Azərbaycanla İtaliya arasında hüquqi əməkdaşlıq uğurla inkişaf edir

Dünya birliyinə sürətlə inteqrasiya edən ölkəmizdə Avropanın nüfuzlu dövlətləri ilə ikitərəfli münasibətlərin genişlənməsinə xüsusi önəm verilir.

İtaliyanın ədliyyə naziri ilə görüş

Avropa məkanında Azərbaycanın iqtisadi, mədəni və hüquqi sahədə səmərəli əlaqələrə malik olduğu ölkələrdən biri İtaliyadır. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan-İtaliya əməkdaşlığını uğurla davam etdirən Prezident cənab İlham Əliyevin 2005-ci ildə İtaliyaya rəsmi səfəri zamanı yüksək səviyyəli danışıqlar aparılmış, müxtəlif sahələri əhatə edən mühüm sənədlər, o cümlədən Ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanmışdır. Hüquqi sahədə əməkdaşlıq səmərəli qurularaq, həmin ilin mayında İtaliyanın regional işlər üzrə naziri Enriko La Loccia, ötən ilin martında isə ədliyyə naziri Roberto Kastelli Azərbaycana səfər etmiş, faydalı görüşlər keçirilmiş, əməkdaşlıq tədbirlərinə dair protokol imzalanmışdır.

Ali Hakimlər Şurasının
rəhbəri ilə görüş

Qurulmuş əlaqələrin davamı olaraq, İtaliyanın yeni ədliyyə naziri Klemente Mastellanın dəvətinə əsasən Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov nümayəndə heyəti ilə bu günlərdə İtaliyada rəsmi səfərdə olmuşdur.

Ədliyyə naziri ilə görüşdə cənab Mastella dövlətlərimiz arasında müxtəlif sahələrdə mövcud olan səmərəli əlaqələri vurğulayaraq, ölkəmizin əldə etdiyi iqtisadi uğurlardan məlumatlı olduğunu qeyd etmiş, qarşılıqlı faydalı münasibətlərin inkişafında İtaliyanın maraqlı olduğunu bildirmişdir. O, ədliyyə və məhkəmə orqanlarının fəal əməkdaşlığının, imzalanmış sənədlərin əhəmiyyətini vurğulamış, əlaqələrin daha da genişləndirilməsi perspektivlərindən danışmışdır.

Ali Kassasiya Məhkəməsinin
sədri V. Karbone ilə görüş

Yüksək səviyyəli qonaqpərvərliyə görə təşəkkürünü bildirən F.Məmmədov Azərbaycanla İtaliya arasında müxtəlif sahələrdə əməkdaşlığın dinamik inkişafını məmnunluqla vurğulamışdır. O, ölkəmizdə aparılan məhkəmə-hüquq islahatlarından söhbət açaraq, İtaliya ekspertlərinin bu işə verdiyi töhfəni yüksək dəyərləndirmişdir.

Danışıqlarda ədliyyə və məhkəmə fəaliyyətinə dair təcrübə mübadiləsi, terrorçuluq, mütəşəkkil cinayətkarlıq, korrupsiya ilə mübarizə üzrə əməkdaşlıq, dünyada ölüm cəzasının ləğvi ilə bağlı İtaliya təşəbbüsü, hakimlərin tədrisi və digər məsələlər müzakirə olunmuş, Azərbaycanın ədliyyə naziri italiyalı həmkarını ölkəmizə səfərə dəvət etmişdir. Cənab Mastella dəvəti böyük məmnunluqla qəbul edərək, hakimlərdən, ədliyyə işçilərindən ibarət geniş tərkibli nümayəndə heyəti ilə Azərbaycana səfər edəcəyini, ölkəmizdə aparılan mütərəqqi islahatlara dəstək veriləcəyini bildirmişdir.

Baş prokuror M.D.Priskoli ilə görüş

Görüşdən sonra nazirlərin iştirakı ilə İtaliyanın çoxsaylı KİV nümayəndələri üçün mətbuat konfransı keçirilmişdir. F.Məmmədov öz açıqlamasında Azərbaycanda siyasi, iqtisadi və sosial sahələrdə aparılan mütərəqqi islahatlar, əldə edilən uğurlar, məhkəmə və ədliyyə sisteminin müasirləşdirilməsi üzrə həyata keçirilən genişmiqyaslı tədbirlərdən danışmış, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin reallıqları barədə geniş məlumat verərək, ölkəmizin tarixi faktlara və beynəlxalq hüquq normalarına əsaslanan haqlı mövqeyini diqqətə çatdırmışdır.

Səfərlə bağlı regionun və şəhərin başçılarının, məhkəmələrin və hüquq-mühafizə oqanları rəhbərlərinin iştirakı ilə təşkil olunmuş ziyafətdə faydalı danışıqlar aparılmış, Beneventonun yerləşdiyi əyalətin mərkəzi şəhəri Neapolun Bakı ilə qardaşlaşmış şəhər olduğu üçün tədbir iştirakçıları Azərbaycana xüsusi maraq göstərdiklərini bildirmiş, ölkəmizin hərtərəfli və sürətli inkişafına ürəkdən sevindiklərini vurğulamışlar.

İtaliyanın sabiq ədliyyə naziri,
senator R.Kastelli ilə görüş

Səfər çərçivəsində Məhkəmə-Hüquq Şurasının sədri F.Məmmədovun İtaliya Ali Hakimlər Şurasının rəhbəri, senator Nikola Mançino ilə görüşündə məhkəmə fəaliyyətinin şəffaflığı, ölkəmizdə hakimlərin seçimində mütərəqqi üsulların tətbiqi, başçılıq etdikləri qurumların fəaliyyəti ilə bağlı fikir və təcrübə mübadiləsi aparılmışdır. Cənab Mançino ötən əsrin 70-ci illərində Neapol şəhərinin nümayəndəsi qismində Bakıya səfər etdiyini və ümummilli liderimiz Heydər Əliyevin 1997-ci ildə İtaliyaya dövlət səfəri zamanı İtaliya Senatının sədri kimi onunla görüşdüyünü qeyd edərək, unudulmaz xatirələrini bölüşmüşdür.

F.Məmmədov İtaliya Ali Kassasiya Məhkəməsinin sədr əvəzi V.Karbone, Baş prokuror M.D.Priskoli ilə görüşlər keçirmiş, ədalət mühakiməsinin səmərəli həyata keçirilməsi, əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. F.Məmmədov, həmçinin İtaliyanın sabiq ədliyyə naziri, senator R.Kastelli ilə görüşmüşdür.

Görüşlərdə Azərbaycanın İtaliyadakı səfiri Emil Kərimov iştirak etmişdir.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez