Ölkəmiz Avropa Şurası ilə səmərəli əməkdaşlıq edir

Bu günlərdə Niderlandın Utrext şəhərində Yerli və regional hakimiyyətlərə məsul olan Avropa Şurası nazirlərinin 16-cı Konfransı keçirilmişdir. İqtisadi böhran şəraitində yaxşı yerli və regional idarəetmə mövzusuna həsr olunmuş tədbirdə Azərbaycanı ədliyyə nazirinin müavini Vilayət Zahirov rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil etmişdir.

Tədbirdə Avropa Şurasının Baş Katibi Turbyorn Yaqland iştirakçıları video-müraciət vasitəsilə salamlamış, Yerli və Regional Hakimiyyətlər Konqresinin prezidenti Yan Mikalef, AŞPA-nın Yerli və Regional işlər Komitəsinin sədri Alan Mil giriş sözü ilə çıxış etmişlər.

Konfransda yerli və regional demokratiya qarşısında duran problemlər, transsərhəd əməkdaşlıq, iqtisadi böhranın yerli orqanlara təsiri və bu kimi digər aktual məsələlər, habelə bu sahədə Avropa Şurası töhfəsinin gücləndirilməsi yolları müzakirə olunaraq 2010-2013-cü illər üzrə tədbirləri əhatə edən Utrext Proqramı qəbul olunmuşdur.

Bununla yanaşı, tədbir zamanı Yerli özünüidarə haqqında Avropa Xartiyasına və Transsərhəd əməkdaşlıq üzrə çərçivə Konvensiyasına əlavə protokollar imzalanmaq üçün açıq elan olunmuşdur. Tədbirdə çıxış edən ədliyyə nazirinin müavini V.Zahirov müzakirə olunan məsələlərə dair Azərbaycanın mövqeyini bildirmiş, dünyada cərəyan edən maliyyə böhranı şəraitində ölkə Prezidenti cənab İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində respublikamızın iqtisadi yüksəlişi barədə məlumat vermiş, həmçinin Ermənistanın ölkəmizə qarşı davam edən təcavüzünün ağır nəticələrini diqqətə çatdırmışdır.

Konfransın sonunda Avropa Şurasının yerli və regional demokratiya sahəsində fəaliyyətinin genişləndirilməsini özündə əks etdirən Utrext Bəyannaməsi qəbul edilmişdir.

Səfər çərçivəsində Avropa Şurasının yüksək rəsmiləri, habelə Niderland, Böyük Britaniya, İsveçrə və digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlər keçirilərək əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez