Ədliyyə Nazirliyində görüş

Azərbaycanda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Peter Simnebinin başçılıq etdiyi nümayəndə heyəti iyulun 20-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşmüşdür.

Ölkəmizin mötəbər beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığını vurğulayan nazir Avropa İttifaqı kimi nüfuzlu qurumla əlaqələrin son dövrdə genişlənləndiyini razılıqla qeyd etmişdir. O, ölkəmizdə insan hüquqlarının etibarlı müdafiəsinə xidmət edən məhkəmə sisteminin müasirləşdirilməsi, yeni məhkəmələrin yaradılması, hakimlərin fəaliyyətinə prinsipial qiymət verilməsi və onların seçimində ən mütərəqqi üsulların tətbiqi, ədliyyə orqanlarının inkişafı üzrə görülən genişmiqyaslı işlər, o cümlədən penitensiar sistemdə islahatlar, bu sahədə ictimai nəzarətin gücləndirilməsi barədə ətraflı məlumat vermişdir.

Ölkəmizdə uğurla aparılan məhkəmə-hüquq islahatını, bölgələrdə apellyasiya məhkəmələrinin fəaliyyətə başlamasını, əlavə iqtisad məhkəmələrinin yaradılmasını və digər mütərəqqi yenilikləri böyük maraqla qarşılayan qonaqlar bu tədbirlərin insan hüquqlarının etibarlı müdafiəsi ilə yanaşı, sahibkarlığın inkişafına xidmət etdiyini bildirmişlər. Cənab Peter Simnebi Azərbaycanda iqtisadi inkişafı və demokratik prosesləri Avropa Birliyinin ATƏT və Avropa Şurası ilə birgə dəstəklədiyini bildirmişdir.

Görüşdə hüquqi sahədə əməkdaşlığın genişləndirilməsi, söz və mətbuat azadlığı, jurnalistlərin məsuliyyəti və digər məsələlər barədə səmərəli fikir mübadiləsi aparılmış, qonağı maraqlandıran suallar ətraflı cavablandırılmışdır.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez