02-04-2018 | 04:02 1467
Aprelin 2-də Ədliyyə Nazirliyində notariusların iştirakı ilə geniş müşavirə keçirilib.
Tədbiri giriş sözü ilə açan ədliyyə nazirinin müavini Toğrul Musayev son illər respublikamızda aparılan genişmiqyaslı islahatlar nəticəsində iqtisadiyyatın davamlı inkişafının təmin olunaraq mülki dövriyyənin dairəsinin xeyli genişləndiyini vurğulayıb, bu münasibətlərin tənzimlənməsində vacib rol oynayan notariat təsisatının müasirləşdirilməsi istiqamətində də mühüm tədbirlərin həyata keçirildiyini, mütərəqqi beynəlxalq təcrübə öyrənilməklə qanunvericiliyin təkmilləşdirildiyini, notarius korpusunun şəffaf prosedurlar əsasında formalaşdırıldığını qeyd edib.
Sonra nazirliyin Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov ədliyyə sisteminin inkişafı çərçivəsində notariat sahəsində aparılan islahatlardan və yeniliklərdən bəhs edərək xüsusi notariat institutunun və elektron notariatın inkişafı barədə ətraflı məlumat verib, əhaliyə göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsində, o cümlədən sənədlərin rəsmiləşdirilməsi zamanı zəruri məlumatların real vaxt rejimində əldə edilməsi və əməliyyatların daha çevik aparılmasında "Elektron notariat" informasiya sisteminin xüsusi rolunu vurğulayıb.
Bildirilib ki, iqtisadi inkişafın təzahürü olaraq ölkədə aparılan notariat hərəkətlərinin sayı ötən il artaraq 3,9 milyona çatıb, bu əməliyyatlarla bağlı qanunvericiliklə nəzərdə tutulmuş ödənişlərin məbləği isə əvvəlki illərlə müqayisədə 3,2 dəfə çoxalaraq 43 milyon manat təşkil edib.
İctimai xidmətlərin müasir modeli olan Azərbaycan brendi "ASAN xidmət" mərkəzlərində 2018-ci ilədək ədliyyə orqanları, o cümlədən notariuslar tərəfindən dörd milyona yaxın əməliyyat aparılmaqla vətəndaş məmnunluğuna nail olunduğu vurğulanıb. Bildirilib ki, yaradıldığı dövrdən mərkəzlərdə göstərilən bütün xidmətlərin 41%-i məhz notariusların payına düşür və bu göstərici ilbəil artır.
İclasda ölkəmizdə mühüm siyasi hadisə olan Azərbaycan Respublikasının Prezidenti seçkilərinin keçirilməsinə bir daha notariusların diqqəti cəlb olunaraq üzərlərinə düşən vəzifələrinin dürüst icrası ilə bağlı əlavə göstərişlər verilib.
Tədbirdə görülmüş işlərlə yanaşı, bu sahədə olan nöqsan və çatışmazlıqlar da qeyd edilib. Ümumilikdə notariat fəaliyyəti ilə əlaqədar daxil olan şikayətlərin sayı azalsa da, bir sıra notariuslar tərəfindən xidmətlərin göstərilməsi zamanı vətəndaşlara hüquq və vəzifələrinin tam izah edilməməsi, qanunvericiliyin tələblərinə dürüst əməl olunmaması, hüquqi yardımın lazımi səviyyədə həyata keçirilməməsi, sənədlərin tərtibatında qüsurların mövcud olması və s. hallar diqqətə çatdırılaraq onların aradan qaldırılması tələb edilib.
Qeyd olunub ki, son illər fəaliyyətində yol verdiyi çatışmazlıqlara görə bir sıra notariuslara xəbərdarlıq edilib, habelə bəzilərinin fəaliyyətlərinə xitam verilib. İclasda notariuslar dinlənilib, nöqsanların səbəb və şəraitinin aradan qaldırılması yolları müzakirə olunub.
Müşavirəyə yekun vuran nazir müavini notariat işinin daha da təkmilləşdirilməsi, vətəndaşların və sahibkarlıq subyektlərinin müraciətlərinə daim qayğı və həssaslıqla yanaşılması, qanunvericiliyin tələblərinə və etik davranış qaydalarına dönmədən riayət olunması, notariusların peşəkarlığının artırılması ilə bağlı və digər konkret tapşırıqlar verib.