ABŞ Azərbaycanla hüquqi əməkdaşlığa böyük maraq göstərir

İyulun 2-də ABŞ-ın ölkəmizdəki səfiri xanım Ann Dersi ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşmüşdür.

Dövlətlərimiz arasında qarşılıqlı münasibətlərin uğurla inkişaf etdiyini vurğulayan nazir Azərbaycanda həyata keçirilən demokratik islahatlara toxunaraq, ölkə başçısının tapşırıqlarına əsasən məhkəmə hakimiyyətinin möhkəmləndirilməsinə və ədliyyə orqanlarının inkişafına yönəlmiş genişmiqyaslı tədbirlərdən ətraflı danışmışdır. O, milli qanunvericiliyin təkmilləşdirilməsi, yeni demokratik təsisatların yaradılması, regional apellyasiya məhkəmələrinin formalaşdırılması, hakimlərin təyinatları, ən mütərəqqi və şəffaf prosedurlar əsasında hakimliyə namizədlərin seçimi haqqında geniş məlumat vermişdir.

Xanım Dersi demokratik cəmiyyətdə müstəqil məhkəmə hakimiyyətinin əhəmiyyətini qeyd edərək, Azərbaycanda uğurla aparılan məhkəmə-hüquq islahatlarını ölkəsinin tam dəstəklədiyini bildirmiş, məhkəmə və ədliyyə sistemində, o cümlədən penitensiar sahədə həyata keçirilən mütərəqqi dəyişiklikləri böyük maraqla qarşılamışdır. O, regionlarda apellyasiya məhkəmələrinin yaradılmasını və hüquq təsisatlarının inkişafını, hakimliyə namizədlərin ən müasir üsullarla seçilməsini çox yüksək qiymətləndirmiş, bu və digər sahələrdə ölkəsinin əməkdaşlığa hazır olduğunu diqqətə çatdırmışdır.

Görüşdə demokratiyanın inkişafı, ədliyyə və məhkəmə fəaliyyətində aşkarlıq, hakimlərin məsuliyyəti, onların tədrisi, informasiya təminatı, hüquqi şəxslərin dövlət qeydiyyatı məsələləri müzakirə olunmuş, digər mövzulara dair faydalı fikir mübadiləsi aparılmışdır.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez