İctimai Komitənin tərkibi yenidən formalaşdırıldı

Azərbaycan ədliyyəsinin inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində penitensiar sistemin təkmilləşdirilməsi, məhkumların hüquqlarının qorunması və saxlanma şəraitinin beynəlxalq standartlara uyğun yaxşılaşdırılması, bu sahədə müasir infrastrukturun yaradılması üzrə məqsədyönlü tədbirlər davam etdirilir, penitensiar fəaliyyətə ictimai nəzarət daha da gücləndirilir.

Bu məqsədlə 2006-cı ildən penitensiar sistemdə ictimai nəzarəti təmin etməklə səmərəli fəaliyyət göstərən İctimai Komitənin hazırkı tərkibinin bir illik səlahiyyət müddəti başa çatmışdır.

Bununla əlaqədar, bu günlərdə qurumun fəaliyyətinin qiymətləndirilməsi və tərkibinin yenidən formalaşdırılması məqsədilə millət vəkillərindən, nüfuzlu ictimaiyyət nümayəndələrindən, alimlərdən, din xadimlərindən və aidiyyəti qurumların təmsilçilərindən ibarət olan Seçki Komissiyasının iclası keçirilmişdir.

İclasda İctimai Komitə tərəfindən azadlıqdan məhrumetmə yerlərinə mütəmadi başçəkmələr edildiyi, məhkumlarla çoxsaylı görüşlər keçirildiyi, onların saxlanma şəraitinə, ərzaq, tibb və digər təminatlarına diqqət yetirildiyi bildirilmiş, məhkumların islah edilməsi, məşğulluğunun təmin olunması, onlara hüquqi yardımın göstərilməsi, maarifləndirmə tədbirlərinin keçirilməsi üzrə işlərə xüsusi əhəmiyyət verildiyi qeyd olunmuşdur. İctimai Komitənin vətəndaş cəmiyyəti ilə hüquq mühafizə orqanları arasında səmərəli əməkdaşlıq mexanizmi olduğu və onun fəaliyyətinə həm ölkəmizdə, həm də beynəlxalq aləmdə marağın artdığı xüsusi vurğulanmışdır.

Komissiyanın iclasında İctimai Komitənin gördüyü işlər barədə məruzə dinlənilmiş, təhlillər aparılaraq qurumun üzvlərinin fəaliyyətinin səmərəsi qiymətləndirilmişdir.

İctimai komitənin işində iştirak etmək arzusunda olan qeyri-hökumət hüquq müdafiə təşkilatlarının Seçki Komissiyasına təqdim etdiyi proqram və təkliflərinə baxılaraq Komitənin yeni tərkibi formalaşdırılmışdır.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez