26-04-2018 | 04:02 670
Son illər ərzində ölkəmizdə iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı istiqamətində çoxşaxəli iqtisadi islahatlar həyata keçirilib, o cümlədən dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, habelə özəl sektora təşviq mexanizmlərinin tətbiqi, kiçik və orta sahibkarlığın dəstəklənməsi məsələləri diqqət mərkəzində saxlanılıb. Öz səlahiyyətləri çərçivəsində Ədliyyə Nazirliyi də bu islahatlara töhfə verir.
Aprelin 24-də Ədliyyə Nazirliyinin İcra baş idarəsi ilə Azərbaycan Banklar Assosiasiyası (ABA) arasında görüş keçirilib.
Görüşdə İcra baş idarəsinin və yerli icra qurumlarının rəhbərləri və digər əməkdaşları, ABA-nın, habelə ona üzv bankların və maliyyə bazarlarının rəhbər şəxsləri və aidiyyəti nümayəndələri iştirak ediblər.
İcra baş idarəsinin rəisi – Baş icra məmuru Nurəddin Mustafayev çıxış edərək məhkəmə qərarlarının icrası sahəsində hazırkı vəziyyət və yeniliklər barədə məlumat verib, son illərdə yüksələn xətlə gedən icra tempindən, icra proseslərinin elektronlaşdırılmasına xidmət edən "Elektron icra" sisteminin yaradılmasından danışıb, məhkəmə qərarlarının vaxtında və tam icrasına nail olunması, icradan yayınma hallarının qarşısının alınması üzrə görülən tədbirlər barədə məlumat verib, "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nin əhəmiyyətini vurğulayıb.
ABA-nın prezidenti Zakir Nuriyev Ədliyyə Nazirliyi ilə ABA arasında səmərəli, işgüzar əlaqələrin qurulduğunu qeyd edib, məhkəmə qətnamələrinin icrası zamanı qarşıya çıxan çətinliklərin daha tez və effektiv formada aradan qaldırılması üçün qabaqcıl təcrübələrin qarşılıqlı tətbiqinin araşdırılması məsələsindən söz açıb.
Daha sonra görüş konkret məsələlər ətrafında müzakirələr formasında davam edib.
Əsas müzakirə mövzuları icra qurumları ilə banklar arasında elektron informasiya resursları vasitəsilə məlumatların mübadiləsi, qanunvericiliklə icra məmurları üçün açıq olan və banklarda saxlanılan informasiyaya tez çatımlılığın təmin olunması, məhkəmə qərarlarının icrası ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, eləcə də mövcud boşluqların aradan qaldırılması üzrə təşəbbüslərin artırılması, bununla bağlı beynəlxalq təcrübələrin öyrənilməsinin davam etdirilməsi, xüsusilə sosial müdafiəyə ehtiyacı olan əhali kateqoriyalarına daha həssas münasibət, əhalinin icra prosesi ilə bağlı maarifləndirilməsi üzrə işlərin intensivləşdirilməsi və digər məsələlər olub. İcra qurumları ilə ictimai təsisatlar arasında ünsiyyət və kommunikasiyanın gücləndirilməsi, icrada olan işlər və onların nəticələri barədə effektiv və innovativ məlumat mübadiləsi sisteminin təkmilləşdirilməsi məsələlərinin əhəmiyyəti də vurğulanıb.
Görüşün sonunda müzakirə edilmiş məsələlər üzrə davamlı iş aparılması üçün hər iki tərəfin nümayəndələrindən ibarət işçi qrupun yaradılması ilə bağlı razılığa gəlinib.