IMAGE

Azərbaycan və Latviya Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair Memorandum imzalanıb

Beynəlxalq hüquqi əməkdaşlığın genişləndirilməsi məqsədilə ölkəmiz tərəfindən xarici, xüsusilə Avropa İttifaqı dövlətləri ilə ikitərəfli münasibətlər inkişaf etməkdədir. Belə ki, Latviya Ədliyyə Nazirliyinin yüksək səviyyəli nümayəndə heyəti bu il ölkəmizdə səfərdə olub, məhkəmə-hüquq sistemi və aparılan islahatlarla tanış olub və hüquqi əlaqələrin möhkəmləndirilməsi məqsədi ilə Azərbaycan və Latviya Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması qərara alınıb. Həmin sənəd qısa müddətdə razılaşdırılaraq onun imzalanması məqsədilə Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov sentyabrın 13-15-də nümayəndə heyəti ilə Latviyada səfərdə olub.

Səfər çərçivəsində Latviyanın ədliyyə naziri Dzintars Rasnaçs ilə keçirilmiş görüşdə ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, dövlət başçılarının qarşılıqlı səfərlərinin bu əlaqələrin möhkəmlənməsində xüsusi rolu qeyd olunaraq, cari ilin iyulunda Azərbaycan Prezidenti cənab İlham Əliyevin Latviyaya səfəri zamanı iki ölkə arasında imzalanmış strateji tərəfdaşlığa dair Birgə Bəyannamənin və digər mühüm sənədlərin ikitərəfli münasibətlərimizin genişləndirilməsinə böyük təkan verdiyi vurğulanıb.

Latviya Seyminin sədri
İnara Murnietse ilə görüş

Həmçinin, hüquqi sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub, hər iki dövlətdə ədliyyə və məhkəmə sistemində aparılan islahatlar barədə fikir və təcrübə mübadiləsi aparılıb, ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlərə və əldə olunan nailiyyətlərə maraq göstərilərək, Latviyalı nazir yaxın zamanda Azərbaycana səfər etmək niyyətini bildirib.

Sonra nazirliklər arasında məhkəmə, ədliyyə, o cümlədən penitensiar sistemin təkmilləşdirilməsi, elektron ədliyyə, probasiya, ədliyyə işçilərinin və hakimlərin tədrisi, məhkəmə qərarlarının icrası, məhkəmə ekspertizası sahəsində birgə tədbirlərin keçirilməsini nəzərdə tutan Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Nazirlər mərasimdə çıxış edərək bu mühüm sənədin ikitərəfli münasibətlərin inkişafında müstəsna rolunu qeyd edərək, müxtəlif istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin genişlənəcəyinə əminliklərini ifadə ediblər.

Azərbaycanın ədliyyə naziri və Latviya Seyminin sədri İnara Murnietse arasında işçi görüş olub. Xanım İ.Murnietse ölkəmizə səfərini məmnunluqla xatırladıb, iki ölkə arasında əlaqələrin dinamik inkişafını qeyd edib, parlamentlərarası əlaqələri təqdir edib. Həmçinin, hazırkı səfərin ikitərəfli münasibətlərin dərinləşməsinə töhfə verəcəyinə əminlik ifadə olunub. Tədbirdə Latviya Seyminin Komitə sədri, Azərbaycanla parlamentlərarası dostluq qrupunun sədr müavini Roman Naudinş iştirak edib.

Latviyanın Ali Məhkəməsinin sədri İvars Biçkoviçs ilə görüş

Səfər zamanı Latviyanın Ali Məhkəməsinin sədri İvars Biçkoviçs ilə görüş keçirilərək ədalət mühakiməsinin səmərəliliyi, məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, elektron məhkəmənin tətbiqi, hakimlərin seçimi və tədrisi müzakirə edilib, ölkəmizdə müstəqil məhkəmə özünüidarə orqanı və bu sahədə geniş səlahiyyətlərə malik olan Məhkəmə-Hüquq Şurasının fəaliyyətinə maraq göstərilib.

Riqa Vilayət Məhkəməsi ilə tanışlıq

Eyni zamanda, Latviyanın ən böyük məhkəməsi olan və apellyasiya instansiyası kimi fəaliyyət göstərən Riqa Regional Məhkəməsində olaraq onun işi və müasir texnologiyaların tətbiqi ilə tanış olunub, qurumun rəhbərliyi və hakimlər ilə görüş keçirilərək məhkəmə islahatlarına dair faydalı danışıqlar aparılıb.

Latviyanın Dövlət Probasiya Xidmətinin rəhbəri Mixail Papsueviç ilə görüş

Azərbaycan Prezidentinin tapşırığına əsasən penitensiar sistemin təkmilləşdirilməsi, Probasiya Xidmətinin yaradılması üzrə tədbirlərin həyata keçirildiyi nəzərə alınaraq Latviyanın Dövlət Probasiya Xidmətinin rəhbəri Mixail Papsueviç ilə ayrıca görüş keçirilib, probasiya institutunun tətbiqi və inkişaf perspektivlərinə dair müzakirələr aparılıb, elektron nəzarət sistemi, xüsusilə "elektron qolbaq"ın tətbiqi ilə əyani tanış olunub, eyni zamanda Elektron Monitorinq Mərkəzinə baş çəkilərək fəaliyyəti ilə maraqlanılıb.

Latviyanın Oleyne ixtisaslaşdırılmış penitensiar müəssisəsi ilə tanışlıq

Nümayəndə heyəti, həmçinin yeni inşa olunmuş Oleyne ixtisaslaşdırılmış penitensiar müəssisəsinə baş çəkərək qurumun fəaliyyəti, məhkumların saxlanma şəraiti, onlara tibbi, psixoloji yardımın göstərilməsi və bu sahədə tətbiq olunan yeni üsullarla tanış olub, faydalı təcrübə mübadiləsi aparılıb.

Bütün görüşlərdə həmsöhbətlərin diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrinə, torpaqlarımızın 20%-nin işğalı və bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktına cəlb olunmaqla, münaqişəyə və Xocalı soyqırımına dair əyani vəsaitlər və broşürlər təqdim edilib. Latviya tərəfi münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində beynəlxalq hüquq normalarına uyğun həllinə tərəfdar olduğunu, ölkəmizin haqlı mövqeyini dəstəklədiyini bildirib.

Tədbirlərdə ölkəmizin Latviyadakı səfiri Cavanşir Axundov iştirak edib.

Səfər Latviya Ədliyyə Nazirliyi tərəfindən geniş işıqlandırılmışdır: https://www.flickr.com/photos/tieslietas/sets/72157686597399834

iacca
iap
business ready
eplc
Ən Tez