22-01-2018 | 04:02 1410
Ölkə Prezidenti cənab İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına dair tapşırıqlarının icrası çərçivəsində məhkəmə qərarlarının icrası işi təkmilləşdirilir, bu məqsədlə əlavə təsirli tədbirlər görülür.
Ədliyyə Nazirliyində icra xidmətinin bütün yerli qurumlarının, habelə nazirliyin müvafiq idarələrinin rəhbərlərinin iştirakı ilə 2017-ci ildə məhkəmə və digər orqanların qərarlarının icrası sahəsində görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.
Tədbiri giriş sözü ilə açan ədliyyə nazirinin müavini Vilayət Zahirov ədalət mühakiməsinin səmərəli həyata keçirilməsində məhkəmə qərarlarının icrasının mühüm əhəmiyyətini vurğulayıb, icra işinin təkmilləşdirilməsi üzrə görülən tədbirlərin vətəndaşların hüquqlarının və qanuni mənafelərinin qorunmasına xidmət etdiyini söyləyib.
Sonra İcra baş idarəsinin rəisi – Baş icra məmuru Nurəddin Mustafayev hesabat məruzəsi ilə çıxış edib.
Bildirilib ki, əhalinin məhkəmələrə inamının təzahürü olaraq son illər baxılan işlərin sayının çoxalması icra xidmətində də iş həcminin əhəmiyyətli dərəcədə artmasına səbəb olub. 2017-ci ildə icrası təmin edilən işlərin sayı 60 faizə çataraq 415 mini ötüb, fiziki, hüquqi şəxslərə və dövlət büdcəsinə, o cümlədən vergi borcları ilə bağlı 562 milyon manatdan çox vəsait ödətdirilib. Bundan əlavə hesabat dövründə aliment işləri üzrə təqribən 125 milyon manatın tələbkarlara ödənilməsi təmin edilib. İcra sənədlərinin icrasından qərəzli boyun qaçıran, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 4.245 nəfər inzibati məsuliyyətə cəlb edilib, o cümlədən 2.878 şəxs məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, 391 şəxs barəsində cinayət işi başlanılıb.
Həmçinin, 14 mindən artıq borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb, 3.410 nəfərin məhdudiyyəti isə məhkəmə qərarını icra etdiklərinə görə götürülüb. Qeyd olunmalıdır ki, belə məhdudlaşdırmanın olub-olmaması barədə vətəndaşlara elektron xidmət (http://exidmet.justice.gov.az/WebForms/VVA_13.aspx) göstərilir. Ötən il bu xidmətdən istifadənin sayı 66 faiz artaraq 1.3 milyona yaxın olub.
İcra işinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlər, o cümlədən təsirli icra mexanizmlərinin tətbiqi və məhkəmə qərarlarının vaxtında və dürüst icrasının təmin olunması, həmçinin vətəndaş məmnunluğunu yüksəldir. Ötən il icra işləri ilə bağlı şikayət edən vətəndaşların sayı 30%-dək, bilavasitə qəbula gələn şəxslərin sayı isə 2 dəfədən çox azalıb.
Diqqətə çatdırılıb ki, icra işinin səmərəli təşkili üzrə əlavə tədbirlər görülür, icra sahəsində qanunvericilik təkmilləşdirilməklə məhkəmələr və icra qurumları arasında iş yükü bölgüsünə yenidən baxılıb, icra olunmuş icra sənədləri üzrə icraata xitam verilməsi və dayandırılması səlahiyyətlərinin icra məmurlarına verilməsi ilə bu sahədə operativliyə nail olunub, əlavə yazışmalara son qoyulub, vaxta və dövlət xərclərinə qənaət edilib
Bununla yanaşı, xidmətin maddi-texniki bazasının və infrastrukturunun möhkəmləndirilməsi yönündə tədbirlər görülüb, icra orqanlarının fəaliyyətində operativliyin və şəffaflığın təmin olunması üçün "Elektron icra" sistemi yaradılıb. Artıq ötən ilin əvvəlindən bütün icra qurumlarına daxil olan icra sənədlərinin qeydiyyatı bu sistem vasitəsilə aparılır. Eyni zamanda, aidiyyəti dövlət qurumlarından borclu şəxslərə dair şəxsiyyət vəsiqəsi, doğum, nikah, ölüm, soyadın, adın və ata adının dəyişdirilməsi, nikahın pozulması, eləcə də vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi, telefon nömrələri, vergi ödəyicisi barədə məlumatlar "Elektron icra" sisteminə tam inteqrasiya olunmaqla icra qurumlarının istifadəsinə verilib. Hazırda bu sistemin tətbiqi dairəsi genişləndirilir.
Müşavirədə görülən tədbirlərlə yanaşı, nöqsan və çatışmazlıqlar qeyd olunub, bəzi icra məmurları tərəfindən vəzifə borclarına laqeyd münasibət bəslənilməsi, icra intizamının, etik davranış qaydalarının pozulması, işlərin hərəkətsiz saxlanılması, icradan qərəzli şəkildə boyun qaçıran şəxslərin vaxtında inzibati məsuliyyətə cəlb olunmaması və digər neqativ hallar diqqətə çatdırılaraq onların aradan qaldırılması tələb edilib. Bildirilib ki, 2017-ci ildə fəaliyyətində yol verdikləri ciddi qanun pozuntularına görə xidmətin 31 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, o cümlədən 5 nəfərin ədliyyə orqanlarında qulluğuna xitam verilib, 10 nəfər isə tutduğu vəzifədən azad edilib.
Mövcud problemlərlə bağlı nazirliyin məsul işçiləri və yerli icra qurumlarının rəhbərləri dinlənilib, nöqsanların səbəb və şəraitinin aradan qaldırılması yolları ətraflı təhlil edilib.
Müşavirəyə yekun vuran nazir müavini icra işinin səmərəliliyinin artırılması, məhkəmə qərarlarının vaxtında və dürüst icrasının təmin olunması, vətəndaşların müraciətlərinə daim qayğı və həssaslıqla yanaşılması, etik davranış qaydalarına dönmədən əməl olunması, tabe qurumların fəaliyyətinə nəzarətin gücləndirilməsi, icra məmurlarının peşəkarlığının artırılması ilə bağlı konkret tapşırıqlar verib.