Azərbaycanda söz və fikir azadlığı təmin olunur

Ölkəmizdə səfərdə olan BMT-nin Fikir və ifadə azadlığı hüququnun təşviqi və qorunması üzrə Xüsusi Məruzəçisi cənab Ambeyi Liqabo aprelin 26-da ədliyyə naziri Fikrət Məmmədovla görüşmüşdür.

Azərbaycanda həyata keçirilən demokratik islahatlar, insan haqlarının, o cümlədən vətəndaşların söz və fikir azadlıqlarının təmin edilməsinə yönəlmiş ardıcıl tədbirlər barədə ətraflı məlumat verən nazir bu sahədə nüfuzlu beynəlxalq təşkilatlarla, xüsusilə BMT ilə əməkdaşlığın, birgə həyata keçirilən layihələrin mühüm əhəmiyyətini qeyd etmişdir. O, dünyada hamılıqla qəbul edilmiş prinsiplərə uyğun olaraq, ölkəmizdə fikir, ifadə və məlumat azadlıqlarının təmin olunması, kütləvi informasiya vasitələrinin və ictimai təşkilatların sərbəst fəaliyyəti üçün lazımi şərait yaradıldığını, mətbu nəşrlərin təsis edilməsi üçün dövlət orqanlarından icazə tələb olunmadığını bildirmişdir.

Qeyd edilmişdir ki, yaradılmış əlverişli şəraitin əyani ifadəsi olaraq hazırda 3300 mətbu nəşrin təsis olunması, 51 siyasi partiya və 2400-ə qədər qeyri-hökümət təşkilatının dövlət qeydiyyatına alınması, kütləvi informasiya vasitələrinin fəaliyyəti ilə bağlı bir sıra vergi və maliyyə güzəştlərinin müəyyən edilməsi və digər tədbirlər ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına xidmət edən amillərdir.

Cənab Ambeyi Liqabo ali təhsilini Azərbaycanda aldığını və hazırkı səfəri zamanı müşahidə etdiyi böyük dəyişikliklərə heyran qaldığını bildirmişdir. O, söz və fikir azadlığının təmin edilməsi üzrə ölkəmizdə atılan məqsədyönlü addımları, o cümlədən mətbu orqanların təsis edilməsinin sadələşdirilmiş qaydasının tətbiqini razılıqla qarşılamışdır.

Görüşdə jurnalistlərlə bağlı işlər üzrə məhkəmələrin qəbul etdiyi qərarlara dair fikir mübadiləsi aparılmış, jurnalistin məsuliyyəti, məlumat azadlığı və digər məsələlər müzakirə edilərək, qonağı maraqlandıran suallara aydınlıq gətirilmişdir.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez