22-05-2018 | 04:02 625
Avropa Şurasının (AŞ) Bakı ofisinin təşkilatçılığı ilə "Vətəndaş cəmiyyəti dialoqu" layihəsi çərçivəsində keçirilmiş konfransda iştirak etmək üçün səfərdə olan AŞ-nin Demokratiya Baş Direktorluğunun demokratik idarəçilik departamentinin rəhbəri Daniel Popesku ilə ədliyyə nazirinin müavini Toğrul Musayevin görüşü keçirilib.
Ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı üzrə görülən tədbirlərdən danışan nazir müavini qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını, bu sahədə qanunvericilik və institusional islahatların aparıldığını vurğulayıb, ötən həftə BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmal mexanizmi çərçivəsində Azərbaycanın milli məruzəsinin dinlənilməsi zamanı "Vətəndaş cəmiyyəti dialoqu" layihəsi barədə məlumat verildiyini bildirərək layihənin əhəmiyyətini qeyd edib.
Azərbaycana ilk səfərindən məmnunluğunu ifadə edən D.Popesku layihə ətrafında faydalı fikir mübadiləsi aparıb, onun icrasında Ədliyyə Nazirliyinin əsas tərəfdaş olduğunu vurğulayaraq layihənin uğurla həyata keçirilməsini qeyd edib və əməkdaşlığın bundan sonra da davam etdirilməsi ilə bağlı niyyətini bildirib.
Tədbirdə AŞ-nın Bakıdakı Ofisinin rəhbəri Zoltan Hernyes iştirak edib.