Azərbaycan ATƏT-lə sıx əməkdaşlıq edir

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov mayın 22-də ATƏT-in Bakıdakı Ofisinin yeni rəhbəri cənab Xose-Luis Herrero Ansola ilə görüşmüşdür.

Avropa strukturlarına sıx inteqrasiya edən Azərbaycanda həyata keçirilən mütərəqqi dəyişikliklərdən danışan nazir milli qanunvericiliyin təkmilləşdirilməsi, demokratik təsisatların inkişafı, məhkəmə sisteminin müasirləşdirilməsi, ədliyyə orqanlarının, eləcə də vəkillik institutunun inkişafı üzrə görülən tədbirlər barədə ətraflı məlumat vermişdir. O, insan haqlarının, xüsusilə məhkumların hüquqlarının təmin edilməsinə toxunaraq, penitensiar sistemdə aparılan islahatları və bu sahədə ictimai nəzarətin gücləndirilməsi məqsədilə atılan konkret addımları diqqətə çatdırmış, ölkəmizin nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən ATƏT-lə hərtərəfli əməkdaşlığa mühüm önəm verdiyini qeyd etmişdir.

Səmimi qəbula görə təşəkkürünü bildirən qonaq Azərbaycanda yuvenal ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı hesabatlar haqda məlumat vermiş, ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları və hakimlərin şəffaf üsullarla seçilməsi barədə məlumatları maraqla qarşılamışdır. O, penitensiar sahədə ictimai nəzarətin həyata keçirilməsini təqdirəlayiq qiymətləndirmiş, hərtərəfli əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fikirlərini bildirmişdir.

Görüşdə hakimlərin tədrisi, ölkə əhalisinin dövlət reyestri, hüquqi şəxslərin qeydiyyatı, vəkillik institutunun təkmilləşdirilməsi və digər məsələlər üzrə səmərəli fikir mübadiləsi aparılmışdır.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez