05-11-2007 | 04:02 1104
Ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatları Dövlət Katibinin Avropa və Avrasiya Məsələləri üzrə köməkçisi Daniel Frid noyabrın 5-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşmüşdür.
Azərbaycanda vüsət almış demokratik islahatlardan söhbət açan nazir ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən məhkəmə sisteminin müasirləşdirilməsini, yeni məhkəmələrinin yaradılmasını, hakimlərin ən şəffaf və demokratik üsullarla təyinatını qeyd etmiş, bu sahədə Avropa Şurası və ABŞ-la səmərəli əməkdaşlığı vurğulamışdır.
Azərbaycanın ABŞ üçün mühüm tərəfdaş və böyük əhəmiyyət kəsb edən dövlət olduğunu bildirən qonaq ölkəmizdə aparılan demokratik islahatlar çərçivəsində məhkəmə sistemində görülən işləri müsbət qiymətləndirərək, ölkəsinin Azərbaycanı güclü və stabil bir dövlət kimi görməkdə, əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu qeyd etmişdir. Məhkəmə-hüquq sahəsində qarşılıqlı fəaliyyətdən məmnun qaldığını deyən cənab D.Frid mütərəqqi islahatların və bu sahədə birgə səylərin davam etdirilməsinin vacibliyini vurğulamışdır.
Görüşdə qanunun aliliyinin qorunması, söz və mətbuat azadlığının təmin edilməsi, jurnalistlərin məsuliyyəti və digər məsələlər müzakirə olunmuşdur.
Tədbirdə ABŞ-ın ölkəmizdəki səfiri xanım Ann Dersi iştirak etmişdir.