31-10-2007 | 04:02 973
Ölkəmizdə penitensiar xidmətin inkişafına, məhkumların hüquqlarının təmin olunmasına, penitensiar müəssisələrin fəaliyyətinə ictimai nəzarətin gücləndirilməsinə xüsusi diqqət yetirilir.
Bu məqsədlə 2006-cı ildən yaradılaraq fəaliyyət göstərən İctimai Komitə ötən dövr ərzində müxtəlif cəzaçəkmə müəssisələrinə çoxsaylı baş çəkmələr həyata keçirmiş, məhkumların islah olunmasında iştirak edərək, onların asudə vaxtının səmərəli təşkili, saxlanma şəraitinin, tibbi-sanitariya təminatının yaxşılaşdırılması və digər istiqamətlərə diqqət yetirmişdir.
Bir illik səlahiyyət müddəti başa çatmış İctimai Komitənin fəaliyyətinin qiymətləndirilməsi və tərkibinin yenidən formalaşdırılması məqsədilə oktyabrın 31-də tərkibi aidiyyəti dövlət, habelə qeyri-hökumət təşkilatlarından, nüfuzlu ictimai xadimlərdən ibarət olan Seçki Komissiyasının iclası keçirilmişdir.
İclası açan ədliyyə naziri Fikrət Məmmədov ölkəmizin başçısı cənab İlham Əliyevin tapşırığına və ədliyyə orqanlarının inkişafı haqqında Fərmanına uyğun olaraq nazirliyin fəaliyyətinin, o cümlədən penitensiar xidmətin işinin müasir tələblər səviyyəsində qurulması, aşkarlığın və ictimaiyyətlə əlaqələrin gücləndirilməsi üzrə görülən işlər barədə məlumat vermişdir.
Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova, Milli Məclisin deputatı, Milli QHT Forumunun Prezidenti Azay Quliyev, Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun direktoru Rövşən Mustafayev, Avrasiya Hüquqşünaslar Assosiasiyasının sədri Nadir Adilov və Komissiyasının digər üzvləri iclasda çıxış edərək, penitensiar sistemdə son dövrdə aparılan mütərəqqi islahatları yüksək qiymətləndirmiş, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, bölgələrdə yeni qarşıq tipli cəzaçəkmə müəssisələrinin inşa olunması, habelə penitensiar sahədə pozuntuların aradan qaldırılması üzrə tədbirləri təqdir etmişlər.
Penitensiar müəssisələrin fəaliyyətində şəffaflığın artırılması məqsədilə bu sahədə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin üzərinə mühüm vəzifələr düşdüyü bildirilərək, məhkumların islah olunmasına diqqətin artırılması xüsusi qeyd edilmişdir.
Seçki Komissiyasının iclasında İctimai Komitə tərəfindən görülmüş işlər haqqında hesabatlar dinlənilmiş, Komitə üzvlərinin fəaliyyətinin nəticələri qiymətləndirilmiş və təhlillər aparılmış, qurumun fəaliyyətində iştirak etmək arzusunda olan qeyri-hökumət təşkilatlarının və hüquq müdafiəçilərinin Komissiyaya təqdim etdikləri proqram və təkliflərinə baxılmış, Komitənin tərkibi yenidən formalaşdırılmışdır.