26-04-2007 | 04:02 1161
Azərbaycanda səfərdə olan Gürcüstanın Baş prokuroru Zurab Adeişvili mayın 2-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşmüşdür.
Ölkələrimiz arasında tarixən mövcud olan dostluq əlaqələrinin və strateji tərəfdaşlıq münasibətlərinin uğurlu inkişafını, son dövrdə hüquqi sahədə əməkdaşlığın genişlənməsini razılıqla vurğulayan nazir, fevral ayında Gürcüstan ədliyyə nazirinin Azərbaycana səfərini və bu zaman imzalanmış Əməkdaşlıq Proqramının əhəmiyyətini qeyd etmişdir. O, ölkəmizdə aparılan demokratik islahatlar, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən məhkəmə sisteminin müasirləşdirilməsi və ədliyyə fəaliyyətinin o cümlədən penitensiar sistemin təkmilləşdirilməsi, huquq təsisatlarının inkişafı üzrə görülən əsaslı tədbirlər barədə qonağa geniş məlumat vermişdir.
Səmimi qəbula görə minnətdarlığını bildirən cənab Adeişvili etibarlı tərəfdaş olan Azərbaycan dövlətinin əldə etdiyi uğurlara dost gürcü xalqının ürəkdən sevindiyini vurğulamış, hüquqi sahədə aparılan mütərəqqi islahatların, ədliyyə orqanlarının, vəkillik institutunun inkişafı və ədalət mühakiməsinin səmərəliliyinin artırılması, o cümlədən hakimliyə namizədlərin demokratik və şəffaf üsullarla seçimi üzrə görülən genişmiqyaslı işlərin böyük maraq doğurduğunu, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini qeyd etmişdir.
Görüşdə ölkələrimizin hüquq-mühafizə orqanları arasında əlaqələrin, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri müzakirə olunmuşdur. Fikrət Məmmədov İcraiyyə Komitəsinin üzvü olduğu Beynəlxalq Prokurorlar Assosiasiyasında Gürcüstanın təmsil olunmasının əhəmiyyətini qeyd edərək, bunun üçün zəruri yardım göstərməyə hazır olduğunu bildirmişdir. Söhbətdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə səmərəli fikir mübadiləsi aparılmışdır.
Tədbirdən sonra qonaq Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.