Məhkəmə-Hüquq Şurasının iclası keçirilmişdir

Məhkəmə-Hüquq Şurasının növbəti iclasında hakimlərin fəaliyyətinin qiymətləndirilməsi və yeni apellyasiya məhkəmələrinin formalaşdırılması məsələləri müzakirə edilmişdir.

Fikrət Məmmədovun sədrliyi ilə keçən tədbirdə qeyd olunmuşdur ki, son dövrdə məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi məqsədilə qanunvericilikdə mütərəqqi dəyişikliklər edilmiş, beynəlxalq təcrübəyə uyğun yeni təsisatlar yaradılmış, məhkəmələrin müstəqilliyinin təmin edilməsi üçün əsaslı tədbirlər görülmüş, hakimliyə namizədlərin ən demokratik və şəffaf üsullarla seçimi təşkil olunmuşdur.

 

 

Ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarının icrası üzrə görülən tədbirlər sırasında ötən iki il ərzində Məhkəmə-Hüquq Şurası tərəfindən müxtəlif instansiya məhkəmələrinin hakimləri barədə 77 intizam icraatı başlanılmış, onların 56-na baxılaraq, barələrində müxtəlif cəzalar tətbiq edilmiş, o cümlədən 2 hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmişdir.

Şurada hakimlər barədə başlanılmış intizam icraatlarına baxılaraq, fəaliyyətlərində qanunvericiliyin tələblərini pozduqlarına, o cümlədən vətəndaşların hüquqlarının həyata keçirilməsinə süni maneələr yaratmaqla korrupsiya ilə əlaqədar hüquqpozmalara yol verdiklərinə görə Apellyasiya məhkəməsinin hakimləri Cavanşir Məmmədov, Bəhram Şükürov və Salman Babayev intizam məsuliyyətinə cəlb edilməklə onların vəzifədə aşağı salınması barədə qərar qəbul olunmuş, həmin məhkəmənin hakimi Allahverən Həsənova, Bakı şəhərinin Suraxanı rayon məhkəməsinin hakimi Şövkət Nəcəfovaya və Nizami rayon məhkəməsinin hakimi Hüseyn Hüseynova töhmət verilmişdir.

İclasda, dövlət başçısının məhkəmə sisteminin müasirləşdirilməsi üzrə fərmanı ilə bağlı görülmüş tədbirlər, o cümlədən Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlərin fəaliyyətinin qiymətləndirilməsinin aparılması qeyd edilmiş, məhkəmə hakimiyyətində yalnız mənəvi saflığı, peşəkarlığı, yüksək hazırlığı və qərəzsizliyi ilə fərqlənən hakimlərin təmsil olunmasının zəruriliyi bildirilmişdir.

Şurada apellyasiya instansiyası məhkəmələri hakimlərinin tərkibinə fəaliyyətlərində olan nöqsan və çatışmazlıqlar yönündə bir daha tənqidi baxılmış, onların bir çoxunun intizam qaydasında cəzalandırılması, o cümlədən vəzifədə aşağı salınması barədə qərarların qəbul edilməsi nəzərə alınmış, prinsipial təhlil nəticəsində isə bəzilərinin yeni yaradılan apellyasiya məhkəmələrinin hakimi qismində fəaliyyətlərini davam etdirməsi mümkün bilinmişdir.

Eyni zamanda, təcrübəli, nüfuzlu və mənəvi cəhətdən təmiz şəxslərin Ali Məhkəmənin hakimi vəzifəsinə təqdim edilməsi məsələləri müzakirə olunmuş, dövlət başçısına müvafiq təkliflər verilmişdir.

İyunun 12-də Azərbaycan Respublikası Prezidenti İcra Aparatının rəhbəri, Korrupsiyaya Qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının sədri Ramiz Mehdiyev təyinat üçün təqdim olunmuş hakimlərlə görüşmüş, Məhkəmə-Hüquq Şurasının təkliflərinin dövlət başçısı tərəfindən bəyənildiyini və Milli Məclisə təqdim olunduğunu bildirmişdir. O, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, məhkəmələr tərəfindən insan hüquqlarının etibarlı qorunması, mövcud nöqsanların, sui-istifadə və digər neqativ halların qətiyyətlə aradan qaldırılması ilə bağlı ölkə rəhbərinin tövsiyələrini çatdırmışdır.

 

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez