Ədliyyə Nazirliyində görüş

Azərbaycanda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədri xanım Mari Ann İsler Beqənin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 13-də ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşmüşdür.

Ölkəmizdə həyata keçirilən demokratik dəyişikliklərdən söhbət açan nazir məhkəmə-hüquq islahatlarının uğurlu nəticələri barədə qonaqlara ətraflı məlumat vermiş, insan hüquqlarının qorunmasına yönələn tədbirlərdən - məhkəmə sisteminin müasirləşdirilməsi, hakimlərin ən şəffaf üsullarla seçilməsi və təyinatı, ədliyyə fəaliyyətinin, o cümlədən penitensiar xidmətin təkmilləşdirilməsi üzrə görülən genişmiqyaslı işlərdən danışmış, bu sahədə beynəlxalq təşkilatlarla, Avropa İttifaqı ilə səmərəli əməkdaşlığı xüsusi qeyd etmişdir.

Azərbaycanın Avropa İttifaqı ilə fəal əməkdaşlığını vurğulayan xanım Beqən Milli Məclisdə keçirilmiş Avropa İttifaqının Cənubi Qafqaz Parlamentlərarası Əməkdaşlıq Komitəsinin səkkizinci iclası ilə bağlı təəssürətlarını bölüşmüş, açıq və faydalı müzakirələrin aparıldığını bildirmişdir. Qonaqlar Avropaya sıx inteqrasiya edən ölkəmizdə həyata keçirilən mütərəqqi islahatlar, ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlər barədə məlumatları maraqla qarşılamışlar.

Səmərəli fikir mübadiləsi şəraitində keçən görüşdə əməkdaşlıq məsələləri, söz və mətbuat azadlığı, jurnalistlərlə bağlı və digər mövzular müzakirə edilmiş, qonaqları maraqlandıran suallar ətraflı cavablandırılmışdır.

Nümayəndə heyəti üzvlərinin arzusuna əsasən, tədbirdən sonra onların penitensiar müəssisələrə baş çəkməsinə şərait yaradılmışdır.

 

 

 

 

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez