Ədliyyə Nazirliyində görüş

Ölkəmizdə səfərdə olan Human Rights Watch beynəlxalq təşkilatının İcraçı Direktoru Kenet Rot iyulun 17-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşmüşdür.

Demokratik dəyərlərə daim sadiq olan Azərbaycan Respublikasında insan hüquqlarının, o cümlədən məlumat azadlığının təmin edilməsinə yönəlmiş ardıcıl tədbirlər barədə ətraflı məlumat verən nazir bu sahədə nüfuzlu beynəlxalq təşkilatlarla həyata keçirilən səmərəli əməkdaşlığın əhəmiyyətini qeyd etmişdir. O, ölkəmizdə söz və mətbuat azadlığına mühüm diqqət yetirildiyini xüsusi vurğulayaraq, demokratiyanın inkişafını səciyyələndirən 3500-dən artıq mətbu nəşrin təsis olunmasını, 2400-dən çox qeyri-hökümət təşkilatının dövlət qeydiyyatına alınmasını və digər faktları diqqətə çatdırmışdır.

Eyni zamanda, insan hüquqlarının qorunmasında məhkəmələrin mühüm rolu qeyd edilərək, ölkəmizin məhkəmə sistemində həyata keçirilən mütərəqqi islahatlar, o cümlədən hakimlərin və vəkillərin sayının xeyli artırılması, yeni məhkəmələrin yaradılması, regionlarda apellyasiya məhkəmələrinin fəaliyyətə başlaması, hakimliyə namizədlərin ən demokratik və şəffaf üsullarla seçilməsi ilə bağlı görülən işlər, penitensiar sistemin fəaliyyətinin təkmilləşdirilməsi, bu sahədə ictimai nəzarətin təmin olunması barədə qonağa ətraflı məlumat verilmişdir.

Cənab Kenet Rot təmsil etdiyi təşkilat haqqında danışaraq, qurumun dünyanın 70 ölkəsində, o cümlədən Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə bağlı fəaliyyət göstərdiyini bildirmişdir. Mətbuat azadlığı məsələsinə toxunan qonaq müxbirlərin heç də həmişə obyektivliyi gözləmədiklərini etiraf edərək, peşə məsuliyyətinin yüksəldilməsi zəruriliyini vurğulamış, güzəştli münasibəti jurnalistlərə daha təsirli üsullardan biri kimi qeyd etmişdir.

Görüşdə kütləvi informasiya vasitələrinin fəaliyyəti və qanunçuluq, jurnalistlərin məsuliyyəti, məhkum olunmuş müxbirlərlə bağlı və digər məsələlər barədə səmərəli fikir mübadiləsi aparılmış, qonağı maraqlandıran suallara aydınlıq gətirilmişdir.

Tədbirdən sonra cənab Kenet Rot Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez