Ədliyyə Nazirliyində görüş

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov oktyabrın 29-da fəaliyyət müddəti başa çatan Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lyu Kvanq-Çul ilə görüşmüşdür.

Ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini bildirən nazir hüquqi sahədə əlaqələrin əhəmiyyətini, müqavilə-hüquq bazasının möhkəmləndirilməsi üzrə görülən tədbirlərin iki ölkənin ədliyyə orqanları arasında əməkdaşlığın daha da dərinləşməsinə təkan verəcəyini vurğulamış, bu sahədə səfirin xidmətlərini qeyd etmişdir.

Koreya və Azərbaycan arasında səmərəli əməkdaşlığın həyata keçirildiyini bildirən səfir ölkəmizdə fəaliyyətdən məmnunluğunu ifadə etmiş, hüquqi sahədə qurulmuş əlaqələri yüksək dəyərləndirmiş və qarşılıqlı münasibətlərin gələcəkdə daha da genişlənəcəyinə əminliyini bildirmişdir.

Görüşdə əməkdaşlığın perspektivləri, o cümlədən hüquqi yardım, hakim və hakimliyə namizədlərin, habelə ədliyyə işçilərinin treninqi və tədris səfərlərinin təşkili, peşəyə buraxılışı həyata keçirən Ədliyyə Akademiyası ilə birgə tədbirlərin keçirilməsi, digər məsələlər barədə faydalı fikir mübadiləsi aparılmış, konkret təkliflər irəli sürülmüşdür.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez