09-07-2007 | 04:02 1062
İyulun 9-da Məhkəmə-Hüquq Şurası tərəfindən Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) ilə birgə İnsan hüquqları üzrə Avropa Konvensiyasının Azərbaycan hüquq sisteminin inkişafına təsiri mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Tədbirdə Ali Məhkəmənin sədri Ramiz Rzayev, Avropa İnsan Hüquqları Məhkəməsinin hakimləri Boştian Zhupançiç (Sloveniya) və Xanlar Hacıyev (Azərbaycan), Almaniyanın Berlin Yuxarı Torpaq Məhkəməsinin sədri Monika Nöhre, ABŞ-ın federal apellyasiya məhkəməsinin hakimi Bruks Smit, beynəlxalq təşkilatların nümayəndələri, Məhkəmə-Hüquq Şurasının üzvləri, hakimlər, dövlət ittihamçıları, vəkillər və hakimliyə namizədlər iştirak etmişlər.
Konfransı Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov açaraq, insan hüquqlarının müdafiəsini özünün ali məqsədi kimi bəyan etmiş dövlətimizin hüquq sisteminin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsində İnsan hüquqları üzrə Avropa Konvensiyasının əhəmiyyətni qeyd etmiş, nüfuzlu beynəlxalq təşkilatlar, xüsusən Avropa Şurası ilə sıx əməkdaşlıq şəraitində Azərbaycanda uğurla həyata keçirilən məhkəmə-hüquq islahatları barədə konfrans iştirakçılarına məlumat vermişdir.
Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin layihə rəhbəri Thomas Herrmann məhkəmə-hüquq islahatlarının aparılmasında və demokratik təsisatların yaradılmasında ölkəmizin böyük uğurlara nail olduğunu qeyd edərək, Azərbaycanda Avropa Məhkəməsi presedent hüququnun öyrənilməsi üzrə görülən işləri yüksək qiymətləndirmiş, bu baxımdan hazırkı konfransın mühüm əhəmiyyətini vurğulamışdır.
Tədbirdə Boştian Zhupançiç, Xanlar Hacıyev, Bruks Smit, Monika Nöhre, Milli Məclisin komissiya sədri Əli Hüseynov, Milli Məclis aparatının şöbə müdiri, Venesiya Komissiyasının üzvü Lətif Hüseynov, Ədliyyə Nazirliyinin idarə rəisi, Məhkəmə-Hüquq Şurasının üzvü Azər Cəfərov və başqaları Avropa Məhkəməsi qərarlarının şərhi, demokratik dəyərlərin qorunmasında hakimin rolu, İnsan hüquqları üzrə Avropa Konvensiyasının Azərbaycan qanunvericiliyində implementasiyası, Avropa presedent hüququnun yerli məhkəmələr tərəfindən tətbiqi məsələləri, hakimlərin və məhkəmələrin müstəqilliyinin təmin edilməsində Məhkəmə-Hüquq Şurasının rolu, Almaniyanın və ABŞ-ın məhkəmə təcrübəsi və digər mövzularda məruzələrlə çıxış etmiş, faydalı müzakirələr keçirilmiş, təkliflər, tövsiyələr verilmişdir.
Səmərəli fikir mübadiləsi şəraitində keçən konfransda məhkəmə-hüquq sistemini müasir tələblərə uyğun inkişaf etdirən Azərbaycanda beynəlxalq hüquq normalarının, qabaqcıl xarici təcrübənin, xüsusən İnsan hüquqlarının müdafiəsi üzrə Avropa Konvensiyasının öyrənilməsinə və tətbiqinə lazımi önəm verilməsi hüquqi dövlət quruculuğunun real təzahürü kimi dəyərləndirilmişdir.
F.Məmmədov tədbirdə iştirak etmiş qonaqlarla işgüzar görüşlər keçirmiş, əməkdaşlıq məsələləri müzakirə edilmişdir.