IMAGE

Şəkidə Ədliyyə Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərə dair ictimai təqdimat keçirilib

Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan ədliyyəsinin 100 illik yubileyləri münasibətilə ədliyyə orqanlarında keçirilən silsilə tədbirlər çərçivəsində mayın 19-da Şəki şəhərində Ədliyyə Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərə və informasiya sistemlərinə dair ictimai təqdimat keçirilib.

Tədbirdə nazirliyin aidiyyəti struktur qurumlarının məsul əməkdaşları Şəki şəhər ictimaiyyəti, dövlət orqanları, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin nümayəndələri, eləcə də sahibkarlar iştirak ediblər.

Təqdimat zamanı ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illər informasiya-kommunikasiya texnologiyaları sahəsinin sürətli inkişafı barədə məlumat verilib, informasiya cəmiyyəti, açıq hökumətin təşkili, elektron hökumətlə bağlı çıxışlar edilib. Həmçinin, Ədliyyə Nazirliyində elektron xidmətlərin tətbiqi üzrə görülən işlərdən danışılıb, e-xidmətlərin əhalinin müraciət imkanlarının asanlaşdırılmasında, şəffaflığın, çevik idarəetmənin təmin olunmasında, korrupsiyaya qarşı mübarizədə mühüm rolundan bəhs edilib.

Qeyd olunub ki, nazirlik tərəfindən 27 növ elektron xidmətlər göstərilir. Onlardan yararlanmaq üçün Ədliyyə Nazirliyinin rəsmi internet saytına və ya "Elektron hökumət" portalına müraciət oluna bilər.

Sonra həmin elektron xidmətlərin əyani təqdimatla mahiyyəti və funksiyası barədə ətraflı məlumat verilib, ondan istifadə qaydası izah olunub.

Bildirilib ki, e-xidmətlər vasitəsilə ədliyyə orqanlarının iş rejimi, dislokasiyası, əlaqə vasitələri, qeyri-hökumət təşkilatları və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, notariat hərəkətlərinin aparılması qaydası, zəruri sənədlər və ödəmələr, məhkəmə qərarlarının icrası, eləcə də vətəndaşların fərdi identifikasiya nömrələri, vərəsəlik işlərinin açılıb-açılmaması, həmçinin mülki dövriyyə nəticəsində baş verən hüquqi hadisələrdən yaranan yeni hüquq və vəzifələr barədə məlumat əldə etmək mümkündür.

Eyni zamanda, uşaqlara ad seçilməsinə kömək məqsədilə Azərbaycan adları, onların mənşəyi və izahı, əhali arasında yayılma səviyyəsi, habelə sənədlərin qüvvədən düşməsi barədə informasiya almaq üçün geniş axtarış sisteminin imkanları tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Çıxışlar zamanı, həmçinin mətbu nəşrlərin uçotu və qeyri-kommersiya hüquqi şəxslərin ləğvi barədə müraciət və sənədlərin qəbulunun elektron qaydada aparılması, ədliyyə orqanlarına qulluğa qəbulla bağlı elektron müraciətin edilməsi, borcun, icra ödənişi, icra hərəkətləri ilə bağlı xərclərin, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı və notariat hərəkətlərinin rəsmiləşdirilməsi üçün tələb olunan ödənişlərin internet vasitəsilə həyata keçirilməsi, habelə vətəndaşların rahatlığı üçün məsul ədliyyə işçilərinin qəbuluna elektron qaydada birbaşa yazılmağın mümkünlüyü bildirilib.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 iyun tarixli Fərmanına uyğun olaraq nazirliyin saytında "Elektron xidmət" bölməsi təkmilləşdirilib. Bununla yanaşı, ədliyyə orqanları tərəfindən hüquqi və fiziki şəxslərə göstərilən bütün xidmətlər barədə ətraflı məlumat əks olunan "Dövlət xidmətləri" bölməsi yaradılıb.

Məlumat verilib ki, nazirliyin elektron xidmətlərinə edilən müraciətlərin sayı ilbəil artaraq ötən il 4,6 milyonu ötüb.

Tədbirdə iştirakçılar, həmçinin Ədliyyə Akademiyasının Hüquq klinikasının fəaliyyəti, əhaliyə pulsuz hüquqi yardım göstərilməsi və s. məsələlərlə bağlı məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.


Tədbir barədə video

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez