25-05-2018 | 04:02 1314
Mayın 25-də Ramiz Rzayevin sədrliyi ilə Ali Məhkəmənin növbəti Plenumu keçirilib.
Plenumda "Respublikanın birinci instansiya məhkəmələri tərəfindən 2017-ci ilin II yarımilliyində təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi və həbsdə saxlama müddətlərinin uzadılması barədə təqdimatlara baxılarkən qanunvericiliyin tətbiqi təcrübəsinə dair" ümumiləşdirmənin nəticələri müzakirə edilib.
Ali Məhkəmənin sədri Plenum iclasını açaraq bildirib ki, insan hüquqlarının, o cümlədən cinayət məsuliyyətinə cəlb olunan və məhkum olunmuş şəxslərin hüquqlarının daha etibarlı təmin olunması dövlətimizin başçısının daim diqqət mərkəzindədir. Ölkə Prezidenti cənab İlham Əliyevin "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" 10 fevral 2017-ci il tarixli Sərəncamında ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq olunması qeyd edilib. Eyni zamanda ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi zamanı cinayət - prosessual qanunvericiliyinin tələblərinə ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün azadlıqdan məhrumetməyə alternativ cəzaların və qətimkan tədbirlərinin tətbiqinin genişləndirilməsi tövsiyə olunub.
Ali Məhkəmənin Plenumunun "Ədalət Mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında" 2006-cı il 30 mart tarixli, "Təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatlara baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsi haqqında" 2009-cu il 3 noyabr tarixli qərarlarında və “2015-ci ildə respublikanın birinci instansiya məhkəmələrində "Təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi və həbsdə saxlama müddətlərinin uzadılmasına dair təqdimatlara və həbs qətimkan tədbirinin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsinə dair vəsatətlərə baxılarkən qanunvericiliyin tətbiqi təcrübəsinin ümumiləşdirilməsinə dair 2017-ci il 7 aprel tarixli Plenumunda məhkəmələrə tövsiyə olunub ki, şəxsin məhkəməyə gəlməyə təminatların mövcud olduğu təqdirdə, onun azadlıqda qalmasına üstünlük verilməli, həbs qətimkan tədbirinə müstəsna tədbir kimi baxılmalı, məhkəmələr həbs qətimkan tədbiri seçərkən yalnız qanunda nəzərdə tutulan əsasları formal sadalamaqla kifayətlənməməli, hər bir əsasın konkret təqsirləndirilən şəxsə münasibətdə mövcudluğunun nədən ibarət olmasını və cinayət işinin materialları ilə onların təsdiq edilib-edilməməsini yoxlamalıdırlar.
Plenumda apellyasiya və birinci instansiya məhkəmələrinin sədrlərinin və hakimlərinin, istintaq qurumlarının rəhbərlərinin iştirakı ilə Ali Məhkəmə tərəfindən aparılmış ümumiləşdirmənin nəticələri geniş müzakirə olunub, təhlillər aparılıb. Müəyyən edilib ki, məhkəmələr tərəfindən həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlama müddətlərinin uzadılması barədə təqdimatlara və həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi haqqında vəsatətlərə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq baxılır. Qeyd olunub ki, ötən müddətdə lüzumsuz həbslərin və həbsdə saxlama müddətlərinin uzadılması barədə təqdimatların sayı azalıb, əsaslandırılmış məhkəmə qərarlarının keyfiyyəti yaxşılaşıb. Eyni zamanda, məhkəmə təcrübəsində müəyyən nöqsanlara yol verilməsi halları da aşkar olunub.
Plenumda ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədov müzakirə olunan məsələ ilə bağlı çıxış edib.
Bildirilib ki, həbs qətimkan tədbirinin seçilməsi və həbs müddətinin uzadılması ilə bağlı Ali Məhkəmənin apardığı əhatəli təhlillər və müzakirələr bu sahədə işin dövlət başçısının tələbləri səviyyəsində qurulmasında xüsusi önəm kəsb edir.
Ölkə Prezidenti cənab İlham Əliyevin 2017-ci il 10 fevral tarixli Sərəncamının müstəsna əhəmiyyətinə toxunan nazir verilmiş tapşırıq və tövsiyələrin icrası nəticəsində ötən ilin sonunda cinayət qanunvericiliyinə presedenti olmayan, əsaslı dəyişikliklərin edildiyini, həbs qətimkan tədbirinin seçilməsi və onun müddətinin uzadılmasına dair təsirli nəzarət mexanizmlərinin yaradıldığını vurğulayıb, qanunvericiliyə dəyişiklikləri gözləmədən məhkəmə-istintaq və prokurorluq orqanları tərəfindən Sərəncamın dərhal icrasına başlanılması nəticəsində bu sahədə pozitiv dəyişikliklərin əldə olunduğunu bildirib.
Qeyd olunub ki, ötən 1 il ərzində istintaq təcridxanalarına daxil olan həbs edilmiş şəxslərin sayı 24% azalıb, həbsdən azad edilənlərin sayı isə 14% artıb. Həbs qətimkan tədbirinin seçilməsinə və həbsdə saxlama müddətinin uzadılmasına dair təqdimatların sayında da xeyli azalma müşahidə olunur.
Bununla belə bu sahədə hələ də nöqsanların olmasına diqqət çəkən nazir bütün qətimkan tədbirlərinin yarısından çoxunun həbslərin təşkil etməsinin və məhkəmələr tərəfindən həbslə bağlı təqdimatların əksəriyyətinin təmin olunmasının və bir çox həbslərin hələ də böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərlə bağlı olmasının narahatlıq doğurduğunu vurğulayıb.
Həbsin bəzən ciddi zərurət olmadan seçildiyini söyləyən nazir həmçinin, tam sadə, bir epizoddan ibarət, sübutları bəlli olan cinayət işləri üzrə həbsin uzun müddətə seçilməsi və əsassız uzadılması, istintaqın faktiki hərəkətsiz saxlanılmasına şərait yaradılması və nəticədə təqsirləndirilən şəxsin əbəs yerə uzun müddət cəmiyyətdən təcrid olunması hallarına rast gəlindiyini söyləyib.
Bildirilib ki, uzadılma ilə bağlı təqdimatların üçdə biri böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərlə bağlıdır. Bu sahədə təsirli nəzarət mexanizminin yaradılması məqsədilə Baş Prokurorluqla birgə müvafiq Qanun layihəsi işlənib, ötən ilin sonunda o, qüvvəyə minib və yuxarı prokurorun, xüsusilə Baş Prokurorluğun bu məsələyə ciddi nəzarət imkanının olması cari ildə əsaslı dönüşə səbəb olacaqdır.
Eyni zamanda, əsassız həbslərin bəraət hökmlərinin çıxarılmasına təsirindən bəhs olunaraq çəkişmə prinsipinin real təmin olunmasının, bu sahədə əlavə ciddi tədbirlər görülməsinin zəruriliyi vurğulanıb.
Nazir həbs qətimkan tədbiri seçilərkən, onun müddəti uzadılarkən hakimlərin yüksək məsuliyyət daşıdıqlarını, formal yanaşmanın yolverilməzliyini, insanların fundamental azadlıq hüququnun təmin olunmasına daim həssas münasibət bəslənilməsini diqqətə çatdırıb.
Bildirilib ki, dövlət başçısının tapşırığına uyğun olaraq həbsin müstəsna hallarda seçilməsinə diqqət artırılmalı, alternativ qətimkan tədbirlərinə daha çox üstünlük verilməlidir.
Nazir Plenumda aparılan müzakirələrin mövcud nöqsanların aradan qaldırılmasına, həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə təcrübəsində daha əsaslı müsbət dönüşün yaranmasına imkan verəcəyinə əminliyini bildirib.
İclasda Baş prokurorun birinci müavini Rüstəm Usubov da ümumiləşdirmənin nəticələrinin Ali Məhkəmənin Plenumunun iclasında müzakirəyə çıxarılmasının təqdirəlayiq hal olduğunu deyib. Vurğulayıb ki, bu, qanun pozuntularının qarşısının alınmasına, Konstitusiyada və beynəlxalq konvensiyalarda təsbit olunmuş azadlıq hüququnun daha etibarlı təminatına xidmət edir. Həbs qətimkan tədbirləri barədə aidiyyəti qurumlarla müzakirələr aparılıb, bu sahədə əməli tədbirlər həyata keçirilib və müsbət dəyişikliklər əldə edilib.
Həmçinin bir sıra məhkəmələrin sədrləri müzakirə edilən məsələlərlə bağlı çıxışlar ediblər.
Plenumda məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqində yol verilən səhvlərin aradan qaldırılması, qanunun eyni qaydada tətbiqinin təmin edilməsi, vahid məhkəmə təcrübəsinin yaradılması məqsədi ilə məhkəmələrə icmal məktubunun göndərilməsi qərara alınıb.
Ali Məhkəmədə müşavirə keçirilib
Plenumdan sonra ədalət mühakiməsinin səmərəliliyinin artırılması, cəza siyasətinin humanistləşdirilməsi, təqsirsizlik prezumpsiyasının real təmin olunması ilə bağlı dövlət başçısının tövsiyələrindən irəli gələn vəzifələrin icrasına həsr olunmuş müşavirə keçirilib.
Bütün apellyasiya və digər məhkəmə sədrlərinin iştirak etdiyi müşavirədə Ali Məhkəmənin sədri Ramiz Rzayev və ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov çıxış edərək bildiriblər ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sistemində aparılan islahatlar bu sahədə işin müasir tələblər səviyyəsində qurulmasını, məhkəmələrə ictimai etimadın yüksəldilməsini şərtləndirir.
Bu baxımdan dövlət başçısının cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamı məhkəmə, istintaq, prokurorluq və ədliyyə orqanları üçün mühüm yol xəritəsidir. Sərəncamın icrası ilə bağlı bir çox işlər həyata keçirilib, o cümlədən cinayət qanunvericiliyinə 300-ə yaxın mühüm dəyişikliklər edilib, həbs edilmiş şəxslərin sayı azalıb, azadlıqdan məhrumetməyə alternativ cəzaların səmərəli icrası məqsədilə Probasiya xidməti yaradılıb, azadlığın məhdudlaşdırılması yeni cəza növünün, elektron nəzarət vasitələrinin tətbiqinə başlanılıb.
Müşavirədə görülən işlərlə yanaşı, nöqsan və çatışmazlıqlar diqqətə çatdırılaraq insanların azadlıq hüququnun qorunmasına qayğılı münasibətin göstərilməsi, məhkəmə qərarlarının ədalətliliyinin təmin edilməsi, məhkəmə fəaliyyətinə müdaxilənin yolverilməzliyi vurğulanıb.
Həmçinin, cinayət-prosessual qanunvericiliyə, çəkişmə prinsipinə və təqsirsizlik prezumpsiyasına ciddi əməl edilməsi, azadlıqdan məhrumetməyə alternativ cəzaların tətbiqinə daha çox üstünlük verilməsi qeyd olunub, vahid məhkəmə təcrübəsinin formalaşdırılmasında problemlərə, bəraət hökmlərinin sayının cüzi rəqəmlərlə xarakterizə olunması məsələsinə toxunulub.
Tədbirdə məhkəmə sədrləri dinlənilib, mövcud problemlərin həlli yolları təhlil olunub, məhkəmə nəzarətinin gücləndirilməsi, apellyasiya məhkəmələri tərəfindən prinsipiallığın artırılması ilə bağlı və digər tövsiyələr verilib.