Ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə tədbirlər keçirilmişdir

Peşə bayramı münasibətilə keçirilən kollegiya iclasında ölkə Prezidenti cənab İlham Əliyevin 18 noyabr 2009-cu il tarixli Sərəncamı ilə bir qrup ədliyyə işçilərinin ali xüsusi rütbələrə layiq bilinməsi vurğulanaraq, nazir Fikrət Məmmədov tərəfindən onlara müvafiq təltiflər təqdim edilmişdir.

Dövlətimiz tərəfindən ədliyyə sisteminin inkişafına xüsusi əhəmiyyət verildiyini vurğulayan nazir, ümummilli liderimiz Heydər Əliyevin bəxş etdiyi peşə bayramı münasibətilə dövlət başçısı tərəfindən bu mühüm qərarın qəbul olunmasının ədliyyə orqanların fəaliyyətinə göstərilən yüksək diqqət və qayğının növbəti təzahürü olmaqla yanaşı, ədliyyə işçilərinin üzərinə daha da böyük məsuliyyət qoyduğunu qeyd etmişdir.

İclasda ədliyyə işçiləri çıxış edərək, onlara göstərilən bu yüksək etimadı bundan sonra da doğruldacaqlarını və vəzifələrini daha əzmkarlıqla və vicdanla yerinə yetirəcəklərini söyləmiş, ölkə başçısına dərin minnətdarlıqlarını ifadə etmişlər.

Eyni zamanda, peşə bayramı ərəfəsində ədliyyə orqanlarına qulluğa qəbulla bağlı sayca üçüncü müsabiqəyə yekun vurularaq peşə fəaliyyətinə buraxılış məqsədilə Ədliyyə Akademiyasında keçirilmiş icbari təlimi müvəffəqiyyətlə başa vurmuş gənclərlə görüş keçirilmişdir. Tədbir gənc mütəxəssislərin Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etməsi və tər çiçəklər qoyması ilə başlanmışdır.

Nazirlikdə davam edən mərasimi ədliyyə naziri açaraq, ölkə Prezidenti tərəfindən ədliyyə sisteminin inkişafına dair qəbul edilmiş qərarlara əsasən ədliyyə orqanlarının cəmiyyətdə artan roluna toxunmuş, "Azərbaycan ədliyyəsinin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq bu orqanların yüksək ixtisaslı mütəxəssislər hesabına komplektləşdirilməsi üzrə görülən çoxşaxəli işlər barədə geniş məlumat vermişdir.

Müsabiqə qaliblərinin peşə fəaliyyətinə buraxılmaları məqsədilə ölkəmizdə ilk dəfə olaraq Ədliyyə Akademiyasında təşkil olunmuş icbari təlimin əhəmiyyətinə və yekunlarına toxunulmuş, müvəffəqiyyət qazananların böyük əksəriyyətinin gənclər və respublikamızın müxtəlif regionlarından olması xüsusi vurğulanmışdır.

Daha sonra namizədlərə müvafiq şəhadətnamələr verilmiş, təyinatlar elan edilmiş, qulluğa qəbul olunanlar təntənəli qaydada Azərbaycan Respublikasının dövlət bayrağı önündə and içərək, onlara xidməti vəsiqələr təqdim edilmişdir.

Mərasimdə veteran ədliyyə işçiləri yeni qulluğa qəbul olunan stajorlara gələcək fəaliyyətləri ilə bağlı öz tövsiyələrini çatdırmış, gənclər isə müsabiqənin şəffaf və obyektiv, habelə icbari təlimin yüksək səviyyədə keçirilməsinə görə minnətdarlıqlarını ifadə edərək ədliyyə işçisi adını daim uca tutacaqlarını söz vermişlər.

 

 
 

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez