Azərbaycanda uğurlu gender siyasəti aparılır

Ölkəmizdə səfərdə olan BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitənin üzvü Navamanee Ratna Patten aprelin 17-də Ədliyyə Nazirliyində nazir müavini Toğrul Musayevlə görüşmüşdür.

Azərbaycanda məqsədyönlü gender siyasətinin aparıldığını vurğulayan nazir müavini, bu mühüm sahəyə ulu öndərimiz Heydər Əliyevin böyük önəm verdiyini, bununla əlaqədar xüsusi Dövlət Proqramının qəbul olunduğunu, bu gün Azərbaycanda qadın hüquqlarının təmin olunmasına, onların cəmiyyətdə və dövlət idarəçiliyində rolunun artmasına yönəlmiş siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etmiş, ölkəmizin iştirakçısı olduğu BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyasının müddəalarının milli qanunvericiliyə implementasiyası və beynəlxalq öhdəliklərin yerinə yetirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə danışmış, bunun üçün mükəmməl və zəruri normativ-hüquqi bazanın formalaşdığını, müvafiq təsisatların yaradıldığını diqqətə çatdırmışdır.

Görüş zamanı Azərbaycanda erməni təcavüzü nəticəsində 54%-ni qadınlar təşkil edən bir milyondan artıq soydaşımızın öz doğma yurdlarından qaçqın və məcburi köçkün düşdüyü və onların insan hüquqlarının kütləvi şəkildə pozulduğu xüsusi vurğulanmışdır.

Müasirləşən cəmiyyətimizdə qadın hüquqlarının daha etibarlı qorunmasında ədalət mühakiməsinin rolundan söz açan nazir müavini ölkəmizdə məhkəmə sisteminin müasirləşdirilməsi, ədliyyə orqanlarının inkişafı istiqamətində hərtərəfli islahatların aparıldığını vurğulamış, eyni zamanda, beynəlxalq təcrübədən faydalanmağın, hüquqi maarifləndirmə işinin gücləndirilməsinin və qeyri-hökumət təşkilatlarının dövlət orqanları ilə əməkdaşlığının səmərəliliyinin artırılmasının vacibliyini qeyd etmişdir.

Azərbaycanda qadın hüquqlarının qorunması sahəsində həyata keçirilən davamlı tədbirləri yüksək dəyərləndirən qonaq görülən işlərin hökumətin siyasi iradəsinin təzahürü olduğunu, qısa müddətdə səylərin intensivləşməsini, insan və maliyyə resurslarının cəlb olunmasını qeyd edərək, səmərəli həyata keçirilən gender siyasətinin Azərbaycanda qadınların ictimai-siyasi fəallığının daha da artmasına, onlara həyatın bütün sahələrində tam bərabər imkanlar açmasına möhkəm zəmin yaratdığını vurğulamışdır. Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Qanunun qəbulunu alqışlayan qonaq tezliklə Məişət zorakılığının qarşısının alınması haqqında Qanunun da qəbul olunacağına əminliyini ifadə etmişdir. Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında BMT Konvensiyasına Azərbaycanın ilk qoşulan ölkələr sırasında olduğunu məmnunluqla bildirən Komitə üzvü hökumətimizin həmin sənədlə bağlı təqdim etdiyi dövri hesabatı yüksək dəyərləndirərək, eyni zamanda bir sıra ölkələrin, o cümlədən, Ermənistanın hələ də belə hesabat təqdim etmədiyini diqqətə çatdırmış və bu məsələnin Komitənin iclasında müzakirə ediləcəyinin nəzərdə tutulduğunu bildirmişdir.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılmışdır. Sonra qonaq Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez