Hakimliyə namizədlərlə ilkin tədrisin nəticələri üzrə yazılı imtahan keçirilmişdir

Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına əsasən ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin beynəlxalq standartlar səviyyəsində, tam şəffaf şəraitdə seçilməsi prosesi davam edir.

Bu proses zamanı 704 nəfər hakimliyə namizəddən 102 nəfəri test üsulu ilə, habelə yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçmiş və yarım il davam edən tədris kursunu, habelə məhkəmələrdə, o cümlədən xaricdə stajkeçməni uğurla başa vurmuşdur.

Həmin namizədlərin peşə hazırlığının yoxlanılması məqsədilə tədrisin nəticələri üzrə onlarla yazılı imtahan keçirilmişdir. Texniki Universitetin İdman Sarayında bütün namizədlər üçün vahid auditoriyada təşkil olunmuş imtahanı 20-dək nüfuzlu beynəlxalq təşkilatlar, yerli QHT və hüquq müdafiə təşkilatlarından çoxsaylı müşahidəçilər, bütün televiziya kanalları və informasiya agentlikləri, habelə mətbuat nümayəndələri tam izləmişlər.

İmtahan başlamazdan əvvəl, yerindəcə, Hakimlərin Seçki Komitəsinin qapalı iclasında kazus xarakterli 8 sual hazırlanmış, həmin suallardan namizədlərin özləri cinayət və mülki sahəyə dair tam təsadüfi yolla ikisini seçmişlər. Seçilmiş suallar imtahan keçirilən auditoriyada, namizədlərin gözü qarşısında çoxaldılaraq onlara paylanmışdır.

4 saat davam edən imtahanda namizədlər verilmiş hüquqi kazusları həll etməklə, müvafiq məhkəmə qərarlarını tərtib etmək bacarıqlarını nümayiş etdirmişlər.

Hakimliyə namizədlərlə yazılı imtahan müşahidəçilər tərəfindən yüksək dəyərləndirilmişdir.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez