IMAGE

Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizin parlaq səhifələrindəndir

Qədim və zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı özünün azadlığı və müstəqilliyi uğrunda daim mübarizə aparmış, Azərbaycan tarixinin əhəmiyyətli və yaddaqalan dövrlərindən olan XX əsrin əvvəllərində, dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda istiqlaliyyətini elan etmişdir.

1918-ci il may ayının 28-də Şərqdə ilk demokratik dövlət quruluşu kimi yaranmış Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın müstəqillik tarixinin başlanğıcı olmaqla milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirmişdir. Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti sübut etmişdir ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir.

XX əsrin sonlarında dövlət müstəqilliyini yenidən əldə edən Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olduğunu bəyan edərək Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü Respublika günü olaraq hər il təntənə ilə qeyd edir.

Ümummilli liderimiz Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə mühüm yeri olan Azərbaycan Xalq Cümhuriyyətinin xidmətlərini hər zaman yüksək qiymətləndirmiş, cümhuriyyət ənənələrinin yaşadılmasına və inkişaf etdirilməsinə daim böyük əhəmiyyət vermişdir. Təsadüfi deyil ki, Xalq Cümhuriyyətinin yaranmasının 80 illiyi məhz ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə ilk dəfə olaraq dövlət səviyyəsində geniş qeyd olunmuşdur.

Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" Sərəncam imzalanmış və bu əlamətdar tarixi hadisə münasibətilə 2018-ci il respublikamızda "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunaraq ölkədə və onun hüdudlarından kənarda silsilə tədbirlər keçirilir, müstəqillik tariximizə nəzər salınır, cümhuriyyətin dövlətçilik salnaməsində yeri və rolu işıqlandırılır.

Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, o dövrdə öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində olsa belə şərəflə yerinə yetirmişdir.

Lakin əfsuslar olsun ki, müstəqilliyə gedən yol heç də rəvan olmamış, cümhuriyyət yaranmamışdan öncə xalqımızın taleyində dəhşətli faciələr baş vermişdir. Tarixin müxtəlif mərhələlərində mifik və bədnam "Böyük Ermənistan" ideyasını gerçəkləşdirməyə çalışan erməni millətçiləri bolşevik silahlı dəstələri ilə birgə 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı soyqırımı həyata keçirmişlər. Həmin günlərdə Bakı şəhərində və respublikamızın digər bölgələrində on minlərlə dinc sakin yalnız azərbaycanlı olduqlarına görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir.

Azərbaycanda mart soyqırımını törətməklə erməni-bolşevik qüvvələri daha böyük məqsədlər güdür, Azərbaycan torpaqlarını işğal etmək istəyirdilər. Lakin 1918-ci ilin may ayında Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, milli dövlətçiliyin bərpası, Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin başlanması düşmənlərin bu planlarını pozmuşdu.

May ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi Konstitusiya aktı statusuna malik olan ilk hüquqi sənəd – İstiqlal Bəyannaməsində müstəqil Azərbaycan dövlətinin yarandığı bəyan olunmuş, onun hakimiyyətinin şamil edildiyi ərazinin hüdudları müəyyənləşdirilmiş, həmçinin dövlətin əsas fəaliyyət prinsipləri öz əksini tapmışdı.

Bəyannamədə demokratik dövlətə məxsus atributların - hakimiyyətin xalqa mənsub olması, vətəndaşların mülki və siyasi hüquqları təmin edilmiş, həmçinin ölkənin bütün vətəndaşlarına bərabər hüquqlar, o cümlədən Avropanın bir sıra inkişaf etmiş dövlətlərini qabaqlayaraq qadınlara seçki hüququ verilmiş, suveren, demokratik, hüquqi dövlət yaradılması niyyəti bəyan edilmişdi.

İstiqlal Bəyannaməsinin siyasi-hüquqi mahiyyəti ondan ibarət idi ki, o, Azərbaycanda demokratik rejimli parlament respublikası idarəçilik formasını, ali dövlət hakimiyyəti orqanları sistemini, hökumətin qanunverici orqan qarşısında məsuliyyət daşımasını və ümumilikdə parlamentçiliyin formalaşdırılmasını, daxili və xarici, eyni zamanda, vətəndaşların hüquqi statusunun əsaslarını bərqərar edərək möhkəmləndirmişdi.

Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyətinin ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edilmiş, Fətəli xan Xoyskinin başçılığı ilə ilk hökumətin tərkibi müəyyən olunmuş, dövlət hakimiyyəti strukturları yaradılmışdır. 23 aylıq fəaliyyəti dövründə beş dəfə formalaşdırılan Cümhuriyyət Hökumətinin qısa bir müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində böyük iz buraxmışdır. Azərbaycan dövlətçiliyi atributlarının qəbul edilməsi, ana dilinin dövlət dili elan olunması, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanlarının qurulması, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirilməsi, təhsilin milliləşdirilməsi və s. Azərbaycan Xalq Cümhuriyyətinin mühüm xidmətlərindəndir.

Şərqin ilk parlamentli respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə qanun yaradıcılığı işinə xüsusilə diqqət yetirilmiş, 7 dekabr 1918-ci ildə keçirilən ilk iclası ilə Parlament fəaliyyətə başlamış, Əlimərdan bəy Topçubaşov Parlamentin sədri seçilmişdir. Cəmi 17 aylıq fəaliyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 145 iclası keçirilmiş, 230-a yaxın qanun qəbul olunmuşdu.

Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunvericilik aktları və qərarları milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan vermiş, Azərbaycan dövlətçiliyi, xüsusən də parlament mədəniyyəti tarixində dərin və zəngin iz qoymuşdur.

Azərbaycan Xalq Cümhuriyyətinin hüquq sisteminin inkişafı üzrə gördüyü işlər xüsusilə qeyd olunmalıdır. O dövrdə hüquq sisteminin fəaliyyətinə böyük əhəmiyyət verilərək Ədliyyə Nazirliyi ölkənin yaradılması ilə bir gündə - 1918-ci il may ayının 28-də təsis edilmiş, təcrübəli dövlət xadimi Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunmuş və həmin ilin noyabr ayının 22-də nazirliyin Əsasnaməsi təsdiq edilərək, onun funksiya və səlahiyyətləri müəyyən olunmuşdur.

Bu il 100 illiyini qeyd etdiyimiz Azərbaycan ədliyyəsinin şanlı tarixi məhz Cümhuriyyətin yaranması ilə başlanır. Həmin dövrə nəzər salanda ölkənin ədliyyə və məhkəmə sisteminin yaradılması, bütövlükdə hüquq sisteminin inkişafı üzrə mühüm tədbirlərin keçirildiyinin şahidi oluruq.

1918-ci ildə Azərbaycanda məhkəmə sistemi dağınıq, pərakəndə və iflic vəziyyətində idi. Şəhər və qəzaların əksəriyyətində hüquqşünas kadrlar, xüsusilə müstəntiq və hakimlər çatışmırdı, bəzi yerlərdə isə məhkəmə idarələri öz fəaliyyətini dayandırmışdı.

Ədliyyə Nazirliyi məhz belə bir ağır şəraitdə fəaliyyətə başlamışdı. İlk növbədə respublikada qayda-qanunun bərpası ilə əlaqədar müvafiq hüquqi aktların qəbul edilməsi üçün tədbirlər görülmüş, qısa müddətdə məhkəmə aparatları bərpa edilmişdir. Zəruri hüquqşünas kadrların hazırlanması və əhalinin hüquqi maarifləndirilməsi məqsədilə hüquq kurslarının təşkil edilməsi, hüquq ədəbiyyatı kitabxanasının yaradılması təxirəsalınmaz vəzifə hesab edilmişdir.

Nazirlər Şurasının qərarları ilə 1918-ci il oktyabr ayının 1-də Bakı Dairə Məhkəməsinin və onun tərkibində prokurorluğun fəaliyyəti bərpa edilmiş, Məhkəmə Palatasının təsis edilməsinin labüdlüyü nəzərə alınaraq noyabr ayının 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilmişdir.

Bilavasitə Ədliyyə Nazirliyinin təşəbbüsü ilə dövlətin əsaslarının möhkəmləndirilməsinə xidmət edən qanun layihələri hazırlanaraq parlamentin müzakirəsinə çıxarılmışdır. Nazirliyin parlamentə təqdim etdiyi mühüm qanun layihələrindən biri respublikanın yaranmasından keçən il yarım münasibətilə ümumi amnistiyanın elan edilməsi ilə bağlı olmuşdur. Həmin sənəddə deyilirdi: "Hüquqa və azadlığa, dövlət qaydalarına əsaslanan, Azərbaycan xalqının həyatında zülm, hakimiyyətsizlik və anarxiya dövrünə son qoyan respublikanın yaranmasından il yarımın keçdiyi günü qeyd etmək üçün və bütün vətəndaşlar üçün yeni həyata və respublikaya xidmətə bərabər yollar açılmasını tələb edən tarixi ədalət naminə 1918-ci il mayın 28-dək törədilmiş bütün cinayət əməllərinə görə ümumi amnistiya elan edilir".

Eyni zamanda, həbsxana işinin ədalət mühakiməsinin həyata keçirilməsində müstəsna əhəmiyyəti nəzərə alınaraq Cümhuriyyət Hökumətinin 1919-cu il 11 avqust tarixli Qərarı ilə Daxili İşlər Nazirliyinin tərkibində olan həbsxanalar Ədliyyə Nazirliyinin tabeliyinə verilmiş və bu sahədə iş təkmilləşdirilmişdir.

Ümumilikdə, Azərbaycan ədliyyəsinin şərəfli dövrü olan həmin illərdə şəraitin çətinliyinə, imkanların və kadrların məhdudluğuna baxmayaraq, ədliyyə naziri başda olmaqla nazirliyin işçiləri son günə qədər öz xidməti vəzifələrini vicdanla və ləyaqətlə icra etmiş, ölkənin ədliyyə sisteminin formalaşdırılması və inkişafı naminə xeyli iş görmüşlər.

Gənc cümhuriyyət hökumətinin mühüm xidmətlərindən biri də 1918-ci ilin mart-aprel aylarında erməni-bolşevik vandallarının azərbaycanlılara qarşı törətdikləri soyqırımı cinayətlərini araşdıraraq ona hüquqi qiymət vermək, dünyanı məlumatlandırmaq olmuşdur. Təsadüfi deyil ki, 31 mart tarixi iki dəfə – 1919-cu və 1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan verməmişdir.

Fəaliyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərmişdi. Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını almışdı.

Ölkə Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" Sərəncamında qeyd olunduğu kimi, "Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı".

Respublikamız SSRİ-nin tərkibində olduğu dövrdə də bir çox dövlətçilik atributlarını saxlaya bilmiş, iqtisadiyyatını, elmini və mədəniyyətini inkişaf etdirmiş, müstəqillik hissləri xalqımızı heç vaxt tərk etməmişdir. Ümummilli lider Heydər Əliyev xalqımızın dövlətçilik ənənələrinin yaşadılması və inkişafı istiqamətində çox böyük işlər görmüş, XX əsrin sonlarında itirilmiş müstəqilliyin yenidən bərpa olunmasında və qorunub möhkəmləndirilməsində misilsiz xidmətlər göstərmişdir.

Əsrin əvvəllərində Azərbaycan torpaqları hesabına Ermənistan adında dövlət yaradan ermənilər əsrin sonunda öz çirkin niyyətlərinə qayıtdılar. Lakin Heydər Əliyev amili, onun siyasi fəhmi, gücü və qüdrəti erməni millətçilərini belə təxribatlardan çəkindirirdi. Ulu Öndərin bütün vəzifələrdən uzaqlaşdırılmasından dərhal sonra erməni separatçıları Azərbaycana qarşı ərazi iddiaları irəli sürərək Dağlıq Qarabağ məsələsini qaldırdılar və torpaqlarımıza hərbi hücuma başladılar.

Azərbaycan xalqı 1990-cı il qanlı 20 yanvar faciəsini, 1992-ci ildə əsrin ən dəhşətli qətliamlarından olan Xocalı soyqırımını yaşadı.

Məhz belə bir şəraitdə, ölkəmizin müstəqilliyi və azadlığı uğrunda mübarizə aparan Azərbaycan xalqı 1991-ci ildə dövlət müstəqilliyini bərpa edə bilmişdir.

Lakin təəssüf ki, müstəqilliyin ilk illərində ölkənin məruz qaldığı hərbi təcavüz, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri, habelə ölkə daxilində vətəndaş müharibəsinin, anarxiyanın hökm sürməsi təşviş içərisində olan Azərbaycan xalqının sabaha ümidini sarsıtmış, yenicə əldə etdiyi müstəqilliyi itirmək təhlükəsi qarşısında qoymuşdu.

1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyətinin ömrü iki il çəkdi, onun varisi kimi yaranan Azərbaycan Respublikasının ömrü isə daha qısa ola bilərdi.

Xalq Cümhuriyyətinin ənənələrinə sadiqlik nümayiş etdirən ümummilli lider Heydər Əliyev hələ sovet dövründə - 1990-cı ildə ilk dəfə Naxçıvanda Cümhuriyyətin üçrəngli bayrağını Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul etdi və bu, müstəqilliyə gedən yolun başlanğıcı oldu. Xalqın çağırışı ilə 1993-cü ildə respublikaya rəhbərliyə qayıdan ulu öndər Heydər Əliyev nadir və iti dövlətçilik zəkası, cəsarəti və sarsılmaz iradəsi ilə xalqımızı və dövlətimizi böyük təhlükələrdən xilas etdi, Xalq Cümhuriyyəti dövründə təməli qoyulmuş müstəqil Azərbaycan ideyasını gerçəkləşdirdi, müstəqilliyimizi dönməz və əbədi etdi.

Beləliklə, ümummilli lider Heydər Əliyevin misilsiz fəaliyyəti nəticəsində Azərbaycan milli dövlətçiliyi yenidən süquta uğramaq təhlükəsindən xilas oldu.

Müstəqilliyimizin Heydər Əliyev dövrü həm də ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olması, demokratik hüquqi dövlət quruculuğunun geniş vüsət alması, suveren Azərbaycanın əsas qanunu olan Konstitusiyanın qəbul edilməsi, ölkəmizin hərtərəfli köklü islahatlar aparılmaqla daimi yüksəliş yoluna çıxması və gələcək inkişaf strategiyasının müəyyən edilməsi ilə səciyyələnir.

Heydər Əliyev fəaliyyətinin bütün dövrlərində Azərbaycan Xalq Cümhuriyyətinin xidmətlərinə, onun ənənələrin yaşadılmasına daim yüksək önəm vermiş, Cümhuriyyətin fəaliyyəti barədə respublikada çoxsaylı elmi konfranslar təşkil olunmuş, arxiv materialları öyrənilərək Cümhuriyyət tarixinə dair dəyərli əsərlər nəşr edilmiş, əhali arasında onun müstəqil, demokratik dövlət quruculuğu ilə bağlı gördüyü işlər geniş təbliğ olunmuş, Cümhuriyyətə abidə ucadılmış, onun görkəmli siyasi və dövlət xadimlərinin xatirəsi əbədiləşdirilmişdir. Ulu öndərin təşəbbüsü ilə həmçinin Cümhuriyyətin 80 illiyi münasibətilə Milli Məclis tərəfindən amnistiya elan edilmişdir.

Ümummilli lider Heydər Əliyev 1998-ci ildə Cümhuriyyətin 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə nitqində deyirdi: "Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bizim vaxtilə itirilmiş dövlətçiliyimizi bərpa etdi... Xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin, hökumətinin yaranmasının əsasını qoydu. Biz bu gün iftixar hissi ilə deyə bilərik ki, bütün çətinliklərə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti yaşamış, fəaliyyət göstərmiş və iki il müddətində çox böyük işlər görmüş, Azərbaycanın müstəqil gələcəyinin əsasını qoymuşdur".

Xüsusi qeyd olunmalıdır ki, 1918-ci ilin mart soyqırımı barədə əsl həqiqətlər yalnız ulu öndər Heydər Əliyev qətiyyəti sayəsində üzə çıxarılaraq öz siyasi-hüquqi qiymətini almışdır.

Məhz 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilmiş və 31 mart "Azərbaycanlıların Soyqırımı Günü" elan edilmişdir.

Həmin Fərmanın imzalanmasından 20 il ötür. Bu müddət ərzində aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanmış, üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut etmişdir.

Azərbaycan həqiqətlərinin dünyada yayılması istiqamətində görülən işlərin miqyası daha da artmışdır. Bu işdə Azərbaycan dövləti ilə yanaşı, Heydər Əliyev Fondu da çox mühüm və tarixi işlər görür. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fond istər ölkədən kənarda, istərsə də respublikamızda bu istiqamətdə çox vacib layihələr reallaşdırır.

2007-ci ildə Qubada aşkar olunmuş kütləvi insan məzarlığı və dövlət başçısının tapşırığı ilə orada yaradılmış "Soyqırımı memorial kompleksi" ermənilərin qanlı izlərini, onların əsl simasını, vəhşiliklərini, cinayətkar əməllərini bütün dünyaya çatdırmaq, soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək baxımından çox böyük tarixi məna daşıyır.

Ölkə Prezidenti cənab İlham Əliyevin bu ilin yanvarında imzaladığı “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" Sərəncamı erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılmasında müstəsna əhəmiyyətə malikdir. Soyqırımının 100-cü ildönümü ilə bağlı minlərlə soydaşımız Qubada Soyqırımı Memorial Kompleksinə yürüş etmiş, respublika elmi konfransı keçirilmiş, foto və kitab sərgisi açılmış, digər tədbirlər təşkil olunmuşdur.

Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin axıra qədər həyata keçirə bilmədiyi işlər onun varisi kimi müstəqil Azərbaycan Respublikası tərəfindən davam etdirilmiş və ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə reallaşdırılmışdı. Ölkənin iqtisadiyyatı güclənmiş, qüdrətli ordu, demokratik dövlət təsisatları yaradılmış, qanunun aliliyi, insan hüquqları, siyasi plüralizm, söz və mətbuat azadlığı təmin edilmiş, müasir hüquq sistemi, üçpilləli məhkəmə hakimiyyəti bərqərar olunmuş, vətəndaş cəmiyyəti formalaşdırılmışdır.

Dövlətin hüquq siyasətini həyata keçirən əsas orqanlardan biri olan Ədliyyə Nazirliyi Ulu Öndərin rəhbərliyi ilə mütərəqqi islahatlar həyata keçirilməklə təkmil struktura çevrilmiş, cəmiyyətdə rolu və nüfuzu əhəmiyyətli dərəcədə yüksəlmişdir.

Ədliyyə işçilərində və hakimlərdə mənəvi stimul yaradılması məqsədilə ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə 22 noyabrın – 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi günün ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis olunması dahi rəhbərimizin Azərbaycan ədliyyəsinə xüsusi diqqət və qayğısının bariz təzahürü olmuşdur.

Xalq Cümhuriyyətinin varisi olaraq ümummilli lider Heydər Əliyev tərəfindən qurulan və möhkəmləndirilən müstəqil, demokratik Azərbaycan Respublikası bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə müasir inkişaf dövrünü yaşayır, ötən 15 ildə Ulu Öndərin dövlətçilik ideyaları uğurla həyata keçirilərək ictimai-siyasi həyatımızın bütün sahələrində yüksək nailiyyətlər qazanılmaqla müstəqilliyimizin 100 illiyinə dəyərli töhfələr verilir, müasir tariximizin yeni, şanlı səhifələri yazılır.

2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edən möhtərəm Prezidentimiz İlham Əliyev Nazirlər Kabinetinin ötən ilin yekunlarına həsr olunmuş iclasında demişdir: "Bu il biz müstəqilliyimizin yüz illiyini qeyd edəcəyik. Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılmışdır. Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq".

Bu ənənələri uğurla inkişaf etdirən dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə son 15 ildə ölkəmizin dünyada iqtisadi və maliyyə böhranlarının, təhlükələrin və təlatümlərin hökm sürməsinə baxmayaraq sabit və təhlükəsiz şəraitdə sosial-iqtisadi tərəqqisinin təmin edilməsi, iqtisadi rəqabətqabiliyyətliliyinə görə nüfuzlu beynəlxalq hesabatlarda yüksək pillələrdə qərarlaşması, nəhəng qlobal enerji və nəqliyyat layihələrinin bilavasitə təşəbbüskarı olmaqla gerçəkləşdirilməsi, dünyada nüfuzunun artması, 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, kosmik kluba daxil olması, respublikamızın ən mötəbər tədbirlərə, o cümlədən humanitar, siyasi, iqtisadi, mədəni forumlara, möhtəşəm idman yarışlarına uğurla ev sahibliyi etməsi müstəqilliyimizin bəhrəsidir.

Cümhuriyyətin 100 illiyi ərəfəsində, aprelin 11-də keçirilmiş ədalətli və şəffaf seçkilərdə möhtərəm cənab Prezidentimizin böyük vətəndaş həmrəyliyi ilə inamlı qələbəsi ilə xalqımız növbəti illərdə də davamlı tərəqqiyə, sabitliyə etibarlı təminat əldə etmişdir.

Prezident İlham Əliyev "Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm, bu dəstəyə arxalanmışam. Mənim fəaliyyətimdə Azərbaycan xalqının dəstəyi əsas rol oynayır. Həmişə çalışmışam ki, xalqa sədaqətlə, ləyaqətlə xidmət edim" söyləməklə yeganə düzgün yol olan Ulu Öndərin yolu ilə gedən ölkəmizin müstəqillik tarixinin bundan sonra da yeni, parlaq səhifələrinin yazılacağına əminliyini ifadə etmişdir.

Cümhuriyyətin yaranmasının 100 illiyinin geniş qeyd olunduğu bu günlərdə möhtərəm Prezidentimiz tərəfindən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalının təsis olunması müstəqillik tariximizə əvəzsiz töhfədir, Cümhuriyyət liderlərinin varislərinə, Azərbaycan Xalq Cümhuriyyəti irsinin tədqiqində və təbliğində, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətlərə görə verilən yüksək dəyərdir.

Ölkəmizdə, həmçinin cümhuriyyət dövrünün bir çox mühüm dövlət təsisatlarının, o cümlədən Azərbaycan ordusunun, Azərbaycan polisinin, Azərbaycan prokurorluğunun 100 illik yubileyləri qeyd olunur. Sevindirici haldır ki, Cümhuriyyətimizlə həmyaşıd olan Azərbaycan ədliyyəsinin də bu il noyabr ayının 22-də 100 illiyi tamam olur və bu ərəfədə ölkə Prezidenti tərəfindən "Azərbaycan ədliyyəsinin 100 illiyi (1918-2018)" yubiley medalının təsis olunması ədliyyə fəaliyyətinə göstərilən diqqət və qayğının əyani təzahürüdür.

Əlamətdar yubiley münasibətilə Ədliyyə Nazirliyi tərəfindən xüsusi tədbirlər planı təsdiq olunaraq silsilə tədbirlər keçirilir, nazirliyin tarix muzeyləri Xalq Cümhuriyyəti dövrünə, o cümlədən ədliyyə tarixinə dair yeni arxiv materialları ilə zənginləşdirilir, ədliyyə orqanlarında yığıncaqlar, dəyirmi masalar təşkil olunur.

Bu gün Ədliyyə Akademiyasında Cümhuriyyətin 100 illiyi münasibətilə "Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir" mövzusunda keçirilən elmi-praktiki konfrans xüsusilə qeyd olunmalıdır. Ədliyyə Nazirliyi rəhbərliyinin və məsul işçilərinin, elm-tədris müəssisələri, vətəndaş cəmiyyəti nümayəndələrinin, hüquqşünas alimlərin, tarixçilərin və KİV-lərin iştirakı ilə keçirilən tədbirdə məzmunlu və elmi təhlillərə əsaslanan məruzələrin dinlənilməsi, faydalı müzakirələrin aparılması cümhuriyyət tarixinin, dövlətçilik irsinin öyrənilməsi və aşılanması baxımından olduqca böyük əhəmiyyət kəsb edir.

Eyni zamanda, Ədliyyə Akademiyasının təlim proqramlarına xüsusi mövzular daxil edilərək tədris olunur, müxtəlif nəşrlər, xüsusilə ədliyyənin 100 illik tarixinə dair xüsusi kitab hazırlanır, hüquqi sahədə beynəlxalq əlaqələri əks etdirən xüsusi ekspozisiyalardan ibarət stendlər yaradılıb.

Yubiley tədbirlərinə böyük həvəslə hazırlaşan ədliyyə işçiləri dövlət başçısının ətrafında sıx birləşməklə ölkəmizin müasir inkişafına uyğun olaraq öz vəzifələrini hər zaman layiqincə yerinə yetirmək əzmindədirlər. Əminəm ki, ədliyyə işçiləri bundan sonra da böyük səy və yüksək məsuliyyət hissi ilə çalışacaq və yeni-yeni nailiyyətlərlə Azərbaycan ədliyyəsinin 100 illiyinə böyük töhfə verəcəklər.

Fikrət Məmmədov

Azərbaycan Respublikasının ədliyyə naziri,

Məhkəmə-Hüquq Şurasının sədri

I dərəcəli dövlət ədliyyə müşaviri

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez