuliyyətlə həll etməkdə eyni hüquqa, informasiyaya və təhsilə, həmçinin bu hüququ həyata keçirməyə imkan verən vasitələrə malik olmaq;

f) qəyyum, hami, vəkil olarkən və uşaqları övladlığa götürərkən, yaxud milli qanunvericilikdə nəzərdə tutulan analoji funksiyaları həyata keçirərkən eyni hüquq və vəzifələri olmaq; bütün hallarda uşaqların mənafeyi üstün tutulur;

g) ər və arvadın eyni şəxsi hüquqları, o cümlədən soyadı, peşə və məşğuliyyət seçmək hüququ;

h) ər və arvadın mülkiyyətə pullu, yaxud pulsuz şəkildə sahib olmaq, onları almaq, idarə etmək və onlar barəsində sərəncam verməkdə eyni hüquqları.

2. Uşağın nişanlanması və nikahı hüquqi qüvvəyə malik deyil, minimal nikah yaşının müəyyənləşdirilməsi və nikahların mütləq vətəndaşlıq vəziyyəti aktlarında qeydiyyatdan keçirilməsi üçün, qanunvericilik tədbirləri daxil olmaqla, bütün lazımi tədbirlər görülür.

V HİSSƏ
Maddə 17

1. Bu Konvensiyanın həyata keçirilməsinin gedişini yoxlamaq üçün qadınlar barəsində ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitə (bundan sonra Komitə adlandırılacaq) yaradılır. O, Konvensiya qüvvəyə mindiyi vaxt on səkkiz, onu təsdiq edəndən, yaxud ona otuz beşinci dövlət qoşulandan sonra iyirmi üç yüksək əxlaqi keyfiyyətlərə və Konvensiyanın əhatə etdiyi məsələlərdə səriştəyə malik ekspertdən ibarət olur. Bu ekspertlər iştirakçı-dövlətlər tərəfindən onların öz vətəndaşları arasından seçilir və özlərinin şəxsi keyfiyyətlərində çıxış edirlər; həm də ədalətli coğrafi bölgü və müxtəlif sivilizasiya formalarının, həmçinin əsas hüquq sistemlərinin təmsil olunması nəzərə alınır.

2. Komitə üzvləri iştirakçı-dövlətlərin irəli sürdükləri şəxslərin daxil edildiyi siyahıdan gizli səsvermə yolu ilə seçilir. Hər iştirakçı-dövlət öz vətəndaşları arasından yalnız bir nəfərin namizədliyini irəli surə bilər.

3. İlk seçkilər bu Konvensiya qüvvəyə mindiyi gündən altı ay sonra keçirilir. Hər seçkinin keçirilməsinə, heç olmasa, üç ay qalmış Birləşmiş Millətlər Təşkilatının Baş katibi iştirakçı-dövlətlərə iki ay müddətində öz namizədlərini təqdim etmək, təklifi ilə məktub göndərir. Baş katib namizədlikləri beləliklə irəli sürülmüş bütün şəxslərin əlifba sırası ilə siyahısını onların namizədliyini irəli sürmüş iştirakçı-dövlətlər göstərilməklə hazırlayır və bu siyahını iştirakçı-dövlətlərə təqdim edir.

4. Komitə üzvlərinin seçkisi İştirakçı-dövlətlərin Birləşmiş Millətlər Təşkilatı Baş katibinin Birləşmiş Mİllətlər Təşkilatının Mərkəzi idarələrində çağırdığı iclasında keçirilir. İştirakçı-dövlətlərin üçdə ikisinin yetərsay olduğu bu iclasda ən çox səs alan və iştirakçı-dövlətlərin iclasda və səsvermədə iştirak edən nümayəndələrinin mütləq əksəriyyətinin səsini qazanan namizədlər Komitəyə üzv seçilmiş sayılırlar.

5. Komitə üzvləri dörd il müddətinə seçilir. Lakin ilk seçkilərdə seçilmiş doqquz üzvün səlahiyyət müddəti iki ildən sonra bitir; bu doqquz üzvün familiyası Komitə Sədrinin seçkilərdən dərhal sonra keçirdiyi püşk vasitəsilə müəyyən edilir.

6. Komitənin əlavə beş üzvünün seçilməsi bu maddənin 2-ci, 3-cü və 4-cü bəndlərinə müvafiq olaraq Konvensiyanı otuz beşinci dövlət təsdiq edəndən, yaxud ona qoşulandan sonra keçirilir. Beləliklə, seçilmiş əlavə üzvlərdən ikisinin səlahiyyət müddəti iki ildən sonra bitir; həmin üzvlərin familiyalarını püşk vasitəsilə Komitə Sədri müəyyən edir.

7. Gözlənilməz vakansiyanı tutmaq üçün, eksperti Komitə üzvü funksiyalarına xitam vermiş iştirakçı-dövlət öz vətəndaşları arasından, Komitənin bəyənməsi şərtilə, yeni ekspert təyin edir.

8. Komitə üzvləri Birləşmiş Millətlər Təşkilatının vəsaitindən, Komitənin vəzifələrinin əhəmiyyəti nəzərə alınmaqla, Baş Məclis tərəfindən müəyyən edilmiş qayda və şərtlərlə Baş Məclisin təsdiq etdiyi haqq alırlar.

9. Birləşmiş Millətlər Təşkilatının Baş katibi Komitənin bu Konvensiyaya müvafiq olaraq funksiyalarını səmərəli yerinə yetirməsi üçün lazımi sayda personal və maddi vəsait ayırır.

Maddə 18

1. İştirakçı-dövlətlər baxılmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibinə bu Konvensiyanın müddəalarının yerinə yetirilməsi üçün gördükləri qanunvericilik və məhkəmə tədbirləri, inzibati və digər tədbirlər və bununla bağlı əldə edilmiş tərəqqi barəsində məruzələr təqdim etməyi öhdələrinə götürürlər:

a) maraqlı dövlət üçün bu Konvensiya qüvvəyə mindiyi gündən sonra bir il ərzində;

b) ondan sonra, ən azı, dörd ildə bir dəfə və daha sonra Komitə tələb etdikdə.

2. Məruzələrdə bu Konvensiyanın təəhhüdlərinin yerinə yetirilmə dərəcəsinə təsir göstərən amillər və çətinliklər göstərilə bilər.

Maddə 19

1. Komitə məxsusi prosedura qaydalarını müəyyən edir.

2. Komitə iki il müddətinə vəzifəli şəxslərini seçir.

Maddə 20

1. Komitə bu Konvensiyanın 18-ci maddəsinə müvafiq olaraq təqdim edilən məruzələrə baxmaq üçün, adətən, iki həftədən çox davam etməyən iclaslar keçirir.

2. Komitənin iclasları, bir qayda olaraq, Birləşmiş Millətlər Təşkilatının Mərkəzi idarələrində, yaxud Komitənin müəyyən etdiyi hər hansı digər münasib yerdə keçirilir.

Maddə 21

1. Komitə hər il Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinə İqtisadi və Sosial Şura vasitəsilə öz fəaliyyəti haqqında məruzə təqdim edir və iştirakçı-dövlətlərdən aldığı məruzə və informasiyaların öyrənilməsi əsasında ümumi xarakterli təklif və tövsiyələr verə bilər. Bu cür ümumi xarakterli təklif və tövsiyələr iştirakçı-dövlətlərin qeydləri (əgər varsa) ilə yanaşı Komitənin məruzəsinə daxil edilir.

2. Birləşmiş Millətlər Təşkilatının Baş katibi Komitənin məruzələrini məlumat üçün qadınların vəziyyətinə dair Komissiyaya göndərir.

Maddə 22

İxtisaslaşdırılmış idarələr bu Konvensiyanın onların fəaliyyət dairəsinə daxil olan müddəalarının yerinə yetirilməsi məsələlərinə baxılarkən təmsil olunmaq hüququna malikdir. Komitə ixtisaslaşdırılmış idarələrə Konvensiyanın onların fəaliyyət dairəsinə daxil olan sahələrdə yerinə yetirilməsi barədə məruzə təqdim olunmasını təklif edə bilər.

VI HİSSƏ
Maddə 23

Bu Konvensiyada heç nə:

a) iştirakçı-dövlətin qanunvericiliyində olan; yaxud

b) həmin dövlət üçün qüvvədə olan hər hansı digər beynəlxalq konvensiyada, müqavilədə, yaxud sazişdə rast gəlinə bilən kişi və qadınların hüquq bərabərliyinə kömək edən müddəalara toxunmur.

Maddə 24

İştirakçı-dövlətlər bu Konvensiyada tanınan hüquqların tam gerçəkləşməsi uçun milli səviyyədə bütün lazımi tədbirləri görməyi öhdələrinə götürürlər.

Maddə 25

1. Bu Konvensiya onu bütün dövlətlərin imzalaması uçun açıqdır.

2. Birləşmiş Millətlər Təşkilatının Baş katibi bu Konvensiyanın depozitarisi təyin edilir.

3. Bu Konvensiya təsdiq edilməlidir. Təsdiqetmə fərmanları saxlanmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təhvil verilir.

4. Bu Konvensiya bütün ölkələrin ona qoşulması uçun açıqdır. Qoşulma, qoşulma haqqında sənədin saxlanmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təhvil verilməsi isə həyata keçirilir.

Maddə 26

1. Hər hansı iştirakçı-dövlət istənilən vaxt Birləşmiş Millətlər Təşkilatı Baş katibinin adına yazılı məlumatla, bu Konvensiyaya yenidən baxılmasını xahiş edə bilər.

2. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi hər hansı tədbirin görülməsini lazım saysa, bu xahiş barəsində məhz hansı tədbirlərin görülməsinin zəruriliyi haqqında qərar qəbul edir.

Maddə 27

1. Bu Konvensiya iyirminci təsdiqetmə fərmanı, yaxud qoşulma haqqında sənəd saxlanmaq uçun Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təhvil veriləndən sonra otuzuncu gün qüvvəyə minir.

2. Bu Konvensiyanı iyirminci təsdiqetmə fərmanı, yaxud qoşulma haqqında sənəd saxlanmağa veriləndən sonra təsdiq edən, yaxud ona qoşulan hər bir dövlət uçun, o, həmin dövlət öz təsdiqetmə fərmanını, yaxud qoşulma haqqında sənədini saxlanmağa təhvil verəndən sonra otuzuncu gün qüvvəyə minir.

Maddə 28

1. Birləşmiş Millətlər Təşkilatının Baş katibi dövlətlərin təsdiq, yaxud qoşulma zamanı etdiyi qeyd-şərtlərin mətnlərini alır və bütün dövlətlərə göndərir.

2. Bu Konvensiyanın məqsəd və vəzifələrinə uyğun gəlməyən qeyd-şərtlərə yol verilmir.

3. Qeyd-şərtlər istənilən vaxt Baş katibin adına göndərilmiş müvafiq bildirişlə geri götürülə bilər. Baş katib sonra bu haqda bütün iştirakçı-dövlətlərə xəbər verir. Belə bildiriş alındığı gündən qüvvəyə minir.

Maddə 29

1. Bu Konvensiyanın şərhi və tətbiqi barəsində iki, yaxud bir neçə iştirakçı-dövlət arasında danışıqlar yolu ilə həll edilməyən hər hansı mübahisə tərəflərdən birinin xahişi ilə arbitraj təhqiqatına verilir. Əkər arbitraj təhqiqatı haqqında ərizə veriləndən sonra altı ay ərzində tərəflər arbitraj təhqiqatının təşkili barəsində razılıq əldə edə bilməsələr, bu tərəflərdən hər hansı biri həmin mübahisəni Beynəlxalq Məhkəməyə Məhkəmənin Statusuna müvafiq ərizə ilə verə bilər.

2. Hər bir iştirakçı-dövlət Konvensiyanı imzalayarkən, yaxud təsdiq edərkən, yaxud ona qoşularkən özünü bu maddənin 1-ci bəndindəki müddəalarla bağlı saymadığını bəyan edə bilər. Digər iştirakçı-dövlətlər bu cür qeyd-şərt qoymuş hər hansı iştirakçı-dövlət barəsində bu maddənin göstərilən bəndindən irəli gələn təəhhüdlər daşımırlar.

3. Bu maddənin 2-ci bəndinə müvafiq olaraq qeyd-şərt qoymuş hər hansı iştirakçı-dövlət öz qeyd-şərtini istənilən vaxt Birləşmiş Millətlər Təşkilatının Baş katibinə yazılı bildirişlə geri götürə bilər.

Maddə 30

Rus, ingilis, ərəb, ispan, Çin və fransız dillərindəki mətnləri eyni qüvvəyə malik olan bu Konvensiya saxlanmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təhvil verilir.

Bunun təsdiqi olaraq, lazımi qaydada müvəkkil edilmiş aşağıda imza edənlər bu Konvensiyanı imzaladılar.

iacca
iap
business ready
eplc
Ən Tez