İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya

BMT Baş Məclisinin 10 dekabr 1984-cü il tarixli 39/46 saylı qətnaməsi ilə qəbul edilmişdir və imzalanmaq, təsdiq və qoşulmaq üçün açıqdırqüvvəyə minməsi:27 (1)-ci maddəyə müvafiq olaraq 26 iyun 1987-ci il


Bu Konvensiyanın iştirakçı dövlətləri

Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində elan edilmiş prinsiplərə müvafiq surətdə, insana məxsus ləyaqətin və insan birliyinin bütün üzvlərinin bərabər və bölünməz hüquqlarının tanınmasının bütün dünyada azadlığın, ədalətin və sülhün əsası olduğunu hesab edərək,

bu hüquqların insana məxsus ləyaqətdən irəli gəldiyini nəzərə alaraq, dövlətlərin Nizamnaməyə, məsələn, 55-ci maddəyə müvafiq olaraq, insan hüquqlarına və əsas azadlıqlarına hamılıqla hörmət və riayət edilməsinə yardım göstərməyə dair öhdəliklərini rəhbər tutaraq,

hər ikisinin - həm İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 5-ci maddəsinin, həm də Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsinin - heç kəsin işgəncəyə və ya qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə məruz qalmamalı olduğunu bəyan etdiyinə diqqət yetirərək,

həmçinin, Baş Məclisinin 9 dekabr 1975-ci ildə qəbul etdiyi Bütün şəxslərin işgəncələrdən və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərindən müdafiə olunması haqqında Bəyannaməni nəzərə alaraq,

işgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı mübarizənin səmərəsini artırmaq istəyərək,

aşağıdakılar barədə razılığa gəldilər:

I HİSSƏ

Maddə 1

1. Bu Konvensiyanın məqsədləri üçün "işgəncə" termini hər hansı bir şəxsə ondan və ya başqa şəxsdən məlumat almaq, yaxud onun etirafına nail olmaq, onu və ya başqa şəxsi törətdiyi, yaxud törədilməsində şübhələnilən hərəkətə görə cəzalandırmaq, həmçinin onu və ya başqa şəxsi qorxutmaq və ya məcbur etmək, yaxud dövlətin vəzifəli şəxsi və ya rəsmi şəxs kimi çıxış edən başqa bir şəxs tərəfindən, yaxud da onların təhriki və ya onların bixəbərliyi, yaxud göz yumması ilə hər hansı xarakterli ayrı-seçkiliyə əsaslanan istənilən səbəbə görə qəsdən güclü, fiziki, yaxud mənəvi ağrı və əzab yetirən hərəkətlər deməkdir. Bu anlayışa qanuni sanksiyalar nəticəsində törəyən, bu sanksiayaların ayrılmaz tərkib hissəsi kimi olan, yaxud onların təsadüfən doğurduğu ağrı və əzablar daxil edilmir.

2. Bu maddə daha geniş tətbiqə dair müddəalar nəzərdə tutan və ya tuta bilən hər hansı beynəlxalq müqaviləyə, yaxud milli qanunvericiliyə xələl yetirmir.

Maddə 2

1. Hər hansı bir iştirakçı dövlət öz yurisdiksiyasında olan hər hansı ərazidə işgəncə hərəkətlərinin qarşısını almaq üçün təsirli qanunvericilik, inzibati, məhkəmə və ya digər tədbirləri görür.

2. Necə olmasından asılı olmayaraq heç bir müstəsna hal: müharibə vəziyyəti və ya təhlükəsi, daxili siyasi qeyri-sabitlik, yaxud hər hansı digər fövqəladə şərait - işgəncəyə bəraət qazandıra bilməz.

3. Yüksək vəzifəli şəxsin, yaxud dövlət hakimiyyəti orqanının əmri işgəncə verilməsinə bəraət qazandıra bilməz.

Maddə 3

1. İştirakçı dövlət hər hansı şəxsi işgəncə veriləcəyini ehtimal etməyə ciddi əsaslar olan başqa bir dövlətə sürgün etməməli, qaytarmamalı və ya təhvil verməməlidir.

2. Səlahiyyətli hakimiyyət orqanları belə əsasların olmasını müəyyən etmək üçün işlə əlaqədar bütün şəraiti, o cümlədən həmin dövlətə insan hüquqlarının kobudcasına, biabırçı və kütləvi surətdə pozulması praktikasının mütəmadiliyini nəzərə alır.

Maddə 4

1. Hər bir iştirakçı dövlət bütün işgəncə hərəkətlərinin öz cinayət qanunvericiliyinə müvafiq olaraq baxılmasını təmin edir. Bu, işgəncə vermək cəhdinə və ya hər hansı bir şəxsin işgəncədə iştirakçılıq, yaxud iştirakdan ibarət olan hərəkətlərinə də aiddir.

2. Hər bir iştirakçı dövlət bu cinayətlərin ağırlıq xarakterini nəzərə almaqla müvafiq cəzalar müəyyən edir.

Maddə 5

1. Hər bir iştirakçı dövlət 4-cü maddədə göstərilən cinayətlər barəsində öz yurisdiksiyasını bərqərar etmək üçün zəruri ola biləcək tədbirləri aşağıdakı hallarda görür:

a) cinayətlər onun yurisdiksiyasında olan hər hansı ərazidə və ya həmin dövlətdə qeydiyyatdan keçirilmiş dəniz, yaxud hava gəmisində törədildikdə;

b) şübhə edələn şəxs həmin dövlətin vətəndaşı olduqda;

c) cinayətin qurbanı həmin dövlətin vətəndaşı olduqda və həmin dövlət müvafiq tədbiri məqsədəuyğun saydıqda.

2. Hər bir iştirakçı dövlət belə cinayətlər barəsində öz yurisdiksiyasını bərqərar etməkdə zəruri ola biləcək həmin tədbirləri şübhə edilən şəxsin onun yurisdiksiyasındakı hər hansı ərazidə olduğu və onu 8-ci maddəyə müvafiq olaraq, bu maddənin 1-ci bəndində xatırlanan dövlətlərin hər hansı birinə təhvil vermədiyi hallarda da həmin qaydada görür.

3. Bu Konvensiya daxili qanunvericiliyə müvafiq hər hansı cinayət yurisdiksiyasının həyata keçirilməsini istisna etmir.

Maddə 6

1. 4-cü maddədə göstərilən cinayətlərdən hər hansı birini törətdiyi şübhə edilən şəxsin ərazisində olduğu hər hansı iştirakçı dövlət sərəncamındakı informasiyanı araşdırdıqdan sonra, şəraitin tələb etdiyinə əmin olduqda, həmin şəxsi həbsə alır və ya onun ölkədə qalmasını təmin edən digər hüquqi tələbləri görür. Həbsə alma və bu qəbil digər tədbirlər həmin dövlətin qanunvericiliyinə müvafiq surətdə həyata keçirilir və cinayət-prosessual hərəkətləri, yaxud təhvil vermə işləri görmək üçün zəruri olan vaxt ərzində davam edə bilər.

2. Belə dövlət dərhal faktların ilkin təhqiqatını aparır.

3. Bu maddənin 1-ci bəndinə əsasən həbs edilmiş hər hansı br şəxsin vətəndaşı olduğu dövlətin ən yaxında olan müvafiq nümayəndəsi və ya o, vətəndaşlığı olmayan şəxsdirsə, adətən yaşadığı dövlətin nümayəndəsi ilə dərhal əlaqə yaratmasına yardım göstərilir.

4. Dövlət bu maddəyə müvafiq olaraq hər hansı bir şəxsi həbs etdikdə, 5-ci maddənin 1-ci bəndində xatırlanan dövlətlərə həmin şəxsin həbsdə olması faktı və onun tutulmasına əsas verən hallar barədə dərhal xəbər verir. Bu maddənin 2-ci bəndində nəzərdə tutulan ilkin təhqiqatı aparan dövlət aldığı məlumatları yuxarıda xatırlanan dövlətlərə gecikdirmədən bildirir və öz yurisdiksiyasını tətbiq etmək niyyətində olub-olmadığını göstərir.

Maddə 7

1. 4-cü maddədə göstərilən cinayətlərdən hər hansı birini törətməkdə şübhə edilən şəxsi, yurisdiksiyasındakı ərazidə oldduğu aşkar edilən iştirakçı dövlət 5-ci maddədə nəzərdə tutulan hallarda təhvil vermirsə, həmin işi məhkəmə təqibi üçün özünün səlahiyyətli hakimiyyət orqanlarına verir.

2. Bu hakimiyyət orqanları həmin dövlətin qanunvericiliyinə müvafiq olaraq, böyük ictimai təhlükəli hər hansı cinayət hallarında olduğu qaydada qərar qəbul edirlər. 5-ci maddənin 2-ci bəndində sadalanan hallarda məhkəmə təqibi və məhkum etmə üçün zəruri olan dəlillərə irəli sürülən tələblərin ciddiliyi 5-ci maddənin 1-ci bəndində göstərilən hallarda tətbiq edildiyindən heç də az olmur.

3. 4-cü maddədə göstərilən hər hansı cinayətlə bağlı barəsində təhqiqat aparılan istənilən şəxsə təhqiqatın bütün mərhələlərində ədalətli davranış təminatı verilir.

Maddə 8

1. 4-cü maddədə göstərilən cinayətlər iştirakçı dövlətlər arasında təhvil verməyə dair mövcud olan hər hansı müqaviləyə təhvil vermə doğuran cinayətlər kimi daxil edilməlidir. İştirakçı dövlətlər belə cinayətləri təhvil verməyə dair aralarında bağlanan hər hansı müqaviləyə təhvil vermə doğuran cinayətlər kimi daxil etməyi öhdələrinə götürürlər.

2. Təhvil vermə üçün müvafiq müqavilə olmasını tələb edən iştirakçı dövlət təhvil verməyə dair müqavilə bağlamış olduğu digər iştirakçı dövlətdən təhvil vermə barədə xahiş alarsa, həmin cinayətlərə münasibətdə bu Konvensiyanı təhvil vermənin hüquqi əsası kimi götürə bilər. Təhvil vermə bu barədə xahiş edilən dövlətin qanunvericiliyində nəzərdə tutulan digər şərtlərə müvafiq həyata keçirilir.

3. Təhvil vermə üçün müvafiq müqavilənin olmasını tələb etməyən iştirakçı dövlətlər öz aralarındakı münasibətlərdə belə cinayətlərə təhvil vermə xahiş edilən dövlətin qanunvericiliyində nəzərdə tutulan şərtlərə müvafiq olaraq, təhvil vermə doğuran cinayətlər kimi baxırlar.

4. Belə cinayətlərə iştirakçı dövlətlərin təhvil vermə məqsədləri baxımından elə nəzərdən keçirilir ki, sanki onlar ancaq törədildiyi yerdə deyil, həm də 5-ci maddənin 1-ci bəndinə müvafiq olaraq, öz yurisdiksiyasını bərqərar etməyə borclu olan dövlətlərin ərazisində baş vermişdir.

Maddə 9

1. İştirakçı dövlətlər 4-cü maddədə sadalanan cinayətlərdən hər hansı biri barədə görülən cinayət-prosessual hərəkətlərlə bağlı bir-birinə, məhkəmə araşdırması üçün sərəncamlarında olan bütün zəruri sübutların təqdimi də daxil olmaqla, dolğun yardım göstərirlər.

2. İştirakçı dövlətlər bu maddənin 1-ci bəndində göstərilən öhdəliklərini qarşılıqlı hüquqi yardım haqqında aralarında bağlana biləcək müqavilələrə müvafiq yerinə yetirirlər.

Maddə 10

1. Hər bir iştirakçı dövlət işgəncələrin qadağan edilməsinə dair tədris materiallarının və informasiyanın hüquqtətbiqedici orqanların heyətinin, mülki, hərbi və ya tibbi heyətin, dövlətin vəzifəli şəxslərinin və hər hansı formada həbs edilmiş, tutulmuş, yaxud azadlıqdan məhrum edilmişlərin həbsdə saxlanılması və dindirilməsi, habelə onlarla təmasda olan şəxslərin hazırlığı proqramlarına tam şəkildə daxil olunmasını təmin edir.

2. Hər bir iştirakçı dövlət bu qadağanı belə şəxslərdən hər hansı birinin vəzifə və funksiyalarına aid qaydalara və ya təlimatlara da daxil edir.

Maddə 11

Hər bir iştirakçı dövlət yurisdiksiyasında olan ərazidə hər hansı formada həbs edilmiş, tutulmuş, yaxud azadlıqdan məhrum edilmiş şəxslərin dinlənilməsinə, həmçinin saxlanılma şərtlərinə və onlarla davranışa dair qaydaları, təlimatları, üsulları və praktikanı hansısa işgəncə hallarına yol verməmək üçün müntəzəm surətdə nəzərdən keçirir.

Maddə 12

Hər bir iştirakçı dövlət yurisdiksiyasında olan hər hansı ərazidə işgəncə tətbiq olunmasını ehtimal etməyə kifayət qədər əsas olduqda, səlahiyyətli orqanlarının təcili və obyektiv təhqiqat aparması üçün şərait təmin edir.

Maddə 13

Hər bir iştirakçı dövlət yurisdiksiyasında olan hər hansı ərazidə işgəncələrə məruz qaldığını iddia edən hər bir şəxsin bu dövlətin səlahiyyətli hakimiyyət orqanlarına şikayət verməsi və onlar tərəfindən belə şikayətlərə təcili və obyektiv baxılması hüququnu təmin edir. Şikayət və şahid ifadələrinə görə iddiaçı və şahidlərin pis davranış, yaxud hədə-qorxudan müdafiəsini təmin etmək üçün tədbirlər görülür.

Maddə 14

1. Hər bir iştirakçı dövlət işgəncə qurbanının əvəz almasını və hüquqi sanksiya ilə möhkəmləndirilən ədalətli və adekvat kompensasiyanı, o cümlədən mümkün qədər daha tam reabilitasiya vasitələri əldə etməsini öz hüquq sistemində təmin edir. İşgəncə qurbanı işgəncə nəticəsində ölərsə, kompensasiya almaq hüququ onun öhdəsində olanlara verilir.

2. Bu maddə işgəncə qurbanının və ya digər şəxslərin milli qanunvericiliyə əsasən mümkün olan hər hansı kompensasiya hüququna toxunur.

Maddə 15

Hər bir iştirakçı dövlət işgəncə altında verildiyi müəyyən ediliş hər hansı bəyanatdan, bu bəyanatın işgəncə verməkdə ittiham olunan şəxsə qarşı sübut kimi istifadə edilməsi halları istisna olmaqla istənilən məhkəmə baxışında sübut kimi istifadə olunmasını təmin edir.

Maddə 16

1. Hər bir iştirakçı dövlət işgəncənin 1-ci maddədəki anlayışına daxil olmayan digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinin, yurisdiksiyasında olan hər hansı ərazidə dövlətin vəzifəli şəxslərinin və ya rəsmi şəxs kimi çıxış edən şəxsin təhriki, ya da icazəsi və ya sükutlu razılığı ilə törədilməsinin qarşısını almağı, habelə 10,11, 12 və 13-cü maddələrdəki öhdəliklərin tətbiqini işgəncə sözünü digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növləri sözlərilə əvəz etməklə öhdəsinə götürür.

2. Bu Konvensiyanın müddəaları qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərini qadağan edən, yaxud təhvil verməyə, sürgün olunmağa dair hər hansı digər beynəlxalq müqavilənin və ya milli qanunvericiliyin müddəalarına xələl gətirmir.

II HİSSƏ

Maddə 17

1. Aşağıda nəzərdə tutulan funksiyaları yerinə yetirən İşgəncələrə qarşı Komitə (bundan sonra - Komitə) yaradılır. Komitə yüksək əxlaqi keyfiyyətlərə malik, insan hüquqları sahəsində səriştəsi ilə tanınan və fərdi qaydada çıxış edən on bir ekspertdən ibarətdir. Ekspertlər iştirakçı dövlətlər tərəfindən seçilir və bu zaman diqqət, ədalətli coğrafi bölgüyə, habelə hüquq təcrübəsi olan bir neçə şəxsin iştirakının məqsədəuyğunluğuna yetirilir.

2. Komitə üzvləri iştirakçı dövlətlərin irəli sürdükləri namizədlər siyahısından gizli səsvermə yolu ilə seçilir. Hər iştirakçı dövlət öz vətəndaşları arasından bir namizəd irəli sürə bilər. İştirakçı dövlətlər Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakta müvafiq olaraq təsis edilmiş İnsan Hüquqları Komitəsinin üzvü olan və İşgəncələrə qarşı Komitədə işləmək arzusunu bildirən şəxslərin namizədliyini irəli sürməyin məqsədəuyğunlunu nəzərə alırlar.

3. Komitə üzvləri iştirakçı dövlətlərin Birləşmiş Millətlər Təşkilatı Baş Katibinin iki ildə bir dəfə çığırdığı müşavirələrində seçilir. İştirakçı dövlətlərin üçdə ikisinin yetərsay olduğu bu müşavirələrdə ən çox səs alan və müşavirə və səsvermədə iştirak edən bu Konvensiyanın iştirakçısı olan dövlət nümayəndələrinin mütləq səs çoxluğunu əldə etmiş namizədlər Komitəyə üzv seçilmiş hesab edilir.

4. İlk seçkilər bu Konvensiyanın qüvvəyə minməsi tarixindən sonra altı aydan gec olmayaraq keçirilir. Növbəti seçkilərin keçirilməsinə ən azı dörd ay qalmış Birləşmiş Millətlər Təşkilatının Baş Katibi iştirakçı dövlətlərə üç ay müddətində öz namizədlərini irəli sürmək təklifilə məktub göndərir. Baş Katib namizədlərin əlifba sırası ilə düzülmüş siyahısını onları irəli sürmüş iştirakçı dövlətləri göstərməklə hazırlayır və iştirakçı dövlətlərə təqdim edir.

5. Komitə üzvləri dörd ilə seçilir. Onlar namizədlikləri təkrar irəli sürüldükdə yenidən seçilmək hüququna malikdirlər. Lakin ilk seçkilərdə seçilmiş beş üzvün səlahiyyət müddəti ikinci ilin sonunda qurtarır. Həmin beş üzvün adları bu maddənin 3-cü bəndində qeyd olunan müşavirə sədrinin ilk seçkidən dərhal sonra keçirdiyi püşk vasitəsilə müəyyən edilir.

6. Komitə üzvü ölkədə və ya istefa verdikdə, yaxud hər hansı başqa səbəblərə görə Komitədə öz funksiyalarını yerinə yetirə bilmədikdə, onun namizədliyini irəli sürmüş iştirakçı dövlət qalan müddətə öz vətəndaşları arasından iştirakçı dövlətlərin əksəriyyəti tərəfindən bəyənilməklə başqa ekspert təyin edir. İştirakçı dövlətlərin yarısı və ya bundan çoxu təklif olunan təyinat haqqında Birləşmiş Millətlər Təşkilatının Baş Katibindən məlumat aldıqdan sonra altı həftə ərzində mənfi cavab vermədikdə, namizəd bəyənilmiş sayılır.

7. İştirakçı dövlətlər Komitə üzvlərinin Komitədə üzərlərinə düşən vəzifələri yerinə yetirdikləri müddətdəki xərclərinin ödənməsini öz üzərlərinə götürürlər.

Maddə 18

1. Komitə vəzifəli şəxslərini iki il müddətinə seçir. Onlar yenidən seçilə bilərlər.

2. Komitə özünün xüsusi prosedura qaydalarını müəyyən edir, lakin bu qaydalarda aşağıdakılar da nəzərdə tutulmalıdır.:

a) altı üzv yetərsay təşkil edir;

b) Komitənin qərarları iştirak edən üzvlərin səs çoxluğu ilə qəbul edilir.

3. Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Komitəni bu Konvensiyaya müvafiq olaraq funksiyalarını səmərəli yerinə yetirməsi üçün onu lazımi heyət və şəraitlə təmin edir.

4. Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Komitənin ilk müşavirəsini çağırır. Komitə ilk müşavirədən sonra, prosedura qaydalarında nəzərdə tutulan müddətlərdə toplaşır.

5. İştirakçı dövlətlər bu dövlətlərin və Komitənin müşavirələrinin keçirilməsi ilə bağlı xərcələri - Birəlişmiş Millətlər Təşkilatına ödənilən hər hansı xərclər, o cümlədən Birləşmiş Millətlər Təşkilatının bu maddənin 3-cü bəndinə müvafiq olaraq təmin etdiyi heyət və şərait üçün ödənilən xərclər də daxil olmaqla - öz üzərlərinə götürürlər.

Maddə 19

1. İştirakçı dövlətlər bu Konvensiyanın onlar üçün qüvvəyə mindiyi vaxtdan keçən bir il ərzində Birləşmiş Millətlər Təşkilatının Baş Katibi vasitəsilə Komitəyə bu Konvensiyaya əsasən öhdəliklərini həyata keçirmək üçün gördükləri tədbirlər haqqında məruzə təqdim edirlər. Sonralar iştirakçı dövlətlər görülmüş hər hansı yeni tədbirlər haqqında dörd ildə bir dəfə əlavə məruzələr, həmçinin Komitənin istəyə biləcəyi digər məruzələr təqdim edirlər.

2. Birləşmiş Millətlər Təşkilatının Baş Katibi bu məruzələri bütün iştirakçı dövlətlərə göndərir.

3. Hər bir məruzə Komitədə baxılır. Komitə məruzəyə məqsədəuyğun saydığı ümumi xarakterli qeydlər edə bilər və onları müvafiq iştirakçı dövlətlərə göndərir. Bununla əlaqədar iştirakçı dövlət münasib saydığı istənilən qeydlərini Komitəyə təqdim edə bilər.

4. Komitə bu maddənin 3-cü bəndinə müvafiq olaraq etdiyi qeydlərdən və onlara dair müvafiq iştirakçı dövlətlərdən aldığı qeydlərdən hər hansı birinin, 24-cü maddəyə müvafiq olaraq, hazırladığı illik məruzəyə salınması məsələsini öz mülahizəsi ilə həll edir. Komitə bu maddənin 1-ci bəndinə müvafiq olaraq təqdim edilmiş məruzənin nüsxəsini də, müvafiq iştirakçı dövlətin xahişi ilə, özünün illik məruzəsinə daxil edə bilər.

Maddə 20

1. Komitə hər hansı iştirakçı dövlətin ərazisində müntəzəm olaraq işgəncə tətbiq edildiyinə dair, onun fikrincə, tam əsaslı dəlillərə malik mötəbər informasiya alarsa, həmin iştirakçı dövlətə bu informasiyaya baxılmasında əməkdaşlıq etməyi və bu məqsədlə həmin informasiyaya dair qeydlərini təqdim etməyi təklif edir.

2. Komitə müvafiq iştirakçı dövlətin təqdim etdiyi hər hansı qeydi, həmçinin işə dair sərəncamında olan hər hansı digər informasiyanı nəzərə almaqla, məqsədəuyğun hesab edirsə, özünün və ya bir neçə üzvünü məxfi təhqiqat aparmaq və Komitəyə təcili surətdə müvafiq məruzə təqdim etmək üçün təyin edə bilər.

3. Bu maddənin 2-ci bəndinə uyğun olaraq təhqiqat aparılarsa, Komitə müvafiq iştrakçı dövlətlə əməkdaşlıq yaratmağa çalışır. Bu iştirakçı dövlətin razılığı ilə təhqiqat onun ərazisində də aparıla bilər.

4. Üzvün və ya üzvlərin apardığı təhqiqatın bu maddənin 2-ci bəndinə müvafiq olaraq, təqdim edilən nəticələrinə baxdıqdan sonra Komitə həmin nəticələri mövcud vəziyyətdə məqsədəuyğun olan hər hansı qeyd və təkliflərlə birlikdə müvafiq iştirakçı dövlətə göndərir.

5. Komitənin bu maddənin 1-4-cü bəndlərində xatırlanan bütün işləri məxfi xarakter daşıyır işin bütün mərhələlərində iştirakçı dövlətlə əməkdaşlığa səy göstərilməlidir. 2-ci bəndə müvafiq olaraq aparılmış təhqiqatla bağlı iş başa çatdıqdan sonra Komitə müvafiq iştirakçı dövlətlə məsləhətləşməklə həmin iş nəticələrinə dair hazırladığı qısa hesabatı 24-cü maddəyə uyğun olaraq tərtib etdiyi illik məruzəyə daxil etmək haqqında qərar qəbul edə bilər.

Maddə 21

1. Bu maddəyə müvafiq olaraq, bu Konvensiyanın hər hansı iştirakçı dövləti bir iştirakçı dövlətin digər iştirakçı dövlətə bu Konvensiya üzrə öhdəliklərini yerinə yetirməməsi ilə bağlı ərizəyə aid məlumatları Komitənin almaq və onlara baxmaq səlahiyyətini tanındığı istənilən vaxt bəyan edə bilər. Belə məlumatlar bu maddədə şərh edilən prosedurlara müvafiq olaraq, yalnız o halda qəbul edilə və baxıla bilər ki, onlar Komitənin səlahiyyətini tanındığını bəyan etmiş iştirakçı dövlət tərəfindən təqdim edilmiş olsun. Bu maddə üzrə verilmiş məlumatlar belə bəyanat verməmiş iştirakçı dövlətlərə aiddirsə, Komitə onlara baxmır. Bu maddəyə əsasən alınmış məlumatlar aşağıdakı prosedura ilə baxılır:

a) bir iştirakçı dövlət digər iştirakçı dövlətin bu Konvensiya müddəalarını yerinə yetirmədiyini hesab edirsə, onda bu məsələni yazılı surətdə iştirakçı dövlətin diqqətinə çatdıra bilər. Bu məlumatı qəbul edən dövlət onu aldıqdan sonra üç ay ərzində belə məlumatı göndərmiş dövlətə yazılı formada izahat və ya bu məsələni aydınlaşdıran digər bəyanat göndərir ki, burada mümkün və məqsədəuyğun olduğu qədər, daxili proseduralar və bu məsələ üzrə görülmüş, görüləcək, yaxud görülə biləcək tədbirlər göstərilməlidir;

b) məlumat göndərilmiş dövlətin bunu almasından keçən altı ay ərzində məsələ hər iki müvafiq iştirakçı dövlət üçün qənaətbəxş şəkildə həll edilməzsə, bu dövlətlərdən hər hansı birinin məsələni, Komitəyə və digər dövlətə bildirməklə, Komitəyə vermək hüququ vardır;

c) Komitə bu maddəyə uyğun olaraq, ona verilmiş məsələyə yalnız bütün mümkün daxili tədbirlərin hamılıqla tanınmış beynəlxalq hüquq normalarına müvafiq olaraq tətbiq edildiyini və tükəndiyini yəqin etdikdə sonra baxır. Bu qayda həmin tədbirlərin tətbiqinin əsassız ləngidilməsi və ya bu Konvensiyanın pozulmasının qurbanı olan şəxsə səmərəli gömək edilə bilməsinin çətin olması hallarına aid edilir;

d) Komitə bu maddə üzrə məlumatlara baxarkən iclaslarını qapalı keçirir;

e) məsələni bu Konvensiyada nəzərdə tutulan öhdəliklərə hörmət əsasında dostcasına həll etmək məqsədilə Komitə "c" yarımbəndinin müddəalarına riayət etməklə, müvafiq iştirakçı dövlətlərə xeyirxah xidmətlər göstərir. Komitə bu məqsədlə, lazım gəldikdə, xüsusi razılaşma komissiyası təsis edə bilər;

f) bu maddəyə müvafiq olaraqona verilmiş istənilən məsələ üzrə Komitə "b" yarımbəndində xatırlanan iştirakçı dövlətlərdən işə dair hər hansı məlumatı istəyə bilər;

g) "b" yarımbəndində xatırlanan müvafiq iştirakçı dövlətlər məsələyə Komitədə baxılarkən, təmsil olunmaq və şifahi, yaxud yazılı təqdimat vermək hüququna malikdirlər;

h) Komitə "b" yarımbəndinə müvafiq olaraq bildiriş aldıqdan sonra on iki ay ərzində məlumat bildirir;

i) "e" yarımbəndinin müddəaları çərçivəsində nəticə əldə edilərsə, Komitə öz məlumatında faktların və əldə edilmiş nəticənin qısa şərhi ilə kifayətlənir;

j) "c" yarımbəndinin müddəaları çərçivəsində nəticə əldə edilməzsə, Komitə öz məlumatında faktların qısa şərhi ilə kifayətlənir, iştirakçı dövlətlərin təqdim etdikləri yazılı təqdimatlar və şifahi bəyanatların yazılı mətni məlumata əlavə edilir.

Hər məsələyə dair məlumat müvafiq iştirakçı dövlətlərə göndərilir.

2. Bu maddənin müddəaları bu Konvensiyanın beş iştirakçı dövləti bu maddənin 1-ci bəndinə müvafiq olaraq bəyanat verdikdə qüvvəyə minir. İştirakçı dövlətlər belə bəyanatları Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə saxlanmaq üçün təhvil verirlər. Baş Katib onların nüsxələrini digər iştirakçı dövlətlərə göndərir. Bəyanat istənilən vaxt Baş Katibin adına bildiriş göndərməklə geri götürülə bilər. Belə geri götürmə, bu maddəyə müvafiq olaraq artıq verilmiş məlumatın mövzusu olan hər hansı məsələyə baxılmasına xələl gətirməməlidir. Baş Katib bəyanatın geri götürülməsi haqqında bildiriş aldıqdan sonra müvafiq iştirakçı dövlət yeni bəyanat verməmişdirsə, hər hansı iştirakçı dövlətdən bu maddəyə müvafiq olaraq heç bir məlumat qəbul edilmir.

Maddə 22

1. Bu Konvensiyanın iştirakçı dövləti Konvensiya müddəalarını iştirakçı dövlətin pozmasının qurbanı olduqlarını iddia etmələrinə dair yurisdiksiyasında olan şəxslərin məlumatlarını, yaxud onların adından gələn bu qəbil məlumatları Komitənin almaq və onlara baxmaq səlahiyyətini tanındığı istənilən vaxt bu maddəyə müvafiq olaraq bəyan edə bilər. Komitə belə bəyanat verməmiş iştirakçı dövlətə aid heç bir məlumat qəbul etmir.

2. Komitə anonim və ya onun fikrincə, belə məlumatlar təqdim etmək hüququndan sui-istifadə edildiyi halda, yaxud bu Konvensiyanın müddəalarına uyğun gəlməyən hər hansı məlumatı bu maddəyə əsasən qəbul edilən saymır.

3. Komitə 2-ci bəndin müddəalarını nəzərə alaraq, bu maddəyə müvafiq olaraq ona təqdim edilmiş hər hansı məlumatı bu Konvensiyanın 1-ci bəndinə əsasən bəyanat vermiş və Konvensiyanın bu və ya digər müddəasını pozması güman edilən iştirakçı dövlətin diqqətinə çatdırır. Məlumatı almış iştirakçı dövlət altı ay ərzində Komitəyə məsələni və həmin dövlətin görə biləcəyi tədbirləri dəqiqləşdirən yazılı izahat və ya bəyanat təqdim edir.

4. Komitə bu maddəyə əsasən aldığı məlumatı həmin şəxs və ya onun adından, yaxud müvafiq iştirakçı dövlət tərəfindən Komitəyə təqdim edilmiş bütün informasiya baxımından nəzərdən keçirir.

5. Komitə, aşağıdakıları yəqin etməyincə, hər hansı şəxsin təqdim etdiyi heç bir məlumata bu maddəyə əsasən baxmır:

a) bu məsələ beynəlxalq istintaqın və ya tənzimin hər hansı başqa prosedurası üzrə baxılmamışdır və baxılmır;

b) həmin şəxsin bütün daxili hüquqi müdafiə tədbirləri tükənmişdir, həmin qayda bu tdbirlərin tətbiqinin əsassız ləngidilməsi və ya bu Konvensiyanın pozulmasının qurbanı olan şəxsə səmərəli kömək edilə bilməsinin çətin olması hallarına aid edilmir.

6. Bu maddə üzrə məlumatları baxarkən Komitə iclaslarını qapalı keçirir.

7. Komitə öz rəyini müvafiq iştirakçı dövlətə və həmin şəxsə bildirir.

8. Bu maddənin müddəaları bu Konvensiyanın beş iştirakçı dövləti bu maddənin 1-ci bəndinə müvafiq olaraq bəyanat verdikdə qüvvəyə minir. İştirakçı dövlətlər belə bəyanatları saxlanmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə təhvil verirlər. Baş Katib onların nüsxələrini digər iştirakçı dövlətlərə göndərir. Bəyanat istənilən vaxt Baş Katibin adına bildiriş göndərməklə geri götürülə bilər. Belə götürə bilmə, bu maddəyə müvafiq olaraq artıq verilmiş məlumatın mövzusu olan hər hansı məsələyə baxılmasına xələl gətirməməlidir. Baş Katib bəyanatın geri götürülməsi haqqında bildiriş aldıqdan sonra, müvafiq iştirakçı dövlət yeni bəyanat verməmişdirsə, hər hansı iştirakçı dövlətdən bu maddəyə müvafiq olaraq heç bir məlumat qəbul edilmir.

Maddə 23

Komitənin və 21-ci maddənin 1-ci bəndinin "e" yarımbəndinə əsasən təyin edə bilən xüsusi razılaşma komissiyalarının üzvləri Birləşmiş Millətlər Təşkilatının imtiyaz və immunitetləri haqqında Konvensiyanın müvafiq bölmələrində nəzərdə tutulduğu kimi, Birləşmiş Millətlər Təşkilatının tapşırığı ilə fəaliyyət göstərən ekspertlərin malik olduqları güzəştlərə, imtiyazlara və immunitetlərə malikdirlər.

Maddə 24

Komitə bu Konvensiyaya müvafiq olaraq gördüyü işlər barədə iştirakçı dövlətlərə və Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinə illik hesabat təqdim edir.

III HİSSƏ

Maddə 25

1. Bu Konvensiya bütün dövlətlərin imzalanması üçün açıqdır.

2. Bu Konvensiya təsdiq edilməlidir. Təsdiqetmə fərmanları saxlanmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə təhvil verilir.

Maddə 26

Bu Konvensiya bütün dövlətlərin qoşulması üçün açıqdır. Qoşulma bu haqda sənədin saxlanmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə təhvil verilməsi yolu ilə həyata keçirilir.

Maddə 27

1. Bu Konvensiya iyirminci təsdiqetmə fərmanı və ya qoşulma haqqında sənəd saxlanmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə təhvil veriləndən sonra otuzuncu gün qüvvəyə minir.

2. Bu Konvensiya iyirminci təsdiqetmə fərmanı və ya qoşulma haqqında sənəd saxlanmağa təhvil veriləndən sonra onu təsdiq edən, yaxud ona qoşulan hər bir dövlət üçün həmin dövlət öz təsdiqetmə fərmanını, yaxud qoşulma haqqında sənədini saxlanmağa təhvil verəndən sonra otuzuncu gün qüvvəyə minir.

Maddə 28

1. Hər hansı bir dövlət bu Konvensiyanı imzalayarkən və ya təsdiq edərkən, yaxud ona qoşularkən Komitənin 20-ci maddədə müəyyən edilən səlahiyyətini tanınmadığını bəyan edə bilər.

2. Bu maddənin 1-ci bəndinə müvafiq olaraq şərt qoymuş iştirakçı dövlət istənilən vaxt Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə bildirməklə şərtini geri götürə bilər.

Maddə 29

1. Bu Konvensiyanın hər hansı iştirakçı dövləti düzəliş təklif edə və onu Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə təqdim edə bilər. Sonra Birləşmiş Millətlər Təşkilatının Baş Katibi təklif olunmuş düzlişi iştirakçı dövlətlərə göndərərək, bu təklifə baxmaq və onu səsə qoymaq məqsədilə iştirakçı dövlətlərin konfransının çağırılmasına razı olub-olmamalarını ona bildirməyi xahiş edir. Bu məktubun göndərildiyi tarixdən keçən dörd ay ərzində iştirakçı dövlətlərdən ən azı üçdə biri belə konfransın çağırılmasına razılıq verərsə Baş Katib Birləşmiş Millətlər Təşkilatının himayəsilə konfrans çağırır. Baş Katib bu konfransda və səsvermədə iştirak edən iştirakçı dövlətlərin əksəriyyəti tərəfindən qəbul edilən hər hansı düzəlişi təsdiq üçün bütün iştirakçı dövlətlərə göndərir.

2. Bu maddənin 1-ci bəndinə müvafiq olaraq qəbul edilmiş düzəliş bu Konvensiyanın iştirakçı dövlətlərinin üçdə ikisi həmin düzəlişi öz konstitusiya prosedurlarına müvafiq qaydada qəbul etdiklərini Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə bildirdikdən sonra qüvvəyə minir.

3. Düzəlişlər qüvvəyə mindikdən sonra, onları qəbul etmiş iştirakçı dövlətlər üçün məcburi olur, digər iştirakçı dövlətlər üçün isə qəbul etmiş olduqları bu Konveniya müddəaları və əvvəlki düzəlişlər məcbüri olaraq qalır.

Maddə 30

1. Bu Konvensiyanın şərhinə və ya tətbiqinə dair iki, yaxud daha çox iştirakçı dövlət arasında danışıqlar yolu ilə həll edilə bilməyən hər hansı mübahisə onlardan birinin xahişi ilə arbitraja verilir. Tərəflər arbitraj haqqında xahişin verilməsindən sonra altı ay ərzində arbitrajın təşkili məsələsi barəsində razılığa gələ bilmirsə, mübahisə tərəflərdən hər hansı birinin xahişilə Məhkəmə Statusuna müvafiq olaraq, Beynəlxalq Məhkəməyə verilə bilər.

2. Hər bir dövlət bu Konvensiyanı imzalayarkən və ya təsdiq edərkən, yaxud ona qoşularkən özünün bu maddənin 1-ci bəndinin müddəaları ilə bağlı olmadığını bəyan edə bilər. Digər iştirakçı dövlətlər belə şərt qoymuş iştirakçı dövlətlər barəsində bu maddənin 1-ci bəndinin müddəaları ilə bağlı olmayacaqlar.

3. Bu maddənin 2-ci bəndinə müvafiq olaraq bəyanat vermiş hər hansı iştirakçı dövlət Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə bildiriş göndərməklə öz şərtini geri götürə bilər.

Maddə 31

1. Hər hansı iştirakçı dövlət Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə yazılı bildiriş göndərməklə bu Konvensiyanı denonsasiya edə bilər. Denonsasiya Baş Katib bildiriş alandan sonra qüvvəyə minir.

2. Belə denonsasiya iştirakçı dövləti denonsasiya qüvvəyə minənə qədər baş vermiş hərəkətinə və ya xətasına görə bu Konvensiya üzrə öhdəliklərindən azad etmir və denonsasiya qüvvəyə minənə qədər Komitədə artıq baxılmış və baxılmaqda olan hər hansı məsələyə xələl gətirə bilməz

3. Denonsasiya hər hansı dövlət üçün qüvvəyə mindikdən sonra Komitə həmin dövlətə aid yeni məsələlərin baxılmasına başlamır.

Maddə 32

Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Birləşmiş Millətlər Təşkilatının bütün üzv dövlətlərinə və bu Konvensiyanı imzalamış və ya ona qoşulmuş bütün dövlətlərə aşağıdakı məlumatları bildirir:

a) 25 və 26-cı maddələrə müvafiq olaraq, imzalama, təsdiqetmə və qoşulmaları;

b) 27-ci maddəyə müvafiq olaraq, bu Konvensiyanın qüvvəyə mindiyi tarixi və 29-cu maddəyə müvafiq olaraq, hər hansı düzəlişin qüvvəyə mindiyi tarixi;

c) 31-ci maddəyə müvafiq olaraq denonsasiyaları.

Maddə 33

1. İngilis, ərəb, ispan, çin, rus və fransız dillərindəki mətnləri eyni qüvvəyə malik olan bu Konvensiya saxlanmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə təhvil verilir.

2. Birləşmiş Millətlər Təşkilatının Baş Katibi bu Konvensiyanın təsdiq edilmiş nüsxələrini bütün dövlətlərə göndərir.

iacca
iap
business ready
eplc
Ən Tez