Moldova - Azərbaycan: Hüquqi sahədə əməkdaşlıq genişlənir

Ölkəmizdə səfərdə olan Moldovanın ədliyyə naziri Aleksandru Tanase noyabrın 16-da respublikamızın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşmüşdür.

Azərbaycan və Moldova arasında ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin dinamik inkişafını vurğulayan nazir zəngin müqavilə-hüquq bazasının, həmçinin Ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında Sazişin qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsinə mühüm zəmin yaratdığını söyləmiş, Azərbaycanda ədliyyə və məhkəmə sistemində aparılan uğurlu islahatlardan ətraflı danışmışdır.

Ölkələrimiz arasında hərtərəfli əlaqələrin yüksələn xətt üzrə inkişafından məmnunluğunu ifadə edən nazir A.Tanase, respublikamızda baş verən sürətli iqtisadi tərəqqidən məlumatlı olduğunu bildirmiş, məhkəmə-hüquq, o cümlədən penitensiar sistemin müasirləşdirilməsi üzrə aparılan islahatlara maraq göstərərək, əldə olunmuş yüksək nailiyyətləri alqışlamış və bu baxımdan təcrübə mübadiləsinin səmərəsini qeyd edərək iştirak etdiyi yuvenal ədliyə üzrə Milli Məclisdə keçirilən beynəlxalq konfransın əhəmiyyətini vurğulamışdır.

Səmimi şəraitdə keçən görüşdə əməkdaşlıq perspektivləri, korrupsiya ilə mübarizə sahəsində Azərbaycan təcrübəsi və digər məsələlər müzakirə olunmuş, faydalı fikir mübadiləsi aparılmışdır.

Qonaq həmçinin nazirlikdə Heydər Əliyev və Ədliyyə tarixi muzeyləri ilə tanış olmuşdur.

Elə həmin gün Moldovanın ədliyyə naziri ölkəmizin penitensiar sahədə aparılan islahatları ilə yaxından tanış olmaq üçün beynəlxalq standartlara uyğun inşa olunmuş yeni Bakı istintaq təcridxanasına baş çəkmişdir. Noyabrın 17-də isə qonağın Ali Məhkəmənin fəaliyyəti və yeni möhtəşəm və müasir binası ilə tanışlığı nəzərdə tutulur.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez