15-07-2017 | 04:02 865
İyulun 7-də Yevlaxda, 14-də isə Xaçmaz şəhərlərində Ədliyyə Nazirliyi tərəfindən İqtisadiyyat Nazirliyi ilə birgə həmin şəhərlərin və ətraf rayonların aparıcı sahibkarlarının, habelə Vergilər, Fövqəladə Hallar, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, eləcə də bir sıra qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə yoxlayıcı orqanların maarifləndirilməsinə dair seminarlar keçirilib.
Tədbirlərdə Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinin əməkdaşları Anar Quliyev və Novruz Əşrəfov tərəfindən sahibkarların hüquqlarının müdafiəsi sahəsində son zamanlar qəbul olunmuş normativ hüquqi aktlar, o cümlədən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında", habelə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunların məqsəd və prinsipləri, əhəmiyyəti, yoxlamaların təşkili və aparılmasının yeni qaydaları, yoxlayıcı orqanların vəzifələri, həmçinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”yə edilmiş son dəyişikliklər barədə məlumat verilib, yoxlamaların vahid məlumat reyestrinin fəaliyyətindən bəhs olunub.
Bununla yanaşı, İqtisadiyyat Nazirliyinin nümayəndələrinin ölkəmizdə uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası, sahibkarlığa göstərilən dövlət dəstəyi, investisiya təşviqi sənədinin verilməsi qaydası barədə məruzələri dinlənilib.
Yekunda sahibkarların sualları cavablandırılıb, yoxlamalarla bağlı tətbiq edilən məhdudiyyətlər barədə xüsusi maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.