14-10-2008 | 04:02 1196
Ədliyyə Nazirliyinin İxtisas Komissiyası bildirir ki, notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq istəyən namizədlərlə test imtahanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birgə oktyabr ayının 25-də saat 10.00-da Azərbaycan Kooperasiya Universitetinin binasında, Bakı şəhəri, N.Nərimanov küçəsi 8b ünvanında (Bakı Dövlət Cıdırının yanında) keçiriləcəkdir.
Prosedur qaydalarının təmin olunması üçün namizədlər imtahanın başlanmasına azı bir saat qalmış gəlməlidirlər.
Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni oktyabr ayının 22-dən etibarən şəxsiyyət vəsiqəsini təqdim etməklə səhər saat 09-dan axşam saat 18-dək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti 1) götürməlidirlər.
İmtahana gələrkən namizədlər "İmtahana buraxılış vərəqəsi"ni və şəxsiyyət vəsiqəsini mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən biri təqdim edilmədikdə namizəd imtahana buraxılmayacaq.
Əlavə məlumatları, o cümlədən imtahan suallarının hazırlanmasında istifadə edilmiş normativ hüquqi aktlara və sair sənədlərə dair məlumatı 497-63-67, 497-63-74 nömrəli telefonlarla əldə etmək olar.
İmtahan keçiriləcək Azərbaycan Kooperasiya Universitetinə 11-T, 14, 45, 85, 116, 123, 132, 145, 172, 202, 214, 305 və 307 nömrəli marşrutla hərəkət edən avtobuslarla gəlmək olar.