IMAGE

BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmal mexanizmi çərçivəsində Azərbaycanın üçüncü milli məruzəsi dinlənilib

BMT İnsan Hüquqları Şurasının Universal Dövri İcmal (UDİ) üzrə İşçi Qrupunun 30-cu sessiyası çərçivəsində Cenevrədə Azərbaycan Respublikasının milli məruzəsinə baxılıb.

Dövlət başçısının 2018-ci il 7 may tarixli Sərəncamına uyğun olaraq ölkəmiz sessiyada yüksək səviyyədə nümayəndə heyəti ilə təmsil olunub. Tədbirdə nümayəndə heyətinin üzvü, ədliyyə nazirinin müavini Toğrul Musayev iştirak edib.

Sessiyada Azərbaycanın milli hesabatı təqdimat olunub, ötən müddətdə insan hüquqlarının müdafiəsi üzrə həyata keçirilən tədbirlər barədə geniş məruzə dinlənilib, sonra interaktiv dialoq çərçivəsində dünyanın bütün regionlarını təmsil edən BMT-yə üzv 106 dövlətin nümayəndələri ölkəmizdə insan hüquqlarının vəziyyətinə dair münasibət bildiriblər. Konstruktiv və səmimi şəraitdə keçən müzakirələr zamanı iştirakçı dövlətlərin nümayəndələrinin sualları ətraflı məlumatlarla və şərhlərlə cavablandırılıb.

Nazir müavini Toğrul Musayev çıxış edərək insan hüquqlarının qorunmasına xidmət edən məhkəmə-hüquq islahatlarından, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsindən, müstəqil məhkəmə özünüidarə orqanlarının səmərəli fəaliyyətindən, Dünya Bankı ilə birgə əməkdaşlıqda məhkəmə infrastrukturunun müasirləşdirilməsindən və elektron məhkəmə sisteminin tətbiqindən, hakimlərin Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçimindən bəhs edib. Bildirilib ki, bu sahədə islahatlar beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.

Eyni zamanda, vəkillik təsisatının islahatı, Vəkillər Kollegiyasının müstəqilliyinin təmin olunması, bu qurumun yeni nəsil hüquqşünaslarla komplektləşdirilməsi və vəkillərin sayının artırılması ilə bağlı görülən konkret işlər diqqətə çatdırılıb.

Ölkə Prezidenti cənab İlham Əliyevin penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsinə və cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamının hüquqi sahədə islahatların yeni mərhələdə intensiv davamına təkan verdiyi vurğulanaraq bu mühüm sənədin icrası üzrə həyata keçirilən tədbirlərdən danışılıb, Probasiya xidmətinin yaradıldığı, elektron nəzarət vasitələrinin tətbiqinə başlanıldığı qeyd olunub.

Həmçinin, işgəncə və pis rəftara qarşı mübarizə və bununla bağlı dözümsüzlüyün nümayiş etdirilməsi, bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığın həyata keçirilməsi barədə məlumat verilib.

Nazir müavini çıxışında vətəndaş cəmiyyətinin inkişafını, bu sahədə qanunvericilik və institusional islahatların aparılmasını qeyd edib.

Sessiyada Azərbaycanın milli məruzəsinin dolğun məzmuna malik olduğu və məruzə ətrafında məhsuldar müzakirələrin aparıldığı bildirilib, respublikamızda insan hüquqlarının təmin olunmasına dövlət səviyyəsində ciddi münasibət bəslənildiyi vurğulanıb, çıxış edənlərin böyük əksəriyyəti Azərbaycanda insan hüquqları sahəsində həyata keçirilən islahatları yüksək qiymətləndirib və bu təcrübənin davam etdirilməsini tövsiyə ediblər.

Ölkəmizin milli məruzəsi ilə bağlı aparılan müzakirələr demokratik hüquqi dövlət quruculuğu yolu ilə inkişaf edən Azərbaycanda dövlət başçısının rəhbərliyi ilə uğurla davam etdirilən mütərəqqi islahatlara bir daha beynəlxalq marağın artdığını göstərib.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez