02-05-2018 | 04:02 1289
26 aprel 1866-cı il tarixdə Rusiya imperatoru II Aleksdandr tərəfindən təsdiq olunmuş “Notariat hissəsi haqqında Əsasnamə” roman-german hüquq sisteminə uyğun olaraq rəsmi qaydada notariatın səlahiyyətlərini müəyyən etmişdir. Bununla bağlı hər il 26 aprel tarixi Rusiyada Notariat Günü kimi qeyd edilir.
Cari ilin aprel ayının 25, 26-da Moskva şəhərində keçirilmiş “Rusiya notariuslarının V Konqresi, Notariat Gününün bayram edilməsilə əlaqədar Təntənəli qəbul” və Rusiya xüsusi notariat institutunun 25 illiyinə həsr olunmuş təntənəli bayramda Qeydiyyat və notariat baş idarəsi Notariat idarəsinin böyük məsləhətçisi, ədliyyə müşaviri Vidadi Mayıl, 2 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat kontorunun xüsusi notariusu Hüseyn Məmmədov və Qusar rayon notariat kontorunun xüsusi notariusu Dəyanət Tağıyev iştirak etmişlər.
Tədbirə Rusiya Federasiyasının dövlət orqanları, tanınmış ictimai xadimlər, elm və hüquq cəmiyyəti, Rusiyanın bütün subyektlərinin notariat nümayəndələri, eləcə də 40-a yaxın xarici ölkələrin notariusları dəvət olunmuşlar.
Konqresdə aşağıda göstərilən əsas tezislər irəli sürülmüşdür: Rusiyada xüsusi notariat mülki dövriyyənin azadlığını, vətəndaşların və hüquqi şəxslərin hüquqları və qanuni mənafelərinin etibarlı müdafiəsini təmin edən vahid effektiv təşkilati sistemə çevrilmişdir; müasir informasiya texnologiyalarının notariat sahəsində tətbiqi genişlənmiş, lakin riyazi alqoritmlərinin notariusu tamamilə əvəz etməsi mümkünsüzdür və notarius peşəsi öz aktuallığını saxlamışdır; mülki dövriyyəni və hüquqi şəxslərin fəaliyyətini tənzimləyən qanunvericilikdə ardıcıl olaraq notariusların səlahiyyətlərinin genişləndirilməsi müasir dövrün tələbidir.