30-01-2008 | 04:02 1062
Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Alan Guidetti ilə görüşmüşdür.
Azərbaycanın dünyanın bir çox dövlətləri, xüsusilə Avropa ölkələri ilə səmərəli əməkdaşlıq etdiyini bildirən nazir, bu günlərdə İsveçrədə Davos forumu çərçivəsində dövlətlərimizin başçılarının keçirdikləri görüşün ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətini qeyd etmiş, hüquqi sahədə əlaqələrin gücləndirilməsi üçün geniş imkanların mövcud olduğunu vurğulamış, ölkəmizdə həyata keçirilən mütərəqqi məhkəmə-hüquq islahatları barədə ətraflı məlumat vermişdir.
İsveçrənin Azərbaycanla iqtisadi və digər istiqamətlərdə uğurlu əməkdaşlığı qeyd edən səfir, ədliyyə sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsində maraqlı olduğunu bildirmişdir. Qonaq həmçinin ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmə sisteminin müasirləşdirilməsi, hakimlərin ən şəffaf prosedurlar əsasında təyinatı üzrə işləri yüksək dəyərləndirmiş, bu islahatlara ölkəsinin hər cür dəstək verməyə hazır olduğunu bildirmişdir.
Görüşdə həmçinin, iki ölkənin ədliyyə orqanları arasında əməkdaşlığın müqavilə bazasının yaradılması, hakimlərin, hakimliyə namizədlərin və digər hüquqşünasların tədrisi, mütəxəssislərin qarşılıqlı səfərlərinin təşkili və s. məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılmış, konkret təkliflər irəli sürülmüşdür.
Tədbirdən sonra qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.