27-05-2018 | 04:02 552
Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə sisteminin müasirləşdirilməsi üzrə məqsədyönlü islahatlar aparılır, o cümlədən notariat institutu təkmilləşdirilir, vətəndaşlara, habelə sahibkarlıq subyektlərinə keyfiyyətli xidmətlərin göstərilməsi məqsədi ilə müasir informasiya və elektron sistemləri, müxtəlif növ elektron xidmətlər tətbiq olunur. Bu sahədə nailiyyətlərimizə beynəlxalq aləmdə maraq artaraq digər ölkələrin nümayəndələri tərəfindən Azərbaycanın müsbət təcrübəsi öyrənilir.
Azərbaycan notariatında tətbiq olunan yenilikləri öyrənmək məqsədi ilə Rusiya Federasiyasının 40-a yaxın notariusu ölkəmizdə səfərdə olub, nümayəndə heyəti üçün Ədliyyə Nazirliyi tərəfindən "Azərbaycan nümunəsində notariatın inkişaf tendensiyaları" mövzusunda beynəlxalq seminar təşkil edilib.
Seminarda ölkəmizdə həyata keçirilən ədliyyə və məhkəmə islahatları, notariat institutunun biznes mühitinə müsbət təsiri, müasir notariatın tərkib hissəsi olan "Elektron notariat" informasiya sisteminin geniş imkanları barədə mühazirələr dinlənilib.
Həmçinin geniş diskussiyalar keçirilərək rusiyalı notariusları maraqlandıran mövzular ətrafında faydalı fikir mübadiləsi aparılıb.
Səfər zamanı Rusiya nümayəndə heyətinin bir qrup rəhbər üzvlərinin ədliyyə naziri Fikrət Məmmədov ilə görüşü olub.
Görüşdə ölkələrimizin hüquqi sahədə səmərəli əməkdaşlığı vurğulanıb, notariat qurumları arasında sıx qarşılıqlı fəaliyyətdən məmnunluq ifadə olunaraq hazırkı səfərin əlaqələrin genişləndirilməsində əhəmiyyəti qeyd edilib.
Qonaqlar səfər zamanı respublikamızın hərtərəfli tərəqqisinin şahidi olduqlarını vurğulayıb, Azərbaycanın notariat sahəsində nailiyyətlərini, o cümlədən elektron notariat sisteminin tətbiqini yüksək qiymətləndirib, bu sahədə ölkəmizin müsbət təcrübəsi, eləcə də məhkəmə-hüquq islahatları ilə tanışlıqdan heyranlıqlarını ifadə ediblər.
Səfər çərçivəsində nümayəndə heyəti notariat qurumlarının fəaliyyəti və müasir İKT-lərin tətbiqi, habelə paytaxtın mədəni-tarixi abidələri ilə yaxından tanış olublar. Ölkəmizin müxtəlif bölgələrinə səfər edən qonaqlar, həmçinin Şəki Məhkəmə Kompleksi, Qəbələ Rayon Məhkəməsinin yeni inşa olunmuş müasir binası və elektron məhkəmə sistemi, eləcə də ədliyyə orqanlarının da geniş xidmətlər göstərdiyi Azərbaycan brendi olan “ASAN xidmət" mərkəzlərinin innovativ fəaliyyəti ilə tanış olub, əldə olunan nailiyyətləri təqdir ediblər.
Səfərdən xoş təəssüratla ayrılan rusiyalı notariusların Azərbaycana səfərləri Rusiya mediasında geniş işıqlandırılıb, o cümlədən bu barədə xüsusi reportaj dərc olunub (http://www.c-z-s.ru/old_news/reportazh-s-poezdki-v-azerbajdzhan-145).