18-10-2009 | 04:02 1220
Oktyabrın 18-də Dövlət Müstəqilliyi günü ilə əlaqədar Maştağada mədəniyyət və istirahət parkında ümummilli lider Heydər Əliyevin heykəlinin açılışı olmuşdur.
Açılış mərasimində YAP sədrinin müavini - icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov, ədliyyə naziri Fikrət Məmmədov, Milli Məclisin deputatları, qəsəbə ictimaiyyətinin və əmək kollektivlərinin nümayəndələri, ziyalılar, müharibə və əmək veteranları, gənclər iştirak etmişlər.
Heykəlin üzərindəki ağ örtüyü Əli Əhmədov və Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Əlibaba Əliyev götürdükdən sonra abidənin önünə əklil qoyulmuşdur.
Açılış mərasimində çıxış edən Əlibaba Əliyev müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xidmətlərindən danışmışdır. O demişdir ki, ulu öndərimizin uğurlu daxili və xarici siyasəti sayəsində bu gün Azərbaycan Respublikası davamlı inkişaf yolundadır. Azərbaycanın ən çətin dövründə xalqımız öz nicatını Heydər Əliyevlə tapmışdır. Ümummilli lider hakimiyyətə qayıtdıqdan sonra ordu quruculuğunun, iqtisadi inkişafın təməli qoyulmuş, müstəqilliyimiz dönməz xarakter almışdır.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov belə abidələrin açılışının əhəmiyyətini qeyd etmişdir. Onun sözlərinə görə, respublikamızın müxtəlif yerlərində bu cür heykəllərin ucaldılması gənclərimizin, yeniyetmələrimizin dahi şəxsiyyəti daha yaxından tanımalarına öz töhfəsini verir. Azərbaycanın keçdiyi dövrə nəzər salsaq görərik ki, Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycanın inkişafında yeni mərhələnin başlanğıcı qoyulmuşdur.
Milli Məclisin deputatı Eldar Quliyev, Maştağa Ağsaqallar Şurasının sədri Məmmədağa Əliyev görkəmli dövlət xadimi Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı əvəzsiz tarixi xidmətlərindən danışmış, ümummilli liderimizin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini iftixarla vurğulamışlar.
Heykəlin müəllifi xalq rəssamı, tanınmış heykəltəraş, akademik Ömər Eldarovdur. Abidənin qoyulduğu mədəniyyət və istirahət parkı təmirdən sonra tamamilə yeni görkəm almışdır. Bir hektardan artıq ərazini əhatə edən istirahət ocağında 1000-ə yaxın ağac və müxtəlif kol əkilmiş, fəvvarə quraşdırılmışdır.
Daha sonra parkın ərazisində Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyat İdarəsi Sabunçu rayon qeydiyyat şöbəsi Maştağa qəsəbə bölməsinin yeni binasının açılışı olmuşdur. Ədliyyə naziri Fikrət Məmmədov və icra başçısı Əlibaba Əliyev rəmzi açılışı bildirən lenti kəsmişlər. Mərasim iştirakçıları foyedə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin rayona səfərlərini və Azərbaycan ədliyyəsinin inkişafı ilə bağlı fəaliyyətlərini əks etdirən fotostendlə tanış olmuşlar.
Maştağa qəsəbəsindəki mədəniyyət və istirahət parkında yerləşən ümumi sahəsi 200 kv.m olan 5 otaqdan ibarət olan bina müasir üslubda əsaslı təmir olunmuş, bütün zəruri avadanlıq və əyani vəsaitlərlə təchiz edilmişdir. Qəsəbə sakinlərinə əlverişli şərait yaradılması və müvafiq qeydiyyatın aparılması üçün onların uzaq məsafədə yerləşən qeydiyyat şöbəsinə getməsi zərurətinin aradan qaldırılması məqsədilə yaradılan bölmə vətəndaşların ədliyyə orqanlarına müraciət etmək imkanlarının asanlaşdırılmasına, əhaliyə göstərilən hüquqi yardımın keyfiyyətinin daha da yaxşılaşdırılmasına xidmət edəcəkdir.
Eyni zamanda, bölmənin fəaliyyətə başlaması ilə rayonun ona yaxın yerləşən Nardaran, Bilgəh, Pirşağı, Kürdəxanı və Zabrat qəsəbələrinin sakinləri də onun xidmətlərindən istifadə etmək imkanı əldə edəcəklər.