08-05-2007 | 04:02 1699
Müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü Ədliyyə Nazirliyində geniş qeyd olunmuşdur. Nazirliyin işçiləri mayın 8-də Fəxri xiyabana gələrək, ümummilli liderin məzarını böyük ehtiramla ziyarət etmişlər.
Tədbir Ədliyyə Nazirliyində yaradılmış Heydər Əliyev muzeyində davam etdirilmişdir. Əvvəlcə ədliyyə işçiləri ulu öndərin büstü önünə təzə-tər gül-çiçək dəstələri qoymuşlar. Mərasimi açan ədliyyə naziri Fikrət Məmmədov parlaq və təkrarsız şəxsiyyət, müasir Azərbaycan dövlətçiliyinin memarı Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, onun xalqımız qarşısında misilsiz xidmətlərindən danışmışdır. O, ümummilli liderimizin quruculuq missiyasının möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, iqtisadi inkişafa görə Azərbaycanın dünyada lider dövlətə çevrildiyini diqqətə çatdırmışdır.
Tədbirdə iştirak edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının üzvü Mübariz Qurbanlı ulu öndərin bənzərsiz tarixi şəxsiyyət kimi Azərbaycan dövlətçiliyinin təşəkkülündə əvəzsiz xidmətlərini, onun dövlət quruculuğu sahəsində təcrübəsinin ölkəmizin davamlı inkişafını daim himayə etdiyini vurğulamışdır.
Çıxış edən ədliyyə işçiləri Azərbaycan tarixində əbədi və uca yer tutan Heydər Əliyevin strateji inkişaf kursunun davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevə bundan sonra da layiqli yardımçı olacaqlarını, ümümmilli liderin ölməz ideyalarına daim sadiq qalacaqlarını bildirmişlər.
Nazirliyin kino zalında ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş filmlər nümayiş etdirlmişdir.
Əlamətdar gün münasibətilə digər tədbirlər keçirilmiş, ədliyyə işçiləri Heydər Əliyev Fondunun Hərəyə bir ağac əkək təşəbbüsünə qoşularaq, Suraxanı rayonunda ağac əkmiş, ərazidə abadlıq işləri aparılmışdır.