Ölkəmizdə Avropada mülki ədalət mühakiməsi günü qeyd edilmişdir

05 iyun 2003-cü ildə Avropa Şurasının və Avropa Komissiyasının birgə təşəbbüsü ilə hər il oktyabr ayının 25-nin Avropada mülki ədalət mühakiməsi günü kimi qeyd edilməsi qərara alınmışdır. Bu günün keçirilməsində məqsəd Avropa Şurasına üzv olan 46 dövlətin 800 milyon vətəndaşının mülki hüquqlar və bu hüquqların həyata keçirilməsini təmin edən məhkəmə orqanlarının gündəlik fəaliyyəti haqqında məlumatlandırılması səviyyəsinin artırılmasıdır. Bu gün müxtəlif ölkələrdə vətəndaşların məhkəmələrin fəaliyyəti ilə daha yaxından tanış olmasına şərait yaradılır, mülki işlər üzrə ədalət mühakiməsinin həyata keçirilməsinə həsr olunmuş müxtəlif tədbirlər təşkil edilir.

Avropada mülki ədalət mühakiməsi günü ilə əlaqədar ölkəmizdə də geniş tədbirlər həyata keçirilmişdir.

Belə ki, 25 oktyabr 2007-ci il tarixdə respublikanın bütün məhkəmələrində açıq qapı günü elan edilmiş, həmin gün məhkəmə işçiləri tərəfindən vətəndaşların məhkəmə fəaliyyəti ilə bağlı qarşılaşdıqları problemlər üzrə izah tədbirləri keçirilmiş, onlarla məsləhətlər verilmişdir. Həmin gün həmçinin Ali Məhkəmədə, Ədliyyə Nazirliyində təcrübəli hakimlər tərəfindən işçilər üçün treninqlər, məhkəmələrdə məhkəmə aparatının işçiləri ilə seminarlar keçirilmişdir.

Bu gün həm də uzunmüddətli tədrisə cəlb edilmiş 102 nəfər hakimliyə namizəd üçün mülki ədalət mühakiməsinin həyata keçirilməsi məsələləri ilə bağlı geniş mühazirələr keçirilmişdir.

Eyni zamanda həmin gün Ali Məhkəmə tərəfindən on-line forum keçirilmiş, vətəndaşların insan hüquq və azadlıqlarının müdafiəsi və məhkəmə təminatı, həmçinin bütövlükdə məhkəmə fəaliyyəti ilə bağlı sualları Ali Məhkəmənin hakimləri tərəfindən cavablandırılmışdır.

Bundan başqa 25 oktyabr 2007-ci ildə yeni yaradılmış 1 saylı Bakı yerli İqtisad Məhkəməsinin internet saytının (www.bakueconomiccourt1.az) təqdimatı olmuş, saytda vətəndaşların hüquqlarının həyata keçirilməsi, qanunvericilik materialları, məhkəmənin fəaliyyəti və s. məlumatlar yerləşdirilmişdir.

Qeyd olunan tədbirlər kütləvi informasiya vasitələrində də geniş işıqlandırılmış, 25 oktyabr 2005-ci il tarixdə Hakimlərin Seçki Komitəsinin üzvləri televiziya verilişində Avropada mülki ədalət mühakiməsi gününün əhəmiyyəti və məqsədləri barəsində çıxış etmiş, canlı efirdə vətəndaşların mülki hüquqlarının həyata keçirilməsi ilə bağlı qaldırdıqları məsələlər üzrə izahlar verilmişdir.

Həmin gün ölkənin İctimai Televiziyasında Məhkəmə-Hüquq Şurası üzvünün və yüksək məhkəmə instansiyası hakiminin iştirak etdiyi Hüquq müstəvisi verilişində bu günün mahiyyəti, Azərbaycanda bununla bağlı həyata keçirilən tədbirlər barədə məlumat verilmiş, vətəndaşların mülki hüquqlarının daha etibarlı müdafiəsi və məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər müzakirə edilmişdir.

Qeyd edilənlərlə yanaşı Avropada mülki ədalət mühakiməsi günü ərəfəsində Məhkəmə-Hüququ Şurası tərəfindən gənc hüquqşünaslar üçün keçirilən İnsan hüquqlarının təmin edilməsində ölkədaxili və beynəlxalq vasitələr mövzusunda kurslarda mülki mühakimə icraatı ilə bağlı mövzular tədris edilmiş, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) ilə əməkdaşlıq şəraitində regionlarda hakimlər üçün mülki mühakimə icraatı ilə əlaqədar 2 günlük treninq təşkil edilmişdir.

Azərbaycan Respublikasında qarşıdakı illərdə də Avropada mülki ədalət mühakiməsi gününün ədalət mühakiməsinin, xüsusilə də mülki icraatın vətəndaşlara daha da yaxınlaşdırılması və insan haqlarının səmərəli müdafiəsinin təmin edilməsi vasitəsi kimi geniş qeyd edilməsi nəzərdə tutulur.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez