05-11-2007 | 04:02 1005
Hakimliyə namizədlərin hakim vəzifələrinə hazırlanmaları üçün Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunmuş yarım illik kursun tədris proqramına əsasən ABŞ səfirliyinin, ATƏT və Amerika Hüquqşünaslar Assosiasiyasının (ABA CELLİ) dəstəyi ilə namizədlərlə bir həftəlik seminar təşkil olunmuşdur.
Tədris planına uyğun olaraq seminarda məhkəmə qərarlarının tərtibi, məhkəmə iclaslarının idarə olunması, hakimlərin etik davranışı, çəkişmə prinsipinin təmini məsələlərinə xüsusi diqqət yetiriləcək, namizədlərin hakimlik vərdişlərinə yiyələnmələri məqsədilə səhnələşdirilmiş məhkəmə prosesləri keçiriləcəkdir.
Nüfuzlu beynəlxalq ekspertlər, o cümlədən geniş hakimlik təcrübəsi olan mütəxəssislər tərəfindən keçirilən seminarın Ədliyyə Nazirliyi Hüquq-Tədris Mərkəzində açılışı olmuşdur.
Tədbirdə çıxış edən Hakimlərin Seçki Komitəsinin sədri, Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev ölkə prezidentinin tapşırığı ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə kompleks tədbirləri qeyd etmiş, hakimliyə namizədlərin tədrisinə xüsusi diqqət yetirildiyini vurğulamış, bu sahədə göstərdikləri yardıma görə ABŞ-ın Azərbaycandakı səfirliyinə, ATƏT-in Bakı ofisinə və Amerika Hüquqşünaslar Assosiasiyasına minnətdarlığını bildirmişdir.
ATƏT-in Bakı ofisinin rəhbəri Xose-Luis Herrero çıxış edərək Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatının mütərəqqi mahiyyətini qeyd etmiş, keçirilən tədris kursunun hakimliyə namizədlər üçün əhəmiyyətini vurğulamışdır.
Sonra seminar beynəlxalq ekspertlər Alan Geybl və Andreas Kirş-Vudun Məhkəmə çəkişməsi və tərəflərin bərabərliyi mövzusunda mühazirəsi ilə işini davam etdirmişdir.