06-12-2017 | 04:02 885
Ölkə Prezidenti cənab İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına dair tapşırıqları çərçivəsində hakim korpusunun yüksək hazırlıqlı hüquqşünaslar hesabına formalaşdırılması üzrə tədbirlər görülür, bu məqsədilə Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçim qaydası tətbiq olunur.
Hazırda növbəti seçim zamanı test üsulu ilə, habelə yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış 126 nəfər hakimliyə namizəd Ədliyyə Akademiyasında bir illik nəzəri və təcrübi kurs keçirlər.
Kurs zamanı onların, lazımi biliyə və peşə hazırlığına yiyələnmələrinə, habelə beynəlxalq təcrübəni öyrənmələrinə xüsusi diqqət yetirilir, insan haqlarının qorunması, korrupsiya ilə mübarizə, məhkəmə etikası və digər aktual məsələlərə dair mövzular nüfuzlu beynəlxalq ekspertlərin iştirakı ilə tədris olunur.
Həmçinin namizədlərin məhkəmələrlə yanaşı, müxtəlif dövlət orqanlarında, o cümlədən penitensiar müəssisələrdə təcrübə keçməsi, məhkumların saxlanılması şəraiti, yeni yaradılan müasir penitensiar infrastruktur ilə yerində tanışlığı təşkil olunur.
Kurs çərçivəsində bu günlərdə Avropa Şurası ilə birgə namizədlər üçün "Məhbuslarla davranış üzrə beynəlxalq standartlar" mövzusunda təlim keçirilib.
Avropa İttifaqı və Avropa Şurasının "Azərbaycanda penitensiar islahatlara əlavə dəstək" layihəsi çərçivəsində təşkil edilmiş təlimdə Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri Zoltan Hernyes və Akademiyanın rektoru vəzifəsini icra edən Elçin Xələfov açılış nitqi ilə çıxış edib, təlimin hakimliyə namizədlər üçün əhəmiyyətini qeyd ediblər.
Sonra seminar Avropa Şurasının eksperti (İrlandiya) Con MkQukinin mühazirəsi ilə davam edib, namizədlərə Avropa Şurasının məhbuslarla rəftar üzrə standartları və qabaqcıl təcrübəsi, Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi (işgəncənin qadağan olunması) və digər məsələlər tədris olunub, maraqlı diskussiya keçirilərək, fikir mübadiləsi aparılıb.