07-03-2018 | 04:02 1190
Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq martın 7-də ədliyyə naziri Fikrət Məmmədov Quba rayonunda Quba, Xaçmaz və Qusar rayonlarından olan vətəndaşların qəbulunu keçirib.
Qəbuldan əvvəl nazir və Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Səfər zamanı ədliyyə naziri yerli məhkəmə və ədliyyə orqanlarının, o cümlədən rayonda yerləşən 9 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin, habelə Azərbaycan brendi olan və ədliyyənin də müvafiq xidmətlər göstərdiyi Quba "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub, ədliyyə işçiləri ilə müşavirə keçirib.
İclasda ədliyyə fəaliyyətində şəffaflığın, vətəndaş məmnunluğunun təmin olunması, korrupsiyaya şərait yaradan halların yolverilməzliyi qeyd olunub, məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması, probasiya xidmətinin fəaliyyətinin təşkili ilə bağlı müvafiq tapşırıqlar verilib.
Eyni zamanda, Quba Rayon Məhkəməsinin yeni müasir binasında olaraq fəaliyyəti və iş şəraiti ilə tanış olunub, müşavirə keçirilərək ədalət mühakiməsinin səmərəliliyinin artırılması, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı dövlət başçısının tapşırıqlarından və qanunvericiliyə edilmiş dəyişikliklərdən irəli gələn vəzifələrə toxunulub.
Səfər çərçivəsində ədliyyə naziri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edərək, faciə qurbanlarının əziz xatirəsini ehtiramla yad edib, ermənilərin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılmasında ölkə Prezidentinin cari ilin yanvarında imzaladığı "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi" haqqında Sərəncamının müstəsna əhəmiyyətini vurğulayıb.